"Tək qanunsuz ov edən ərəblər deyil, məsul şəxslər də cəzalandırılmalıdır” - İDDİA

"Qanunsuz ov edən əcnəbiləri cərimələmək də məsələnin həlli deyil. Çünki bununla adı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşən quşlar, heyvanları geri qayıtmır"
Xəbər verdiyimiz kimi, İmişlidə nadir quşları ovlayan ərəblər cərimələnib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən İmişli rayonunun Xəlfəli kəndinin yaxınlığında icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb. Nazirlikdən verilən məlumata görə, brakonyerlərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Suhail Ali Obaid Dhaher Almuharrami və Mubarak Mohammed Salem Balmur Alameri olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib olunub və onlara ümumilikdə 4330 manat məbləğində cərimə tətbiq edilib. Onlardan adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülərək təbiətə buraxılıb.
Məsələyə münasibət bildirən AVCİYA-nın sədri Məhərrəm Zülfüqarov "Sherg.az”a bildirib ki, ümumiyyətlə Azərbaycanda ov turizmi deyə bir sahə var:
"Burada xarici qonaqlar icazəli və ya ov üçün uyğun olar yerlərdə bu kimi işlər görə bilər. Amma adı Azərbaycan Respublikasının "Qırmızı kitabı”na düşən və ya nəsli kəsilməkdə olan heyvanları ovlamaq olmaz. Fikrimcə, bu kimi məlumatlar turistlərə əvvəlcədən geniş şəkildə çatdırılmalıdır. Yəni İmişli rayonunda baş verən olayın tək günahkarı ərəblər deyil. Bu məsələdə ərəbləri qarşılayan, onlara istiqamət verən şirkətlər və bu səhə ilə bağlı olan qurumlar da təqsirkardır. Çünki onlar bu barədə turistlərə məlumat verməyiblər. 
Eyni zamanda qanunsuz ov edən əcnəbiləri cərimələmək də məsələnin həlli deyil. Çünki bununla adı Azərbaycan Respublikasının "Qırmızı kitabı”na düşən quşlar, heyvanları geri qayıtmır. Bu kimi hallarla həmin heyvanları kökü kəsilə bilər. Adiyyətı qurumlar bu işlə ciddi məşğul olmalıdır. Belə məqamlarda yalnız xarici qonaqlar deyil, məsələ ilə bağlı olan qurumların məsul şəxsləri də cəzalandırılmalıdır”.
Kənan Eynuroğlu