“Tarda da yaxşı ifa edirdim, amma məni sakitləşdirmir”

Aşıq Ədalət: “Mənə fil sümüyündən saz hədiyyə etmişdilər, bir nəfərdən keçə bilmədim, ona bağışladım”
Azman saz ustası aşıq Ədalətin doğum günüdür. 21-ci əsrin ən məşhur aşıq sənətinin ustadları sırasında aşıq Ədalət Nəsibovun xüsusi izi var. Aşıq Ədalətin ifası təkrarsız həyat kimidir. Heç bir ifası digərini təkrar etməyib. Sənətkarın barmaqlarından süzülən aşıq havalarımız tariximizin yaddaşında əbədi həkk olunub.
O, saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxaraq məclislərə dəvət alıb.
Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olub.
Türk yazıçısı Əziz Nesin onun haqqında belə söyləyir: "Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”.
O, "Qaytarma”, "Baş sarıtel”, "Ruhani”, "Yanıq Kərəm” və başqa saz havalarının bənzərsiz ifaçısıdır. Ustadı aşıq Əli olub.
Aşıq Ədalət Nəsibovla ad günündə maraqlı söhbətimiz oldu. "Şərq”ə danışan aşıq Ədalətin bu söhbətini oxucularımıza da təqdim edirik.
- Ad gününüz mübarək, dədə Ədalət! Necəsiz?
- Çox sağ ol, ay balam. Diqqətiniz üçün sizin kollektivə təşəkkürümü bildirirəm.
- Deyəsən təbrik edənləriniz çox olub?
- İnanın telefonum susmayıb. Sağ olsun xalqım, mənə dəyər verir. Dostlar axtarıb, təbrik edir. Mən heç kimdən narazı deyiləm.
- İllərə dönüb baxanda nə düşünürsüz?
- İnsan yaşlandıqca həyatı daha dərin dərk edə bilir. Cavan ikən səhvlərimiz olur. Onları bu gün başa düşə bilirəm. Amma böyük mənada həyatımdan narazı ola bilmərəm. Məni sevən xalqım olub, hörmətim olub. İnsan üçün bundan dəyərli nə ola bilər ki?
- Saza olan sevginiz necə yarandı, ailənizdə başqa aşıq var idi?
- Atam fəhlə idi, ayaqqabı tikirdi. Amma şeirə, poeziyaya bələd olan, çox bilən idi, onunku bir növ vergi idi. Ona görə də evimizə çox adam gəlirdi. Uşaq vaxtı çox yaxşı oxuyurdum, zəngin
səsim vardı. Xan əmi, Qurban Pirimovla çox oxumuşam. Sonra mənə dərman verdilər, bilmirəm zəhər idi, yoxsa nə idi. Həmin dərman səsimi batırdı.
- Aşıqların geyimi həmişə müzakirə olunub... Aşıq necə geyinməlidi?
- Aşığın geyiminin necə olduğunu heç kim dəqiq deyə bilməz. Hələ Həmid Araslının dövründə də aşığa forma tapa bilmədilər. Sonra da "qələfeyi” geyimi icad elədilər. Onu da lağa qoydular ki, Stalin formasıdır. Bizdə onsuz da hər şeyə irad tuturlar, heç kim başqasının etdiyini bəyənmir. O geyim pis deyil. Amma bizim ata-baba aşıqlarının geyimləri düyməli, yaxalı köynək formasında tikilirdi, sinə hissəsinə də balaca cib, qollarının ağzı isə işləməli olurdu. Köynəyi üstdən salıb, üstdən kəmər taxırdılar. Kimin var idi gümüş kəmər, olmayanlar əsgər kəməri taxırdılar.
- Sizə "Dədə Ədalət” deyə müraciət edirlər. Amma hələ də "Xalq artisti” adı almamısınız...
- Mənə o vaxt "Xalq artisti” adı vermək istədilər qəbul etmədim, çünki mən artist deyiləm. Bu barədə mətbuatda bir neçə dəfə açıqlama vermişəm. Azərbaycanda ilk dəfə "Xalq şairi” adına Səməd Vurğun layiq görülüb. Mən də "Xalq aşığı” adına layiq görülmək istəyirəm. Sovet dövründə bir məsələ gündəmə gəlmişdi. O vaxt bəzi adamlar "Xalq aşığı” fəxri adının təsis olunmasına razılıq vermişdi, sonra da dedilər gərək Ali Sovet qərar versin. Ona görə də mənə "Xalq aşığı” fəxri adı vermədilər. Dedilər "Xalq Aşığı” fəxri adı yoxdur. Allah rəhmət eləsin Bəxtiyar Vahabzadəyə, işə qarışdı və mənə "Əməkdar İncəsənət xadimi” adı verildi.
Mənə "Dədə Ədalət” deyirlər, elə bilirsiz XXI əsrdə bu adı almaq asandır? Fikrət Əmirov mənə xeyir-dua verib. Mən sazda neçə dildə hava bilirəm. Muğamlar, klassiklər, rənglər ...
Mən xeyli kinoya çəkilmişəm. Komsomollara sazı zindanda çalırdım. Mən həm tarda da yaxşı ifa edirdim, amma tar məni sakitləşdirmir.
- Bu günümüzün aşıqları sizi qane edirmi?
- İndi mən deyən aşıq yoxdur. Mən 20-dən artıq dastan bilirəm. O vaxtı xanımlardan Rəhilə xanım, Növrəs İmanın dünyada əvəzi olmayıb, indi çıxıb hərə bir şey oxuyur. 20 nağıl, dastan, 3 təcnis bilməyənə niyə aşıq deyirlər?!
- Ən bahalı sazı, deyirlər sizə hədiyyə ediblər? Doğrudurmu?
- Qazaxın Dağ Kəsəmən kəndindən David Teymuroğlu mənə saz hədiyyə etmişdi. Fil sümüyündən idi. Amma bir nəfər məndən əl çəkmədi və keçə bilmədim sazı ona bağışladım.
- Deyirlər çox oxuyan yox, çox gəzən çox bilər. Siz də az yerdə olmamısız? Nə öyrənmisiz...
- Böyük sənətkarlarla bir yerdə 70-dən çox ölkədə olmuşam. Zeynəb Xanlarova ilə bir neçə dəfə səfərdə olmuşuq. Bu səfərlər mənə həyatı tanıdıb, öyrədib. İndi düzdü, yaşlanmışam deyə bəzən fikirlərimi də deyəndə unutqan oluram. Amma həyat özünü mənə tanıda bilib. Mən də həyatı tanımağı bacarmışam.
- Ad günündə aşıq Ədalətin arzusu varmı?
- Mən ölkə başçımıza təşəkkür edirəm. Çünki Prezidentimiz mənə hər zaman qayğı göstərib. Sənətimə dəyər verən hər kəsə təşəkkür etmək istəyirəm. Ad günüm ərəfəsində mənə dövlət səviyyəsində zəng etdilər, tədbir keçirmək üçün maraqlandılar. Səhhətimlə bağlı problemlərim var hələ. Ona görə də razılıq vermədim. Bildirdim ki, inşallah sağalım, gələn il tədbir də təşkil edərlər.
Tahirə