“Tarix onları bağışlamayacaq” - İş adamı “söyüş müxalifəti”ni ədəb-ərkana çağırdı

Son vaxtlar sosial şəbəkələrdə Azərbaycan dövlətçiliyinə, onun iqtidarına, Azərbaycan Prezidentinə, ölkənin 1-ci ledisinə, onların ailə üzvlərinə qarşı yönləndirilmiş xoşagəlməz çıxışlardan mən də narahatam. Sözsüz ki, bu kampaniyanın arxasında Azərbaycan dövlətinin varlığını əzəldən istəməyən, bu iqtidarı ölkənin milli mənafelərini güddüyünə görə təzyiq edən, siyasətini bəyənməyən güclərin dayandığı hamıya aydındır. Amma acınacaqlı hal odur ki, Azərbaycan dövlətinin, xalqının düşmənləri öz məqsədləri üçün bizim öz soydaşlarımızdan istifadə edirlər.
Təəssüflə deməliyəm ki, öz ölkəsini tərk edib, xarici ölkələri özünə yurd seçmiş bəzi üzdəniraq savadsızlar dəstəsi son günlər öz doğma vətəninə qənim kəsiliblər. Onlar yaxşı bilməlidirlər ki, bu iyrənc hərəkətləri ilə, erməni dəyirmanına su tökürlər. Onların bu əməllərini Qarabağ uğrunda canlarından keçmiş şəhidlərin ruhu hec vaxt bağışlamayacaq. Məlumatıma görə, xalqın var-dövlətini talayıb xaricə qaçmış sabiq məmurlar bu ünsürlərə maddi dəstək verməkdən çəkinmirlər. Öz adımdan bu şəxslərə öz nifrətimi bildirir və onların bu əməllərinin cavabsız qalmayacağına əminliyimi bildirirəm. Azərbaycan xalqı gec-tez hər kəsə öz əməlinə görə, cavabını verəcək. Bu həmişə belə olub və heç kəs indiyənədək tarixin mühakiməsindən qaça bilməyib
Heç bir hakimiyyət, heç bir dövlət onlara bu qədər yumşaq yanaşmazdı. Buna baxmayaraq, Cənab Prezident bu qədər səbr nümayiş etdirir. Ölkəmizi, prezidenti, prezidentin komandasını gözdən salmağa cəhd edənlər, unudurlar ki, onların heç bir dəstəyi yoxdur. Tarix onları bağışlamayacaq.
Azərbaycandan uzaqda, verilən sədəqələrlə, öz ölkəsini, onun simvollarını, ali nümayəndələrini iyrənc cıxışlarla təhqir edənlər, Vətən xainləridirlər. Onlar bu qarışıq dünyada, ölkəmizdə hökm sürən əmin-amanlığa qısqanclıqla yanaşan düşmənlərimizə ,onlardan aldıqları pulların əvəzində qul əməyi göstərir, virtual təxribatla məşğuldurlar.
Bildiyiniz kimi, "söyüş müxalifəti”nə sərrast, məntiqlə cavab verən Prezidentin köməkçisi Əli Həsənov opponentlərini ədəb-ərkana, milli dəyərlərə riayət etməyə çağırmağına baxmayaraq, içtimai qınağı da nəzərə almayan bu ünsürlər Vətənə xəyanət yolunu davam etdirirlər. Əlbəttə, o satqınlar gec-tez hüquqi cəzalarını alacaqlar. Amma onlar bir şeyi dərk etməlidirlər ki, xaricdəki havadarlarına yalniz bir müddət lazım olacaqlar. Bir gün onlar "istifadə olunmuş əşya kimi” tarixin zibilliklərinə atılacaqlar.
Qeyd etmək istəyirəm ki, mən 1 oktyabr 2003-cü ildə, Ulu Öndərin Azərbaycan xalqına müraciətinə sadiq qalmışam və həmişə də belə olacaq. O vaxt Ulu Öndər Türkiyədə müalicədə olarkən Azərbaycan xalqına müraciət edərək, hamını İlham Əliyevə səs verməyə çağırdı. Ulu Önder deyirdi ki, məni istəyənləri İlham Əliyevə səs verməyə çağırıram, o mənim başladığım siyasi – iqtisadi kursu davam etdirə biləcək yeganə varisimdir. Mən Gülağa Tənha, bu cağırışa həmişə sadiq qalacam!
Sonda, xaricdə yaşayan bir iş adamı kimi, Vətəni sevən bütün azərbaycanlıları prezident seçkiləri ərəfəsində birliyə və ölkəmizi dünyaya tanıtdıran güclü liderə - Ulu Önərimizin layiqli davamçısı İlham Əliyevə səs verməyə çağırıram!
Xeyriyyəçi iş adamı və şair Gülağa Tənha (Qəmbərov)