Tehran Güney azərbaycanlıların haqqını hər gün pozur
“Sanksiyalardan yaxa qurtararaq nisbətən güclənən İran rejimi soydaşlarımıza daha artıq təzyiq göstərməyə başlayacaq”
Son bir neçə ay ərzində Bütöv Azərbaycanımızın ayrılmaz hissəsi olan Güney Azərbaycanla, fars rejiminin əsarəti altında zülm görən milyonlarla soydaşlarımızla bağlı mühüm hadisələr yaşanıb. Məsələn, Zəncanda türk dili və ədəbiyyatı kursu fəaliyyətə başlayıb. Urmiya şəhəri ilə Türkiyənin Ərzurum şəhərləri qardaşlaşıb. Eyni zamanda Tehranda martın 18-i keçirilən voleybol müsabiqəsində soydaşlarımıza qarşı polis hücumu ilə bağlı Faktaraşdırıcı Komitə yaradılıb.
Azərbaycanlıların milli birlik rəmzinə çevrilmiş Təbrizin "Traxtur” Futbol Klubu Səudiyyə Ərəbistanının "Ələhli” komandası ilə Asiya çempionlar liqasının qrup mərhələsində keçirilən oyunu bərabər hesabla başa vurub. Bunlar müsbət hadisələr idi. Ancaq təbii ki, mənfi olaylar da yaşanıb. Güney Azərbaycanda türklərin Təbiət Günü tədbirlərini dağıdan molla rejimi, iki gün sonra terror yanlıları kimi tanınan kürdlərə Urmiyada festival keçirmələri üçün şərait yaradıb. İran rejimi terror yanlısı kürdlərə dil və təbliğatla bağlı da yaşıl işıq yandırıb. Məlumata görə, kürd fəalları Tehran Universitetində kürdlərin siyasi, iqtisadi, ədəbi və mədəni durumunu işıqlandıracaq bir dərgi üçün lisenziya alıblar. Güney Azərbaycanda işsizlik problemi də günbəgün artmaqdadır. Xüsusən, ali təhsilli türklərə molla rejimin göstərdiyi qərəzli münasibət nəticəsində işsizlərin sayı daha da çoxalıb. Həmçinin, bu həftə milli-mədəni fəallardan Əli Rzayinin Təbrizin ETTELAAT Şöbəsinə aparılacağı barədə narahatlıq doğuran xəbər yayılıb. Azərbaycanlı milli-mədəni fəal, Təbriz kəndlərinin ibtidai məktəb müəllimi İsa Tağıfərdin işdən çıxarılmaqla hədələnib. Amma çox təəssüflər olsun ki, Azərbaycan ictimaiyyətinin böyük əksəriyyəti Güneydə yaşanan hadisələrdən xəbərsizdir. Bu fakt bir daha Güney Azərbaycanla maddi və mənəvi bağımızın nə qədər zəif olduğunu göstərir. Müstəqil Azərbaycan Respublikasında bir-iki siyasi partiyanı, QHT-ni və tək-tük şəxsləri çıxmaq şərti ilə demək olar ki, heç kim soydaşlarımızla bağlı məsələləri gündəmə daşımaqda maraqlı görünmür. Sadəcə ara-sıra Güney Azərbaycanla bağlı informasiyalar mediada yayılır. Son aylarda isə Güney Azərbaycan mövzusuna çox nadir hallarda toxunulur.
Dünya Azərbaycanlıları Konqresi Daimi Şurasının sədri Əjdər Tağızadə də Güney Azərbaycanla bağlı xəbərlərin yayılmamasından, soydaşlarımızın taleyinə qarşı olan biganəlikdən gileylənib. DAK nümayəndəsi hesab edir ki, müstəqil dövlətimizin hər sahəsində Güney Azərbaycanla bağlı məsələlər geniş şəkildə gündəmə gətirilməli, daim diqqət mərkəzində saxlanılmalıdır. Biz heç kimdən qorxmamalı, təhdidlərə, təzyiqlərə boyun əyməməliyik. Çünki haqlı tərəf bizik: "Müşahidə olunan vəziyyət bizi çox narahat edir. İstər siyasi partiyalar, istərsə də QHT-lər və ayrı-ayrı şəxslər səviyyəsində güneylilərin Azərbaycan Respublikasında sistematik orqanları, sıx əməkdaşlıqları yoxdur. Əlbəttə, bu, təəssüf doğuran amildir. 1987-ci ildən sonra bu məsələ gündəmə gəlsə də, mahiyyət etibarı ilə müsbət nəticələnmədi. Güneyli soydaşlarımızın Azərbaycan Respublikasında heç bir statusları yoxdur. Hətta bir QHT-yə, dərnək səviyyəsində mədəni quruma belə sahib deyillər. Çünki müəyyən səbəblərə görə, onlara izn verilmir. Bakıdakı İran səfirliyi bir balaca qımıldanma olan kimi dərhal İran rəhbərliyinə məlumat ötürür. Ona görə də, Azərbaycandakı siyasi partiyalar və media qurumları bu məsələdən soyuyublar. Ara-sıra gündəmə gələn cüzi söhbətlərdən başqa ciddi heç nə müşahidə olunmur. Həqiqət isə budur ki, güneydəki 35 milyonluq soydaşlarımızın hüquqları hər gün kobud şəkildə pozulur. Tehran rejimi onların xarici ölkələrdə, hətta öz vətənləri olan Azərbaycan Respublikasında belə səslərini çıxarmağa imkan vermir. Fars rejimi Yəmən, Liviya, İraq, Suriya, Venesuela və başqa yerlərdə terrorla məşğul olduğu halda Azərbaycanda yaşayan güneyliləri İranı "parçalamaqda” ittiham edir. Belə də həyasızlıq olar?”. Ə.Tağızadənin sözlərinə görə, İranla "altılıq” ölkələri arasında imzalanması planlaşdırılan nüvə razılığı soydaşlarımıza müsbət heç nə vəd etmir: "İran anlaşmanı imzalamaqla molla rejimini xarici aləmdə sığortalamaq istəyir, beynəlxalq ticarətini bərpa etməyə çalışır. Nəzərə almaq lazımdır ki, sanksiyalardan yaxa qurtararaq nisbətən güclənən İran rejimi soydaşlarımıza daha artıq təzyiq göstərməyə başlayacaq. Yəni fars rejimi heç vaxt geri addım atmayacaq. İnsan haqları ilə bağlı siyasətində dəyişiklik etməyəcək. Bu, birmənalıdır”.
İsmayıl