"Tarixə unutqan yanaşsan, hər an faciələrlə üz-üzə olacaqsan" - 31 Mart Soyqırımını unutmayaq !





"Gənclərimiz 31 Mart Soyqırımı ilə bağlı məlumatlı olmalıdır. Daha sonra beynəlxalq ictimaiyyətə bunu çatdırmağın yollarını araşdırmalıyıq”.

Bunu "Sherg.az”a əməkdar jurnalist, professor Qulu Məhərrəmli söyləyib. O qeyd edib ki, 31 Mart Soyqırımı ildə bir dəfə deyil, daimi anılmalıdır:

"Tarix, ədəbiyyat dərsliklərində davamlı bu hadisə təbliğ edilməlidir. İlk növbədə yeni nəslin bundan xəbərdar olmasına çalışmaq lazımdır. Bəzən şüurlu şəkildə, milləti öz tarixindən ayırmaq cəhdlərini müşahidə edirik. Çox qorxulu tendensiyadır. Öncə ölkə daxilinə aid olan məsələləri həll etməliyik.

Soyqırımı ilə bağlı abidələr, demək olar, yoxdur. Bütün Azərbaycan ərazisində soyqırımı faktları olub. Araşdırmalar aparılmalı, belə faktlar dərc olunmalıdır. Beynəlxalq ictimaiyyətə məsələnin çatdırılması üçün alimlərimiz, araşdırmaçılarımız, jurnalistlərimiz çalışır. Bu prosesin intensivliyini gücləndirmək lazımdır. Xüsusi təqvimlər düzəldilməlidir, soyqırımının təbliğatı, insanların şüuruna hopdurulması üçün yeni, maraqlı formalar tapmaq vacibdir.

31 Mart Soyqırımı ildönümündən ildönümünə yada düşməməlidir. Hər bir Azərbaycan türkünün şüurunda dərinliklərə kök salmalıdır. Çünki tarixə unutqan yanaşsan, hər an faciələrlə üz-üzə olacaqsan. Xalqın içərisində müqavimət hissi olmayacaq”.

Qeyd edək ki, 31 Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, və digər ərazilərdə Bakı Soveti və Daşnaksütun partiyasından olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır.  1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

Aysel Aslan