Kamran Əsədov: "Tələbə üçün ən münbit mühiti yaradan məhz yataqxana sistemidir"
"İş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Dövlətin də bu işdə onlara yardımçı olması lazımdır"
Təhsil naziri Ceyhun Bayramov tələbə yataqxanalarından danışıb. Deyib ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşası başa çatdırılıb və istismara hazırdır.
Təhsil naziri Azərbaycan Tələbələrinin II Qurultayında çıxışı zamanı bildirib ki, paytaxtda və regionlarda yeni yataqxana kompleksləri inşa olunacaq. Sumqayıt və Gəncə şəhərlərində mövcud tələbə yataqxana binaları əsaslı təmir olunur və yenidən qurulur.
Ceyhun Bayramov qeyd edib ki, bu da tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.
Qurultayda iştirak etmiş təhsil eksperti Kamran Əsədov «Şərq»ə açıqlamasında yataqxana probleminin həllini tapmasının zəruri olduğunu dedi:
- Qeyd edim ki, artıq uzun illərdir ki, ali məktəbə qəbul olan tələbələrin problemi onların tələbə adı qazanması ilə bitmir, əksinə, yeni və daha ciddi problemlər yaranmağa başlayır ki, onların da başında kirayə evlər və ya yataqxanadır.
Baxmayaraq ki, tələbələrin qeyd olunan probleminin hər növbəti ildə aradan qaldırılması ilə bağlı rəsmi qurumlar məlumat verir.
Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac hələ də çoxdur.
Hesab edirəm ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır. Hansı ki, bunlardan biri də özəl yataqxana təcrübəsidir.
Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur.
Təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır. Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verirlər, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə deyil. Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır.
K.Əsədov bildirdi ki, tələbə üçün ən münbit mühiti yaradan məhz yataqxana sistemidir. Dünyanın aparıcı ali məktəblərinin ən böyük üsünlüyü tələbə yataqxanalarının olmasındadır:
- Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi-köçkünlər yerləşdirildi. Sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başladı. Nəzərə alaq ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir.
Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Hansı ki, orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problemi ola bilməz. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub.
Eyni zamanda bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abituriyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Tələbənin əsas işi oxumaq olmalıdır.
Düşünürəm ki, iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Dövlətin də bu işdə onlara yardımçı olması lazımdır. Məsələn, torpaq sahələrini pulsuz verə bilər. Tələbə qayğı ilə oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır.
Bundan başqa, Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və ordan universitetlərə gəlir daxil ola bilər. Bu yolla tələbələr üçün yaranmış bir neçə ciddi problem öz həllini tapar.
Məlahət Rzayeva