
Tək uşaqlı ailələrin sayı artıb
Bu problem haqqında 10 il əvvəl danışan olsaydı, çoxumuza gülməli görünərdi“Cavan valideynlər qorxurlar, qadınlar karyeralarını qurmaq, işlərində yüksəlmək istəyirlər, onlar uşaq böyütməyin çətinliklərinə qatlanmaq, körpəyə baxmaq üçün evdə oturmaq istəmirlər”

"Bəxt üzüyü” filmində şair Moşu Göyəzənlinin uşaqlarının anası Söylünün uşaqlarını saya-saya yük maşınına mindirməsi səhnəsi yəqin ki, hər birinizin xatirindədir. Harda çoxuşaqlı ailə görsəm, həmin səhnə gəlib, dayanır gözlərim önündə. Hələ Söylünün az qala məsələ çevrilən belə bir deyimi də var: "Bizim kənddə arvadı ildə bir dəfə doğmayan kişiyə bir cür baxırlar ey. Həmin adam utandığından adam içinə çıxa bilmir”. Altı oğul anası hələ qürurla birinin də olacağına işarə vurur.
Hansı ki, Moşunun külfəti tək deyildi. O illərdə Azərbaycanda ailələrin əksəriyyəti çoxuşaqlı hesab olunardı. Ancaq zaman keçdikcə, çoxuşaqlı ailələrin də sayı azalmağa başladı. İndi əksər ailələrdə 2, bəzən də tək uşaq böyüdülür. 3 uşaqlı ailələr isə nadir tapıntıya çevrilib desək, yəqin ki, yanılmarıq. Valideynlər çox uşaq arzusunda olsalar da, sosial-iqtisadi vəziyyət bu istəyin həyata keçməsinə əngəl olur. Azərbaycan ailələrinin möhkəmliyi və ailə ənənələrinə sadiqliyi ilə hər zaman seçildiyini vurğulayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da "Müstəqillik dövründə ailə siyasətinin formalaşması - ənənələr, perspektivlər” adlı elmi-praktiki konfransda çıxışı zamanı müasir Azərbaycan ailəsi öz quruluşunda əvvəlki ənənəvi ailələrdən əhəmiyyətli dərəcədə fərqləndiyini deyib. Son illər ailələrin bir sıra müvəqqəti və daimi xarakterli problemlərlə qarşılaşdıqlarını vurğulayan Komitə sədrinin sözlərinə görə, cəmiyyətdə məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma halları, intiharlar, xüsusilə uşaq intiharlarının sayının artması müşahidə olunmaqdadır. Tək valideynli, tək uşaqlı ailələrin sayı artıb”.
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında deyib ki, ailələrin tək uşaq problemi barədə çox yox, cəmi 10 il əvvəl danışan olsaydı, çoxumuza gülməli görünərdi: "Əksəriyyətimiz ən az 3 uşağı olan ailədə böyümüşük. Aramızda 9-10 uşaqlı ailənin övladı olanlar da çoxdur. İllər və zaman bir çox şeylə bərabər ailələrin çoxövladlılıq məsələsini də dəyişdi. İndi 3 uşağı olan ailəyə "qəhrəman ailə” kimi baxırlar, 3-cü övladını doğan qadına möcüzə görmüş kimi zillənən baxışlar, 3-4 övladı ilə parka gəzintiyə çıxan ataya dikilən təəccüb dolu gözlər müasir ailə modelində ən çox 2 uşağa yer verildiyini bir daha təsdiqləyir. Tək övladı olan ailələr "cırtdan ailə” adlandırılır. Bu problem son 2-3 ilin ən ciddi sosial problemlərindən biri hesab edilir. "Cırtdan ailə”lər adətən bir tək oğlan uşağı ilə kifayətlənir, Avropa ölkələrində bu bir qız övladı ilə də əvəzlənə bilir. Müsəlman toplumlarında qız övlad nəsil davamçısı hesab edilmədiyindən mütləq oğlan övlada sahib olmaq istəyən valideynlər könüllü olmasa da, "cırtdan ailə” modelini böyütməyə qərar verirlər. Bəzən isə bunu istəməyən ailələr birinci abortun təhlükəli olduğunu nəzərə almadan USM-də qız övladının olduğunu gördükdən sonra aborta əl atır. Məqsəd sadədir: "Bir uşaq olsun, oğlan olsun, nəsil davam etsin”. Valideynlər deyir ki, bir olsun, amma yaxşı olsun, bütün imkanları olsun. Həm daha yaxşı təhsil alsın, həm ehtiyaclarını daha yaxşı təmin edək, qidalanması, geyimi keyfiyyətli olsun. Mənim fikrimcə, cavan valideynlər qorxurlar, qadınlar karyeralarını qurmaq, işlərində yüksəlmək istəyirlər, onlar uşaq böyütməyin çətinliklərinə qatlanmaq, körpəyə baxmaq üçün evdə oturmaq istəmirlər. Bəzən də doğuşa hazır olmurlar, ilk doğuş ağır keçir, ana qorxub stress keçirir və bir daha doğmaq istəmir. Amma günümüz üçün Azərbaycan öz klassik ailə modelini - iki uşaqlılıq prinsipini qoruyur desək, daha doğru olar, çünki təkuşaqlı ailələr o qədər də çox deyil. İkiuşaqlıların sayı çoxdur və bu da mən bildiyim qədər cırtdan ailə modeli deyil. Ona görə də "cırtdan ailə” təhlükəsi hələ ki bizdən uzaqdır, amma gözləniləndir”.
Yazar Sevinc Elsevər isə hesab edir ki, təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri çoxdu: "Əslində sosial səbəblər hər kəsə məlumdur. Kapitalist sistemində uşaq böyütmək, ona yaxşı təhsil vermək çox çətindir. Hamı da arzulayır ki, övladına yaxşı təhsil versin. Bu isə ancaq özəl, ödənişi yüksək olan məktəblərdə mümkündür. Sovet dövründəki kimi əmək hörmətli deyil. "Şərikli çörək” filmində Qırçı Məhəmmədin dediyi kimi, heç kim qırçı olmağı arzulamır. Ən sadə qadın da övladına yaxşı təhsil, yaxşı gələcək vermək arzusundadır. Ona görə düşünürlər ki, gücləri ancaq bir uşaq böyütməyə çatar. Ölkədə işgüzar qadınlar da çoxdur. Xüsusilə də, şəhərdə yaşayan ailələr bir uşaqla kifayətlənirlər”.
S.Elsevərin sözlərinə görə, bu mövzuda adamların üstünə getmək lazım deyil. Kim özünü neçə uşaq saxlamağa hazır hiss edirsə, o qədər də saxlamalıdır: "Bəzən ətrafdan qadına basqılar olur. Hamı uşaq doğmağa çağırır, amma heç kim kömək eləmir. Nə mənəvi, nə maddi, nə başqa cəhətdən. Bizim yaxşı bir ata sözümüz var: "Güc doğana düşür!”. Əgər dövlət çoxuşaqlı ailələrin olmasında maraqlıdırsa, aylıq müavinətlər verə bilər. Mükafatlar verər, ev bağışlayar. Qadın inkubator deyil ki! Məncə, ailədə uşaqların sayının neçə olmağına kişi və qadın birgə qərar verməlidir. Əks halda nəticəsi pis olur. Kişilər evi, uşaqları tərk edir. Qadınlar isə intihar edir və s. Bundansa, bir uşaqlı xoşbəxt ailələr çox olsun, deyərdim. Amma kimsə çox uşaq arzusundadırsa, ona da niyə çox uşağın var demək düzgün deyil. Bir də görürsən bir çoxuşaqlı ailə dövlətdən kömək istəyir, hamı düşür üstünə ki, o qədər uşağı, neynirdin? Bu onun seçimidi. Valideynin günahı deyil ki, bu ölkədə uşaq böyütmək çətindi. Kömək eləməkdənsə, boş-boş fəlsəfə yürüdürlər”. Azərbaycanda uşağın ailəni möhkəmləndirən səbəb kimi qəbul olunması yanaşmasının heç də doğru olmadığını deyən Sevinc xanıma görə, kişi və qadın özlərini hazır hiss etdikləri vaxt ata, ana olmalıdırlar: "Hətta deyərdim hazır deyillərsə, heç olmasınlar. Valideyn olmaq adamdan həm də fədakarlıq tələb edir. Sən artıq bir də əvvəlki kimi yaşaya bilməyəcəksən, hər şey dəyişəcək, bunu dərk etməli və buna hazır olmalısan!”
Şəymən