Tanınmışlar qanunu alqışladılar

Bundan sonra sosial media vasitəsilə təhqirə maraq göstərənlərə qarşı qanun çərçivəsində ölçü götürüləcək
Son illər sosial şəbəkələrdə təhqir, böhtan və bu kimi xoşagəlməz olayların tez-tez şahidi oluruq.
Sosial media hər birimizin həyatına daxil olduğu üçün onların mənfi tərəflərinə də məruz qalmaq
ehtimalı bəzən reallıqdır. Xüsusilə cəmiyyətdə, üzdə olan, tanınmışların belə böhtan və təhqirlərə
məruz qalmasının son vaxtlar daha çox şahidi oluruq. Feysbuk, instaqram və digər sosial
medialar vasitəsilə bəzən insanları təhqir etmək asan olur. Kimliyindən və necə bir insan
olmasından, cəmiyyətdə hansı mövqe tutmasından asılı olmayaraq heç kimi təhqir etmək olmaz.
Buna görə məsuliyyətə cəlb olunmaq olar.
Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə
edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklif edilir. Baş
prokuror Zakir Qaralov bununla bağlı Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya
ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya
təhqir etmə) maddəsinin əlavə edilməsi ilə bağlı Milli Məclisə təkliflər layihəsi təqdim edib.
Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya
hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000
manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2
ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Yeni maddənin "Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə "saxta istifadəçi adlar, profil və
ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə
istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair
yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid
məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya
hesablar başa düşülür.
Müvafiq olaraq Cinayət Prosessual Məcəlləsinə də uyğunlaşdırma düzəlişlər təklif edilir.
Baş prokuror əsaslandırmasında qeyd edir ki, təklif olunan əlavə və dəyişikliklər layihəsi internet
informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi
nümayiş etdirməklə böhtan atma və ya təhqir etmənin qarşısının alınması və bu cür hüquq
pozuntuları ilə daha səmərəli mübarizə aparılmasının təmin edilməsi məqsədini daşıyır.
"Belə ki, təcrübədə, xüsusən də internet texnologiyalarının inkişaf etdiyi bir dövrdə bir sıra
şəxslər tərəfindən saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi
hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə
olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə
şərait yaradır. Odur ki, təklifin qəbulu hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə
alınması, onlara qarşı mübarizənin gücləndirilməsi, qanun pozuntularının, onları doğuran səbəbvə şəraitin aradan qaldırılması, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan
qaldırılmasını təmin etməkdir”, - deyə Z.Qaralov qeyd edib.
Milli Məclisə təqdim olunan yeni təkliflə bağlı tanınmışların münasibətini öyrənməyə çalışdıq.
Xalq artisti Faiq Ağayev məsələyə belə münasibət bildirdi: 
"Belə bir qanunun Milli Məclisdə qəbul olunmasını alqışlamaq lazımdı. Sosial şəbəkələrdən hər birimiz istifadə edirik. Həqiqətən qanunlarda müəyyən boşluqlar var idi, əgər yeni təkliflər qəbul olsa, yəqin ki, bu boşluqlar aradan qalxacaq. Əslində söhbət təkcə tanınmışlardan getmir. Heç kimi təhqir etməyə qanun yol vermir. Sadəcə bəzən sosial mediadan bunu edənlər məsuliyyəti dərk etmirlər. Təbii ki, alqışlanası haldır ki, bundan sonra konkret olaraq sosial media vasitəsilə təhqirə maraq
göstərənlərə qarşı qanun çərçivəsində ölçü götürüləcək. Əslində necə ki, internet saytlarında,
mediada təhqirə görə məhkəməyə müraciət etmək və həmin media orqanını məsuliyyətə cəlb
etmək mümkündüsə, sosial mediada, feysbuk və instaqram vasitəsilə də təhqirə yol verənlərə
qarşı qanunla ölçü götürülməlidir. Bu qanundan sonra hər bir sosial media istifadəçisi məsuliyyət
hiss edəcək, çünki burda böyük məbləğdə cərimədən və digər qanunla nəzərdə tutulan cəza
növünün tətbiqi nəzərdə tutulur. Xüsusilə də tanınmışlar, ictimai insanlar, sənətçilər belə
təhqirlərə tez-tez məruz qalırdılar. İnşallah ki, bu problem həllini tapmış olacaq. Sosial
şəbəkədən təhqirə görə məsuliyyət hiss etməyən insanlar da biləcəklər ki, təhqirə görə qanun
qarşısında cavab verəcəklər. Qərəzli rəylərə, təhqirlərə, böhtanlara görə sosial media istifadəçisi
məsuliyyətə cəlb oluna bilər. Yenə deyirəm, həqiqətən alqışalayiq bir təklifdi, inşallah ki,
qanunla bu kimi xoşagəlməz olayların qarşısı alına bilər”.
Müğənni Nura Suri də belə bir təklifin Milli Məclisdə qəbul olunmasının vacibliyini vurğuladı:
"Əslində qanunlarımızda bununla bağlı bəndlər var. Sadəcə bəzən müəyyən boşluqlar hiss
olunur, yəqin yeni təkliflərdə bunlar nəzərə alınacaq. Əslində hər bir insanın hüquqları
qorunmalıdır, heç kimi təhqir etməyə kimsənin ixtiyarı yoxdu. Xüsusilə də tanınmışlar, sənət
adamları, incəsənət sahəsində olanlar, elə məmurlar da sosial medianın təhqirlərinə məruz
qalırlar. Bu qanun həmin xoşagəlməz olayların qarşısını almağa imkan yaradacaq. Kimsə
düşünməsin ki, bu gün qanunda sosial media ilə təhqirə görə məsuliyyətə cəlb olunmaq mümkün
deyil. Mən hüquq-mühafizə orqanının əməkdaşları ilə bu barədə söhbət aparmışam. İnstaqram,
feysbuk və digər sosial media vasitəsilə təhqir edən insanı tapmaq mümkündür. Sadəcə buna bir
az zaman lazım gəlir, polisə müraciət edirsən, istifadəçini tapmaq mümkün olur. Hətta saxta
profil açanları belə polis müəyyən edə bilər. Sadəcə bu proses zaman aparır. Amma bunu
asanlaşdırmaq mümkündür. Polisə gedirsən, şikayət edirsən. Bu, uzun zaman aparır. Birdəki
bunun üçün xüsusi bir nəzarət qurumu fəaliyyət göstərsə, yaxşı olar. Çünki polisin vaxtı belə
xuliqanlara getməsin, cinayətkarı axtarsın. Misal üçün, feysbukla danışıqlar aparmaq olar ki,
sosial mediada təhqirlərə imkan verilməsin. Bütün hallarda Milli Məclisdə qanunda olan
boşluqların doldurulmasını alqışlamaq lazımdı. Sənət adamları, tanınmışlar isə belə təhqir və
böhtanlara daha çox məruz qalır”.
Tahirə