İran regionda sabitliyin olmasında maraqlı deyil
“İranın xristian və təcavüzkar Ermənistanla isti münasibət saxlaması dünyada analoqu olmayan yeganə islam-xristian dostluğudur”
Ruhani Ermənistana səfər edib, "qardaşlıq” bəyanatı verməklə bunu sübut etdi
"İran Prezidentinin Ermənistana səfəri siyasi şou xarakteri daşıyır”.
Bunu İran rəhbəri Həsən Ruhaninin işğalçı ölkəyə getməsini "Şərq”ə şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay deyib. Ekspert vurğulayıb ki, İran Prezidentinin Ermənistana səfəri İsrail Baş nazirinin Azərbaycana gəlişindən cəmisi bir neçə gün sonra baş verib:
"Bu, təsadüfdürmü? Məncə yox. İran Prezidenti hər ay İrəvana səfər etmir ki, təsadüfən bu günlərə düşsün. Ruhaninin İrəvan səfəri, Netanyahunun Bakıya gəlişini elan etməsindən dərhal sonra Tehranla İrəvan arasında razılaşdırılıb. Belə görünür ki, İrəvan ziyarəti Netanyahunun Bakıya gəlişinə qarşı verilmiş siyasi diplomatik cavabdır. İran "düşmən” saydığı İsrailin Azərbaycanla, Ermənistan isə işğal etdiyi Azərbaycanın İsrail kimi güclü dövlətlə yaxınlaşmasından qıcıqlanma dərəcəsində narahatdır. Məlumdur ki, İranla Ermənistan arasında Moskva-İrəvan münasibətlərindən heç də az olmayan, gizli, dərin strateji əməkdaşlıq mövcuddur.
Özünü islam dövləti adlandıran İranın xristian və təcavüzkar Ermənistanla isti münasibət saxlaması dünyada analoqu olmayan yeganə islam-xristian dostluğudur. İranın ölkəsindəki azsaylı ermənilərə münasibəti də Sarkisyan rejimi ilə əlaqələrin normal olmasından qaynaqlanır. İrandakı rejim cəmi 200 min erməniyə ana dilində məktəb açmağa icazə verir, amma 30 milyon Azərbaycan türkünə bu haqqı tanımır. Bütün bunlar onu göstərir ki, İranın hazırkı siyasi rejimi həm şimaldakı, həm də cənubdakı Azərbaycan türklərini özü üçün potensial rəqib sayır. Bu istiqamətdə erməni kartından maksimum istifadə edir”.
Politoloq bildirib ki, fars rejiminin yeritdiyi çirkin siyasi xətt davam etdikcə, rəsmi Tehrandan səmimi münasibət gözləmək yersizdir:
"İran hər zaman düşmən Ermənistanla dostluğunu sürdürəcək. Ona görə də, Azərbaycan buna adekvat olaraq, üzdə "mehriban qonşuluq” siyasətini davam etdirməli, ancaq necə deyərlər, "çomağı yerə qoymamalıyıq”. Əvvəlcə öz mənafeyimizi və təhlükəsizliyimizi düşünməliyik. Eyni zamanda bizimlə mənafeyi üst-üstə düşən güclü dövlətlərlə səmimi əməkdaşlıq etməli, qarşılıqlı əlaqələr qurmalıyıq. Çünki dövlətçiliyimiz, varlığımız, suverenliyimiz hər şeydən vacibdir”.
İsmayıl,