Tanınmış məhbuslara nə olub?

Kiminin ürəyi dayanır, kimini məhkəməyə oksigen balonunda gətirirlər
Qurban Məmmədov: “8 il üst-üstə “yatmışam” və bilirəm ki, bəzi adamlar barəsində bilərəkdən belə informasiyalar yayılır, rəy formalaşdırılır ki, guya xəstədir”



Məhkəmə istintaqı altında olan və yaxud törətdiyi əmələ görə cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayanların səhhətlərində problemlər yaranması adi haldır. Həqiqətən də, istər məhbus olsun, istərsə də təqsirləndirilən şəxs, hər bir insanın səhhətində müəyyən problemlər yarana bilər. İnsan xəstələnər də, sağalar da. Allah bəndəsinə şəfa bəxş etsin. Amma son vaxtlar tanınmışların səhhətində ciddi problemlər yaranması halları sanki artmaqdadı.

Həm də, qəribə burasıdır ki, vaxtilə yüksək vəzifə tutmuş şəxslər işdən azad edildikdən, barələrində cinayət işi açıldıqdan dərhal sonra xəstələnirlər. Dünənədək vəzifə kürsüsündə əyləşib min-bir fırıldaqla məşğul olanlar məsuliyyətə cəlb edildikdə ya "ciddi” xəstəliklərə mübtəla olur, ya da xəstəlikləri "baş qaldırır”. Məsələn, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyevin müalicəyə ehtiyacı olduğu bildirilir. Vəkili qeyd edir ki, C.Hacıyevin ürəyi qəfil dayanır, sonra təkrar işləməyə başlayır, "Haşimato” və digər ciddi xəstəlikləri də var, mütləq müalicə olunmalıdır. Sabiq MTN-in energetika və nəqliyyat sahələrinə nəzarət Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov məhkəmə zalına oksigen balonu ilə gətirilmişdi. Sabiq idarə rəisi nəfəs darlığından əziyyət çəkir, azadlıqda dietik qidalar qəbul edirmiş, təcridxana yeməklərini yeyə bilmir, arıqlayıb, gücdən düşüb, xəstəlikləri baş qaldırıb. Daha kimləri deyək?! DİN-in sabiq baş əməliyyat müvəkkili, tanınmış "arestant” Hacı Məmmədovun səhhətində ciddi problemlər yaranması haqda daim mediada xəbərlər yayılır. Bir ara H.Məmmədov Penitensiar Xidmətin Binədəki ixtisaslaşmış müalicə müəssisəsinə köçürülmüşdü. Keçmiş milli futbolçumuz Maşallah Əhmədov da məhkəmə istintaqı altında olduğu bu günlərdə səhhətində yaranmış problemdən dolayı xəstəxanaya yerləşdirilib.

Penitensiar Xidmətin müalicə müəssisəsində adi məhbuslar da müalicə alır. Zaman-zaman bu barədə məlumatlar verilir. Hansısa məhbusun səhhətində problem yaranırsa, dövlət onu müalicə müəssisəsinə yerləşdirir. Və bəzən məhbuslar məhz səhhətlərində yaranmış fəsadlara görə cəzalarının çəkilməmiş hissəsindən azad edilirlər. Olmaya, tanınmışlar, pullu, imkanlı bəzi məhbusların səhhətində elə bu məqsədlə "problem yaranır” ki, azad olsunlar?

Məsələ ilə bağlı "Şərq”ə danışan hüquqşünas Qurban Məmmədov bəzən məhbusların, təqsirləndirilən şəxslərin səhhətlərinin bilərəkdən "pisləşdiyini” bildirdi:

- Məhbus həyatına həm içəridən, həm də dışarıdan bələd adam kimi, çünki məhbus da olmuşam, məhbusların vəkili də, deyə bilərəm, səhhətin bilərəkdən pisləşməsi halları da olur. 8 il üst-üstə "yatmışam” və bilirəm ki, belə hallar istisna deyil. Bəzi adamlar barəsində bilərəkdən belə informasiyalar yayılır, rəy formalaşdırılır ki, guya xəstədir, səhhətində ciddi problemlər var, təcili müalicə almalıdır və s. Bu adamlar bəzən məhz bu səbəblərlə azad edilir, barələrində yüngül hökm çıxarılır, ya da cəzalarının çəkilməmiş hissəsindən azad edilirlər. Allah hamının qapısını açsın, məhbus həyatı həqiqətən çox ağırdır, sözlə ifadə ediləsi deyil. Amma cəzaçəkmə müəssisələrində elə məhkumlar var, həqiqətən ağır, sağalmaz xəstəliyə tutulublar, onları azad etmirlər. Bəlkə də bu saat 100-ə yaxın məhbus var ki, xəstədir, ölüm ayağındadır, onlar azad edilməlidir. Elə məhbuslar var, böyrək çatışmazlığından əziyyət çəkirlər, xüsusi avtobusla onları dializ aparatına gətirirlər. 

Bu əziyyət nəyə lazımdı? O insanları azad etmək lazımdır, qoy, ailəsinin içində olsun, ömrünün son zamanlarını ailə ilə birgə keçirsin. Məhkumun hüququdur ki, xəstələnibsə, müalicə müəssisəsinə köçürülsün və müalicə alsın. Məhkumların bu hüququ qorunur. Amma bəzən belə hallar da olur ki, heç bir xəstəliyi olmayanı azad edirlər, illərin xəstəsi isə həbsxanada qalmaqda davam edir. Ağır, sağalmaz xəstəliyi olan məhkum cəzasından asılı olmayaraq azad edilməlidir. Xatırlayıram ki, Qubadlı batalyonunun komandiri Aydın Şükürovun qardaşı Murad Şükürov ağır xəstə idi, onu azad etmədilər və biz onun meyitini həbsxanadan çıxardıq. Bəzən türmə rəisləri sərbəst addım atmaqdan çəkinir, kimdənsə göstəriş gözləyirlər. Halbuki, türmə rəisi nə qədər məhbusun xəstə olduğunu hamıdan yaxşı bilir. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi bu məhbuslarla bağlı özü təqdimatla çıxış etməlidir. Tanınmış məhbuslara gəlincə, onlar vaxtilə çox adamın nəfəsini kəsiblər, bir az da özləri əziyyət çəksin.

Məlahət Rzayeva