“Magistrlərə möhlət verilməsi Azərbaycan təhsilinin və elminin inkişafına təkan verəcək”
Milli Məclisdə "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycanda və xarici ölkələrdə əyani təhsil alan, Azərbaycan vətəndaşı olan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək.
Qeyd edək ki, may ayında keçirilən iclasda "Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli başda olmaqla bir sıra deputatlar doktorant və magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsinin əleyhinə çıxıb, fikirləri təsdiqləmək üçün müxtəlif arqumentlər gətiriblər. Lakin sonradan Prezident İlham Əliyevdən parlamentə magistr və doktorantlar üçün hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilik qaydasında təşəbbüs gəldikdən sonra elə həmin millət vəkilləri öz dedikləri arqumentlərin tam əksinə olan fikirlər söyləyərək, möhlət hüququnun olmasının vacibliyini bildiriblər.
Addımın əhəmiyyətindən danışan təhsil eksperti Şahlar Əsgərov "Şərq”ə söyləyib ki, bu, Azərbaycan təhsilinin və elminin inkişafına təkan verəcək: "Təhsil "trayektoriyası” qırılmamalıdır. Artıq buna nail olundu. Daha təhsil "trayektoriyası” qırılmayacaq. Gənclərimiz alim olana qədər qırılmaz xətlə gedəcəklər. Bu çox dəyərli dəyişiklik oldu. Buna sevinməmək olmur. Məlum dəyişiklik Azərbaycan gənclərinin elmə gəlməsinə və gənc alimlərimizin sayının çoxalmasına yol açacaq. Gənclərə hərbi xidmətdən möhlət hüququ verilməməsi elm kanalının bağlanması deməkdir. Yəni kanal bağlanarsa, elmə su gəlməz. Əvvəllər elmin, təhsilin "trayektoriyası” sınmışdı. Yeni qərar bütün neqativ proseslərin hamısını dayandırdı”.
Azərbaycan Təhsil Şurasının sədri, təhsil eksperti Əjdər Ağayev qeyd edib ki, təhsildə fasilənin yaranması işi çətinləşdirirdi: "Ona görə də, fasiləsiz təhsil sistemli olur. Əlbəttə, bu hamıya şamil olunmur. Elm arxasınca gedib, bakalavrdan sonra magistratura və doktoranturaya qəbul olunanlara möhlət veriləcək. Onlar da elmi işlərini sistemli şəkildə həyata keçirəcəklər. Elmdəki kəşflər hərbi xidmətdən daha çox fayda verə bilər. Magistr və doktorların sayı çox azdır. Təbii ki, möhlət hüququ 35 yaşa qədər verilir. Gənclər ixtisaslarına yiyələnəndən sonra orduya gedə bilər. Onlar orduda öz ixtisasları üzrə fəaliyyət göstərsələr, bu, daha effektiv olar. Orduda da müasir texnologiyalardan istifadə olunur. Orda da komputer bilikləri tələb edilir. Deməli, orduya ali təhsilli kadrlar da lazımdır”.
Ekspertin sözlərinə görə, məlum yenilik gənclərimizin daha mükəmməl hazırlaşmasına, biliklərini dərinləşdirmələrinə və yüksək naliyyətlər qazanmalarına stimul verəcək: "Belə olan halda onlar masterdən sonra doktoranturaya gedəcəklər. Bu da təhsilin inkişafına kömək edəcək”.
Ayyət Əhməd