"İnformasiyanı yaymaq asanlaşdıqca, insanların böhtanın qurbanına çevrilməsi də asanlaşır"
"Cəmiyyət qanunlarla idarə olunur və təcrübə göstərir ki, qanunların işlək olduğu cəmiyyət daha sivil, daha mütərəqqi cəmiyyətdir"
(... əvvəli ötən sayəmızda)
Son zamanlar yeni medianın problemlərindən danışılarkən sosial şəbəkələrdə və internet media resurslarında biri-birini aşağılayan, təhqiredici yazılar və bunların aradan qaldırılma yolları da geniş müzakirə olunur. Bu istiqamətdə fikirlər müxrəlifdir. Ekspertlər bu məsələyə fərqli prizmadan yanaşırlar.
Bir sıra media nümayəndələri hesab edir ki, sosial şəbəkə statusları və internet mediada yayımlanan yazılara görə, istifadəçini məsuliyyətə cəlb etmək söz azadlığına ziddir. Ekspertlər bu sahədə də tənzimlənmənin vacibliyini önə çəkirlər. Onların arqumentinə görə söz azadlığı adı altında heç kimi təhqir etmək olmaz. İnformasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda internet resursları üzərində hüquqi tənzimləmə mexanizminin yaradılması zəruridir.
Kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə yeni cəza tətbiq olunacaq. Bununla bağlı Cinayət Məcəlləsinin 147-ci maddəsinə (təhqir) dəyişiklik təklif edilir. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə 1 ilədək azadlığın məhdudlaşdırılması cəzası veriləcək. Hazırkı qanunvericilikdə isə təhqir min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) dəyişiklik təklif edilir. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə 1 ilədək azadlığın məhdudlaşdırılması cəzası veriləcək.
"Azvision.az” xəbər portalının baş redaktoru Vüsal Məmmədov bu mövzuda qanunların daha da sərt olmasını, cərimələrin miqdarının artırılmasını məqbul sayır: "İnformasiyanı yaymaq asanlaşdıqca, insanların böhtanın qurbanına çevrilməsi də asanlaşır. Bu gün mediada və ya sosial şəbəkədə kiməsə böhtan atmaq, qara yaxmaq çırtma çalmaq qədər asan işə çevrilib. Bunun qarşısını almaq, insanları qorumaq lazımdır”.Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təklif olunan variantların problemin həlli üçün yetərli olmadığını deyib: "Əlbəttə problem var və bu problem bütün dünyada mövcuddur. Amma düşünürəm ki, internetin arxitekturası, internetin və sosial medianın fəlsəfəsi baxımından təklif olunan varinatlar problemin həlli üçün yetərli deyil. Eyni zamanda əgər belə formada qanun qəbul olunacaqsa, onun icrasının daha ciddi problemlər yaradacağı qənaətindəyəm”. Ekspertin sözlərinə görə, təklif olunan variantın icrasındakı problemlər Azərbaycan internetinin azadlığı üçün də müəyyən problemlər yarada bilər.
O bildirib ki, problemin həlli üçün bütün maraqlı tərəflərin müzakirələrdə iştirak etməsi vacibdir:
"Mövcud qanunvericilikdə isə ümumiyyətlə internetdə təhqir və böhtanın cinayət məsuliyyəti yaratması ilə bağlı müddəalar var. Odur ki, mövcud mexanizmlərdən effektiv istifadə, həmçinin də maarifçilik, internetin faydalı tərəflərinin, biznes tərəflərinin gücləndirilməsi, internet medianın peşəkarlığının artırılması, indiki halda bəlkə də daha doğru variantlar ola bilərdi.
Bütün bunları nəzərə alaraq problemin həlli istiqamətində təkmil bir variantın hazırlanması üçün bütün maraqlı tərəflərin iştirakı ilə müzakirələrin aparılması indiki halda daha məqbul ola bilərdi”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hesab edir ki, qanuna dəyişiklik edilməsinin mətbuat azadlığının məhdudlaşdırılmasına heç bir aidiyyəti yoxdur:
"Böhtan təkcə mətbuatda rast gəlinən hal deyil və ona görə də bunu təkcə medianın üzərinə yönləndirmək düzgün deyil. Böhtanın və şəxsi həyata müdaxilənin qarşısını almaq üçün mexanizmlərin olması bütün vətəndaşların, o cümlədən media mənsublarının da hüquqlarının qorunmasına yönəlib, nəinki mətbuat azadlığına. Jurnalistlərin özləri də eyni problemlə qarşılaşır, böhtana məruz qalırlar. Onların da şəxsi həyatına müdaxilə edilə bilər ki, bu halda qanun həm də jurnalisti qoruyur. Yəni, qanun hamı üçündür və bunun söz və fikir azadlığına hər hansı məhdudiyyət yaradacağını düşünmürəm”.
Baş redaktor deyib ki, qanunvericilikdə dəyişiklik olacağı təqdirdə onu təbliğ etmək vacibdir:
"Bu barədə sosial çarxlar, məlumatlar hazırlanmalıdır. Sosial şəbəkə istifadəçiləri, blogerlər, jurnalistlər də bilməlidir ki, onlar yaydıqları hər hansı qərəzli məlumata görə həm cinayət məsuliyyəti, həm də inzibati məsuliyyət daşıyırlar. Bu insanlara izah olunmalıdır. Ola bilər ki, kimlərsə qanunvericilikdən xəbərsizdir. Bu, onları maarifləndirmək, xoşagəlməz halın qarşısını almaqla yanaşı, digərlərini onları gözləyən təhlükədən uzaqlaşdırmaq məqsədi daşıyır. Bunu bilmək hamı üçün vacibdir və düşünürəm ki, məsələni təkcə media müstəvisində dəyərləndirmək düzgün olmazdı”.
Jurnalist Yetər Kərimova da qanunların sərtləşdirilməsinin cəmiyyətin xeyrinə yönəlik bir addım olduğunu düşünür. Onun sözlərinə görə, özünü peşəkar jurnalist hesab edən şəxs heç vaxt böhtan və təhqirə yol verməz, başqalarının şərəf və ləyaqətinə toxunan yazılar yazmaz. Təəssüflər olsun ki, biz son zamanlar internet mediasında peşə etikasının pozulması, böhtan hallarına tez-tez rast gəlirik. Belə olan təqdirdə qanunların sərtləşdirilməsi qaçılmaz olur. Düzdür, biz heç bir jurnalistin həbs olunmasını istəmirik, amma cərimələrin artırılması mövcud qanunvericiliyin qarşısını almadığı üçün artıq başqa yol yoxdur”.
Jurnalist böhtan xarakterli yazılara kütləvi informasiya vasitələrində nəzarət etməyin mümkün olduğunu desə də, sosial şəbəkələrdə bu işin çətin olduğunu söyləyib: "Sosial mediada buna nəzarət etmək çətin olacaq. Çünki bununla bağlı icra mexanizmi yoxdur. Qanunların sərtləşdirilməsi, əlavə və dəyişikliklərin aparılması vacibdir. Çünki cəmiyyət qanunlarla idarə olunur və təcrübə göstərir ki, qanunların işlək olduğu cəmiyyət daha sivil, daha mütərəqqi cəmiyyətdir. Cəmiyyət qanunlar üzərində bərqərar olur və hər kəs etdiyinə görə hüquqi məsuliyyət daşımalıdır”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətin fikrincə, mövcud qanunvericiliyin icra mexanizmi düzgün qurulsaydı, dəyişikliklərə və əlavələrə ehtiyac qalmazdı. Təhqir, böhtan, şantaj xarakterli yazılar internet və sosial mediada baş alıb gedir.
Bəzi vaxt təhqirə məruz qalan tərəf aidiyyəti orqana şikayət eləmir, şikayət olunanda isə məsələnin həllinə başdansovdu yanaşılır. Ortada bir tətbiqat olmadığı üçün vəziyyət getdikcə daha da dərinləşir. A.Həsrət deyib ki, bizim insanlarımız məsuliyyət hislərini hələ yetərincə dərk etmirlər: "Belə insanlar məsuliyyət məsələsi önə çıxanda yaxalarını kənara çəkirlər. Ona görə də dövlət məcbur olub cəzaları sərtləşdirir. Uzun illərdir insanlara çağırışlar edirik ki, azadlıqlarınızdan istifadə edərkən məsuliyyət hissini unutmayın. Təəssüf ki, bəzi insanları bu cür tərbiyə etmək mümkünsüzdür. Belə insanları mütləq cəzalandırmaq lazımdır. Qanunvericilik hər nə qədər sərt olsa da, ortada icra mexanizmi olmadığı halda heç kəs öz yolundan geri çəkilmir.
Şəymən