Tapmaca: Bakıda hansı binadır ki, 5 ildir pəncərələri silinmir?

Burada çalışan şirkət səhv edib, pəncərələr çölə açılır
Gürcüstanda az qala lətifəyə çevrilmiş bir söhbət var. Deyirlər, o hansı rayondur ki, cəmi-cümlətanı bircə işıqforu var. Bunu üzü Tiflisdən Rustaviyə, oradan da Qardabani rayonuna keçənlər yaxşı bilir. Qardabani vaxtilə Gürcüstanın ən qaynar, zavodlarının, fabriklərinin, müxtəlif sexlərin işlədiyi bir rayon kimi diqqəti cəlb edirdi. Qarışıq bir milli tərkibi olan bu rayonun indi o günlərindən əsər-əlamət qalmayıb. Saakaşvili islahatlarının buradan da yan keçmədiyi zamanlarda, nədənsə, yalnız mərkəzdə, dörd yolun kəsişdiyi yolda işıqfor qoyulub.
Elə indiki hakimiyyətin dövründə də işıqforlar qoymaq heç kimin yadına düşmür. Elə bu yolun üstündəki beşmərtəbəli binaların üzləri də sovet dövründən boyanan solmuş rəngləri ilə yaşamağındadır. Burası Gürcüstandır, onun Qardabani rayonudur. Bu vəziyyəti insanlar kasıb dövlətin boş qalan büdcəsinə bağlayırlar. Amma di gəl ki, küçələri, blokları, ətraflar həmişəkindən də təmiz və səliqəlidir. Millət birtəhər yaşayır, bir tikə çörəyini qazanmaq üçün gecəyə qədər yollar döyür. Əslində bu yazıya belə giriş verməyin bir mənası olmamış deyil. 
İndi tamam bir zəngin ölkənin, hər gün abadlaşan, yolları çəkilən bir rayonundan qeyri-adi xəbər var. 2011-ci ildə Bakının yenidən qurulması və abadlaşdırılması layihəsinə əsasən Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı binanın üzlüyü məlum polietilen üzlüklərlə üzləndi. Bu zaman binanın bütün eyvanları bağlanaraq plastik pəncərələrlə örtüldü. Binanın damı isə allüminium örtüklə bağlanıldı. Binanın üzləri işıqlarla bəzədildi. Doğrusunu demək lazımdır ki, binanın görünüşü tamamilə dəyişdi. Bina 11 bloklu olduğundan və ətrafında digər hündürmərtəbəli binaların olmaması səbəbindən uzaqdan öz möhtəşəmliyi ilə diqqət cəlb edir. Bütün bu sadaladıqlarımız binanın xarici görünüşünə verilən haqlı tərif idi. Amma əsas məsələ binanın daxilində yaşayan yüzlərlə insanın hər gün qarşılaşdığı həlli vacib olan problemləridi ki, bunu onlardan başqa kimsə bilmir, bilənlərini  isə onun həlli heç maraqlandırmır.
Baxın nə baş verir? Bu binanın üzlüyü çəkilən zaman burada işləyən ən sıradan bir fəhlə belə bu üzlüyün oda davamsız olduğunu bildirirdi. Əhali də binanın keyfiyyətsiz materialla üzləndiyinə irad tuturdu. Bu azmış kimi binanın başına daha bir "oyun” açdılar. Dünyada analoqu olmayan, çölə açılan pəncərələr qoydular.  Keyfiyyətsiz yolla necə gəldi qoyulan bu pəncərələri nə silib təmizləmək olurdu, nə də açmaq.
Vəziyyəti belə görən bina sakinləri yığışıb təmir işləri görən şirkətə haqlı iradlarını bildirəndə, bunun bir göstəriş olduğu və pəncərələrin hər ay xüsusi təşkilat tərəfindən yuyulub təmizlənəcəyi, paltar qurutmağa yer olmadığı üçün sakinlərə həm paltaryuyan, həm də qurudan maşınların hədiyyə olunacağı deyimişdi.
Sakinlərin quraşdırdıqları antenalar və kondisionerlər də görüntünü pozduğu üçün yığışdırılmışdı.
 Əvəzinə, ümumiləşdirilmiş antenlər qoyulmuşdu, hansılar ki, az müddət sonra sıradan çıxdı və sakinlər istədikləri kanallara baxa bilmədilər. Binanın dam örtüyü isə 9 mərtəbənin sakinləri üçün həll olunmaz problemə çevrilmişdi.
Sovet hakimiyyətinin 70-ci illərində tikilmiş bu binanın qır örtüyü yuxarı mərtəbədə yaşayanlar tərəfindən hər ilin yay mövsümündə qırlanıb, qışın qarına, yağışına davamlı vəziyyətə gətirilirdi.
İndi isə dağılmış qır örtüyü möhkəmləndirilmədən allüminium örtüklə bağlanmışdı və qış uzunu düşən yağıntılar, üzərində gəzilib, deşilmiş, keyfiyyətsiz allüminium örtükdən damın qır qatına, oradan da sakinlərin evinə sızır.
Dairəvi şossenin Buzovna qəsəbəsinə düşən hissəsində yerləşən bu bina hər gün gələn qonaqların və istirahət üçün burdan keçənlərin zövqünü oxşasa da, onun sakinlərinin hər gün ürəyini ağrıdırdı.
Nəticə bu idi ki, təmir işlərini aparan şirkətlər işlərini qurtarıb getdilər və sakinlər problemlərlə üzləşəndə, mənzil kommunal idarəsi bu məsələlərin onlara aid olmadığını deyir, artıq mövcud olmayan tikinti şirkətlərinin telefon nömrəsini verirdilər.
Bakı kimi küləkli bir şəhərdə, ətrafında heç bir tikili olmayıb bir üzü dənizə, digər üzü şosseyə baxan bu binanın çöl tərəfə açılan pəncərələri demək olar ki, hər gün küləkdən əsir.
İnsanlar böyük işıqlı eyvanlarının bağlanaraq, əvəzində bu qaranlıq və dar pəncərələrini açmasa, havasızlıqdan boğulur. Açanda da çöl tərəfdə gəzən hər hansı bir insanın həyatını təhlükə altında qoymuş olur. Yuxarıdan düşən hər bir şey, hələ ağır pəncərə laylarını demirik, aşağıda gəzən insanlar üçün bir faciəyə səbəb ola bilər. Allaha çox şükür olsun ki, bu günə qədər uçan pəncərələr ya boş asfalta, ya da yaşıllığa düşüb.
Sakinlər deyir ki, bu günlərdə paytaxtımızda baş verən məlum faciəli hadisə hamı üçün həyəcan təbilini çaldı, onları daha ehtiyatlı olmağa, övladlarının təhlükəsizliyini qorumaq üçün səfərbər olmağa cağırdı. Yəni buraxılmış səhvləri düzəltmək üçün ancaq insan həyatları qurban verilməlidir?
İndi məlum olanı odur ki, ötən 5 il ərzində binanın pəncərələri bir dəfə də olsun yuyulmayıb. Kirli pəncərələrin eybini örtmək üçün sakinlər pərdələri qapalı saxlayırlar. Söz verilən paltar qurutma maşınlar isə sakinlərin dilində bir lətifəyə çevrildi. Pəncərələr çölə açıldığından onları silmək mümkün deyil. İndi binanı çöldən hasara alıblar, üzlüyü sökürlər. Amma pəncərələrə dəymirlər. Hələ gec deyil. Rasim İmanov küçəsində yerləşən 4 saylı binada iş görən məsul şirkətlər sakinlərin bu iradını nəzərə alsalar, hansısa faciəni önləmiş olacaqlar. Çünki bəzi sakinlər pəncərələrin çölə açılmasına baxmayaraq həyatlarını riskə atıb müxtəlif üsullarla onu təmizləməyə məhkumdurlar.
TURAN