Təbrizdə bir həkim var...
Beş-altı il bundan qabaq yaman bəlaya düşmüşdüm. Heç kimə arzulamıram: bilmirdim ağıllıyam, yoxsa dəli, diriyəm, yoxsa ölü. Deyəsən elə yeriyən, danışan ölüydüm. Ruhdan düşmüşdüm, ruhum məni tərk etmişdi, bir quruca bədən idim; dünya gözümə zülmət kimi görünürdü, yaşamaq istəmirdim, bir neçə dəfə özümə qəsd eləmək fikrinə düşmüşdüm. Allah saxlamışdı, qoymamışdı. Nə idi xəstəliyimin adı? Dərinlənmiş depressiya. 4 il bu vəziyyətdə yaşadım (əgər buna "yaşamaq” demək mümkündürsə). Azərbaycanda o həkim qalmadı ki, mən getməyim, bir tərəfdən də baxıcılar, görücülər, ekstrasenslər və sayrə, və ilaxır. Minlərlə pullar, heç birisinin də bir xeyri yox...
Bir qonşum var, adı Arifdi, Allah can sağlığı versin, bir gün mənə dedi ki, qardaş, gəl sən İrana get, orada yaxşı həkimlər var, onlar səni sağaldacaqlar. Eşitmişdim ki, camaat gedir İrana, orada şəfa tapır, nə isə inanmırdım. Axır bir gün qismət oldu, həyat yoldaşımın köməyi ilə üz tutdum İrana. Bəzi rayonlarımızın da ortasından ikiyə bölünmüş Vətənimizin Biləsuvarda bu tərəfindən keçdim o tərəfinə, bir taksi ilə yol aldıq Təbrizə. Yolda taksi sürücüsü mənim yasa batmış qəmli vəziyyətimi görüb soruşdu: "Müəllim, nə olub sizə, niyə belə qəmlisiniz, haranız ağrıyır?” Cavab vermək istəmədim, həyat yoldaşım dərdimi ucundan-qulağından ona bir az başa saldı. Bu Allah köməyi olmuş (adı Rza idi) dedi ki, heç narahat olmayın, mən sizi elə bir həkimin yanına aparacam ki, o, sizi tez bir zamanda sağaldacaq. Axşam saat 6 radələrində çatdıq gözəl Təbrizə, Rza taksisini sürdü "Güldəştağzı” adlanan məhəllədə "Azadi - 1” özəl klinikasının yanına. Qalxdıq binanın 4-cü mərtəbəsinə. Sağ küncdə çoxlu xəstə oturub gözləyirdi. Rza içəri keçib həkimin köməkçisi ilə nə isə danışdı və çıxıb dedi ki, 1 saatdan sonra həkim bizi qəbul edəcək. Sən demə, onun qəbuluna ən azı 1 ay qabaq yazılmaq lazımıymış. 1 saatdan sonra mən həyat yoldaşımla həkimin kabinetinə daxil oldum. Yuxarı başda təxminən 60-65 yaşında nurani bir şəxs əyləşmişdi: bu İranda məhşur həkim-rəvanşünas (bizim və rusun dilində psixiatr) Nüsrətullah Purəfqari idi.
Gəlin onunla qısaca tanış olaq: o, 1942-ci ildə Təbriz şəhərinin Gümüşqaya məhəlləsində çoxuşaqlı bir ailədə doğulmuşdur. Uşaqlığı və məktəb illəri keçən həmin məhəllədə bir sinir-əsəb xəstəxanası da yerləşirmiş. Hərdən oradakı xəstələri gördükcə ürəyi ağrıyarmış, pis olarmış. Ona görə də o özünə söz verir ki, böyüyəndə məhz bu xəstələrin həkimi olacaq, onları sağaldacaq. Belə də edir: Təbriz Tibb Universitetinə daxil olur, oranı qurtarır və sonra təhsilini davam etdirmək üçün Amerikaya, Verciniya ştatına üz tutur. 7 il də orada təhsil aldıqdan sonra qayıdır doğma Təbrizə, və, demək olar, bütün həyatını Təbriz Tibb Universiteti ilə bağlayır, 37 il orada elm və tədrislə məşğul olur, köməkçi müəllimdən professor adına qədər yüksəlir, uzun müddət Psixologiya kafedrasına rəhbərlik edir. Arada Böyük Britaniyaya, Kembric Universitetinə ustad dərsi deməyə dəvət alır və onların "nümunəvi müəllim” mükafatına layıq görülür.
Doktor N.Purəfqari 49 elmi və bədiii kitabın tərcüməçisidir. Ona görə də İranda ən yaxşı tərcüməçi seçilib və "Bilgi-Himmət” ordeni ilə təltif olunub. Onun 4 kitabı, 30-dan çox elmi məqaləsi vardır. 2005-ci ildə həm Təbriz Tibb Universitetinin rəhbərliyi, həm də Şərqi Azərbaycan vilayətinin valisi tərəfindən "Nümunəvi təqdiqaqtçı” adına layıq görülüb. Çoxlu sayda heyətlərin üzvüdür. Yüzlərlə
tələbələri, rəhbərlik etdiyi tibb alimləri vardır ki, onlardan 83-ü dünyanın müxtəlif ölkələrində ad-san qazanmışlar. Minlərlə ağır xəstələri həyata qaytarmışdır doktor N.Purəfqari, o cümlədən məni və mənim bir neçə yaxınlarımı. Deyəcəksiniz necə? Çox sadə: öz əsl həkim savadı, qabiliyyəti ilə, bir də İranın halal, keyfiyyətli dərmanları ilə.
... Mən onun yanına girəndə, o, ayağa durub məni salamladı və oturmaq üçün yer göstərdi. Bir az üzümə baxıb, kefimi soruşdu, məni bir az danışdırdı, indiyə kimi hansı dərmanları qəbul etdiyimi bilmək istədi. Həyat yoldaşım burdan özümüzlə apardığımız bir torba dərman reseptini ona göstərdi. O, reseptləri gözdən keçirib başını tutdu və mənə baxıb: "Sən bunların hamısını içmisənmı?”- dedi. Dedim: "Bəli!” "Can, can, sən nə yaxşı ölməmisən, sizin həkimlər bu qədər...”, - dalısını demədi. Nə isə, başınızı ağrıtmayacam, mənə üç adda həb dərmanları yazdı, gündə necə, neçə dəfə içməyin cədvəlini tərtib etdi və dedi: "Müəllim, sizdə qorxulu heç bir şey yoxdur, bu dərmanları aşağıda aptek var, oradan alıb, gedirsiz, mən yazdığım qaydada içirsiz və 3 aydan sonra gəlirsiz yanıma, hər şey yaxşı olacaq, narahat olmayın”. Çox da inanmadım, çünki bizimkilər də belə deyirdi. Düşdük aşağıdan dərmanları aldıq. Hesabladıq ki, bizim həkimə qəbul üçün verdiyimiz pulla, 3 aylıq dərmanımın pulu heç 50 manat etməyib. Nə isə... gəldik evimizə, mən bu 3 cür dərmanı qaydası üzrə içməyə başladım və aradan 3 həftə keçmişdi, sabahlar üzünüzə xeyirliklə açılsın, səhər tezdən gözüm açıldı, gördüm ki, özümü çox yaxşı hiss edirəm. "Bismillah” deyib ayağa durdum, işığı yandırdım, gözlərimə inanmadım, elə bil evimi təzə görürdüm, çölə çıxdım, dedim, ya Rəbbim, həyat necə gözəlimiş... Ruhum qayıtmışdı özümə, üzüm-gözüm gülürdü. Sevindiyimdən bilmirdim neyləyim. Uşaqları qaldırmadım, bildirmədim, fikirləşdim ki, birdən yenə əvvəlki vəziyyətimə qayıda bilərəm. Yerimə uzanıb bir kitab götürdüm əlimə, oxumağa başladım. Səhər açıldı, uşaqlar durub gördülər ki, kitab oxuyuram. Üzlərinə gülüb " Sabahınız xeyir!” dedim. Gözlərinə inanmadılar. Bir necə saat keçəndən sonra əmin oldular ki, artıq sağalmışam. Dərmanları davam etdim içməyə, 3 ay başa catmamış özüm təkcə getdim Təbrizə, həkimimin əlindən, alnından öpüb öz dərin təşəkkürümü söylədim. O, məmnunluğunu bildirib, mənə aşagı dozada 5 aylıq da dərman yazdı. Qayıtdım Bakıya, eşitdim ki, xalam oğlu da xeyli vaxt imiş əsəblərindən əziyyət çəkirmiş; bizim həkimlərin əlində qalıbmış. Götürdüm onu da apardım Təbrizə, doktor Purəfqari onu da tez bir zamanda müalicə etdi. Aradan bir az keçmiş bacım əsəblərindən şikayət etdi; onu da apardım həkimimin yanına, onu da 2 həftəyə müalicə etdi. Ən əsası da Moskvada yaşayan qohumlardan birinin 6-7 il ərzində Moskva həkimlərinin sağalda bilmədiyi və artıq "şızofreniya” diaqnozu ilə ruhi xəstəxanaya saldıqları 22 yaşlı qızı Laləni apardım doktor Purəfqarinin yanına və onu da bu gözəl mütəxəssis həyata qaytardı. İndi Lalə ailə qurub, gecə-gündüz ona dualar oxuyur.
Əziz oxucular, mən də bu yazımla istədim ki, gec də olsa bir daha ona öz dərin ehtiramımı və minnətdarlığımı bildirim, həm də onunla sizi tanış edim. Təbrizdə deyildiyi kimi məşhur həkim-rəvanşünas Nüsrətullah Purəfqari ilə. Həkimdə olanda belə həkim olasan!
Valeh Nəsibli, filologiya üzrə elmlər doktoru, Bakı Slavyan Universitetinin müasir rus dili
kafedrasının müdiri