Qazın bahalaşması əhalinin 62 faizinə, işığın bahalaşması isə abonentlərin 72 faizinə təsir etməyəcək
Tarif Şurasının qərarı sosial ədaləti tənzimləyəcək
“Mövcud təcrübənin tətbiqi daha çox böyük evləri, obyektləri və s. olan imkanlı təbəqəyə qismən təsir göstərəcək”
Qazın bahalaşması əhalinin 62 faizinə, işığın bahalaşması isə abonentlərin 72 faizinə təsir etməyəcək
Qazın bahalaşması əhalinin 62 faizinə, işığın bahalaşması isə abonentlərin 72 faizinə təsir etməyəcək
Ötən illər ərzində Azərbaycanda sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməyib. Bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılıb. Hökumətin tarif siyasəti əhalinin potensial imkanlarını nəzərə almaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.
Noyabrın 28-də Tarif Şurasının elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərarında da ölkədə aparılan sosial yönlü siyasət nəzərə alınıb. Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan differensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub. Nəzərə almaq lazımdır ki, differensiallaşdırma və optimallaşdırma müxtəlif ölkələrdə fərqli prinsiplər əsasında tətbiq edilir. Məsələn, bəzi ölkələrdə qiymətlər həftənin gününə görə, yaxud günün ayrı-ayrı saatlarına görə, bölgələr üzrə və ya istifadə həcminə görə müəyyənləşdirilir. Azərbaycanda tariflərin differensiallaşdırılması elektrik enerjisi və təbii qazın istifadə həcmi əsasında həyata keçiriləcək ki, bu da sosial ədalət prinsipinin təmin edilməsi deməkdir. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Hesablamalara əsasən, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır. Deməli, differensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq. Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib. Elektrik enerjisinin pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyib və mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün, differensial tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək. Beləliklə, differensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Görünən odur ki, differensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadə həcminin mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Mövcud təcrübənin tətbiqi daha çox böyük evləri, obyektləri və s. olan imkanlı təbəqəyə qismən təsir göstərəcək.
Millət vəkili Tahir Rzayev deyib ki, Tarif Şurasının qərarı aztəminatlı ailələrə o qədər də ziyan vurmur. Deputat bildirib ki, bu qərar daha böyük obyekti, yaşayış sahələri olan insanlar üçün nəzərdə tutulub: "Əgər kimin imkanı varsa, elektrik enerjisi və qazı çox işlədirsə, həmin şəxslər çox ödəsin. Böyük villaları, bağ evləri olanlar üçün bu qiymət tətbiq olunacaq. Aztəminatlı ailələr istifadə etdikləri 250 kilovat-saat elektrik enerjisi və 1500 kubmetr qaza görə köhnə tariflərlə pul ödəyəcək. Əgər aztəminatlı ailə də nəzərdə tutulandan artıq istifadə etsə, onda çox ödəməlidir”. T.Rzayev vurğulayıb ki, Azərbaycanda istehlakçılar arasında israfçılığa çox yol verilir: "Küçələrə çıxırsan, nə qədər işıq yanır, rayonlara gedirsən, səhər açılıb, amma qapıda işıqlar yanır, küçələrdə işıqlar yanır. Ümumiyyətlə, qənaət olunmalıdır. Yox, əgər kiminsə doğrudan da imkanı varsa, artıq enerji istifadə etmək istəyirsə, əlavə pul ödəməlidir. Bu, tam düzgün qərardır. Normadan artıq enerji istifadə edirsənsə, ona görə əlavə pul ödəməlisən”.
Millət vəkili, iqtisadçı-ekspert Aydın Hüseynov da bildirib ki, Tarif Şurasının son qərarları əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək: "Orta statistika ölkə əhalisinin əksəriyyətinin ildə 1500 kubmetr qaz, ayda 250 kilovat-saat elektrik enerjisi istifadə etdiyini göstərir. Yəni tarif dəyişiklikləri ilə bağlı son qərarlar əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək. Qaz və elektrik enerjisindən bu limitə qədər istifadə edən abonentlərin sayı ölkədə daha çoxdur. Deputat qeyd edib ki, ölkədə qeyri-neft sektoru, xüsusilə sənayenin inkişafına nail olmaq üçün enerji daşıyıcılarının tariflərində dəyişiklik lazımdır: "Bu, əslində müəyyən müddət çətinlik yaratsa da, arxasınca bizim digər iqtisadi nailiyyətlərimiz gələcək. Çünki enerji daşıyıcılarının özü məhsulun maya dəyərinə təsir edən amillərdəndir. Bu isə sonradan müsbət nəticəsini verəcək”. A.Hüseynov əlavə edib ki, Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığını tamamilə aradan qaldırmaq strategiyasını götürüb: "Ona görə də bu kimi tədbirlərin, o cümlədən tarif dəyişikliklərinin həyata keçirilməsi zəruridir”. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev deyib ki, Tarif Şurasının qərarları sosial ədaləti tənzimləyəcək: "Tarif Şurasının tarif tənzimlənməsi ilə bağlı qərarları zamanın tələbinə uyğun şəkildə qəbul edilib. Verilən qərarlar sadə vətəndaşlar üçün deyil, əsasən kommersiya şirkətləri üçün qəbul edilib. Tariflərin tənzimlənməsi ilə bağlı qərarlar orada qeyd olunduğu kimi qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyib. Çünki adi insanlar qaz və enerjidən orada qeyd olunan rəqəmlərdən artıq istifadə etmir. Bu rəqəmlər yalnız kommersiya şirkətləri üçün fərqli olacaq. Çünki yalnız böyük müəssisələr daha çox qaz və enerjidən istifadə edir. Burada əhali heç bir fərq hiss etməyəcək”. Millət vəkilinin sözlərinə görə, Tarif Şurasının qərarları sosial ədaləti tənzimləyəcək: "Belə ki, bu qərarlar əsasında sadə vətəndaşların ödənişi ilə kommersiya şirkətlərinin ödənişi arasında fərq olacaq”.
İqtisadçı-ekspert Oqtay Haqverdiyev də bildirib ki, bu qərar ümumilikdə baxdıqda ədalətlidir. Onun sözlərinə görə, qərarın əhali təbəqəsinə aidiyyəti ciddi dərəcədə yoxdur: "Yəni, əhali bundan sonra qənaət rejimində təbii qaz və elektrik enerjisini istifadə etsə, ödənişləri əvvəlki qiymətlərlə ödəyəcək. Amma köhnə qiymət üçün müəyyən hədd qoyulub ki, o həddə qədər istifadə ediləndə qiymətlər dəyişməyəcək. Hesab edirəm ki, bu, ədalətli qərardır. Az qazanan və qənaətcil ailələr az ödəyəcək, çox gəlirli və çox istifadə edənlər də çox ödəyəcək”.
İsmayıl