TANAP layihəsinə qoşulanlar olacaq

“İran, Şimali İraq və İsrailin namizədlikləri dəyərləndirilməlidir”


TANAP layihəsinə başqa ölkələrin qoşulması ilə bağlı mütəmadi olaraq mətbuatda xəbərlər yer alır. Türkiyədə səfərdə olan energetika naziri Natiq Əliyev isə bu cür xəbərlərin onu qəti maraqlandırmadığını deyib.

Onun sözlərinə görə, bizim işimiz "Cənub Qaz Dəhlizi”, o cümlədən onun komponentləri olan TANAP kimi layihələrin vaxtında icra olunmasıdır: "Biz 2019-cu ildə Azərbaycan qazını Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırmağı söz vermişik və sözümüzün üstündə duracağıq. Bu, dövlətimizin əsas məqsədlərindən biridir. TANAP-a kimin qoşulub-qoşulmayacağı məni maraqlandırmır. Mən 10 ildir bu cür söz-söhbətləri eşidirəm. Bu barədə artıq danışmaq istəmirəm”.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, çəkilən boru kəmərinin həcminə baxdıqda belə görünür ki, sadəcə, Azərbaycan qazının dünya bazarına çıxarılması üçün nəzərdə tutulmayıb: 

"Kəmərin ötürücülük qabiliyyəti 32 milyard kubmetrdir. Azərbaycan isə Avropaya cəmi 10 milyard kubmetr qaz satacaq və onun 6 milyardı Türkiyə ərazisində qalacaq. Deməli, Türkiyədə əlavə qoşulmalar vasitəsilə 32 milyard kubmetrlik boru kəmərini qazla təmin etmək olar. Hansı ki, indiyə qədər bir neçə ölkə TANAP-a maraqlı olduqlarını bəyan ediblər. Böyük ehtimalla Şimali İraq bu layihəyə qoşula bilər. Başqa bir maraqlı layihə isə İsrail dövləti tərəfindən təklif olunub. Bilirsiniz ki, iki-üç il bundan əvvəl İsraildə böyük qaz yataqları tapılıb. Bu yatadan çıxarılan qazın Avropaya çatdırılması yollarından biri də borunun Aralıq dənizinin dibi ilə Türkiyəyə çatdırılması və oradan TANAP-a qoşulmasıdır. Çox güman ki, gələcəkdə hər iki ölkənin bu layihədə iştirakı mümkün olacaq. Üçüncü alternativ isə İran qazının TANAP vasitəsilə Avropaya çıxarılmasıdır”.

Hazırda İranla Türkiyə arasında qaz boru kəmərin fəaliyyət göstərdiyini vurğulayan ekspertin sözlərinə görə, sözügedən boru kəməri təxminən 20 milyard kubmetr daşıma gücünə malikdir. Əgər gələcəkdə uğurlu danışıqlar aparılsa, İran qazının da TANAP kəmərinə qoşulma ehtimalı var: 

"Əgər bu qaz boru kəməri sadəcə Azərbaycan üçün nəzərdə tutulsaydı, rentabelli olmazdı. Çünki bu kəmərin çəkilib başa gəlməsi xeyli xərc tələb edir. TANAP və TAP boru kəmərlərinin çəkilməsinə və sonradan istifadəyə verilməsinə ümumilikdə 26 milyard dollara yaxın vəsait xərclənəcək. 10 milyard kubmetr Azərbaycan qazının Avropaya çatdırılması üçün bu, rentabelli qiymət deyil. Hesab edirəm ki, İran, Şimali İraq və İsrailin namizədlikləri dəyərləndirilməlidir”.

Şəymən