Davudoğlu da, Baxçalı da komandasına “hazır olun” deyir
Ramazan bayramından sonra Türkiyənin əsas siyasi gündəminin koalisiya danışıqları ilə bağlı olacağı gözlənilirdi. Ancaq Şanlıurfadakı terror hadisəsi ölkə gündəmini dəyişdi. İndi hamı Türkiyənin təhlükəsizlik məsələsindən danışır. Bölgəni PKK-nın geniş fəaliyyət sahəsi kimi təqdim edən siyasi ekspertlər baş verən hadisələrdə kürdlərin məsuliyyət daşıdığını bildirirlər.
Onlar iddia edir ki, Türkiyənin hökumət qüvvələrinin bölgəyə nəzarətini əngəlləməyə çalışan terror tərəfdarları əslində özləri də dərk etmədən həyatları üçün təhlükə yaradırlar. Bu səbəbdən də baş verən olayların həm siyasi, həm də hüquqi məsuliyyəti kürdlərin təmsil olunduğu HDP-nin üzərinə qoyulur. Digər bir qrup isə deyir ki, AKP öz iqtidarı dönəmində "kürd açılımı” etməklə bölgədə PKK-ya dəstək verən kürdlərə sərbəstlik qazandırıb. Bunun acısını isə dağda Türkiyə dövlətinə qarşı döyüşən PKK-lılar deyil, sadə kürd xalqı çəkir.
Türkiyədəki hadisələr koalisiya müzakirələrini dalana dirəyib...
Koalisiya hökumətinin qurulması üçün bir aydan az zaman qalsa da, hələlik partiyalar heç bir formul üzərində razılığa gələ bilmirlər. Siyasilərin son açıqlamalarından da bəlli olur ki, razılaşmadan ümidini üzən partiyalar artıq erkən seçkinin ön hazırlıqlarına başlayıblar. Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı də son açıqlamasında bəyan edib ki, təkrar seçki keçirilərsə, ölkə ictimaiyyəti MHP-yə etimad edəcək. Baxçalı deyib ki, seçkidən keçən ay yarımlıq müddətdə vətəndaşlar AKP-nin Türkiyənin xeyrinə olan bütün modellərə əngəl olduğunu, hər vasitə ilə PKK-nın siyasi qolu olan HDP-nin siyasi həyatdakı rolunu gücləndirməyə çalışdığını görüb. Ona görə də təkrar seçki olarsa, AKP daha az səs toplayacaq. Müxalifət lideri AKP-nin bu davranışlarının Türkiyənin təhlükəsizliyinə təhdid saydığını bildirib. Ancaq həm MHP-də, həm də CHP-də təkrar seçkini əlavə güc və vaxt itkisi sayanlar da var. Onların fikrincə, partiyalar bir an öncə koalisiya dialoqlarından nəticə əldə etməlidirlər. MHP-nin AKP ilə koalisiyaya tərəfdar olan kəsimi iddia edir ki, təkrar seçki mənzərəni MHP-nin deyil, AKP-nin xeyrinə dəyişəcək. AKP bütün imkanlarını səfərbər edərək, 7 iyun seçkisində olduğundan daha uğurlu nəticələr əldə etmək üçün çalışacaq. Bu isə yenidən Türkiyəni AKP-nin təkhakimiyyətliliyinə sürükləyə bilər.
Partiyalar erkən seçki hazırlıqlarına başlayır...
AKP-dən verilən açıqlamaya görə, əgər müzakirələrdən sonra nəticə əldə olunarsa, yeni hökumətə etimad səsverməsi üçün parlamentin iclası keçiriləcək. Koalisiya görüşlərindən bir nəticə alınmasa, yenidən seçki keçirilməsi üçün lazım olan 90 günlük vaxta start veriləcək. Baş nazir Əhməd Davudoğlunun rayon təşkilatlarına "seçkiyə hazır olun” təlimatı verməsindən sonra MHP sədri Dövlət Baxçalı da rayon təşkilatlarını ziyarət edərək erkən seçkilərlə bağlı müzakirələr aparıb. Baxçalı getdiyi hər yerdə partiya nümayəndələrinə AKP ilə eyni koalisiyada təmsil olunmaq istəmədiklərini və bunun səbəblərini açıqlayıb. MHP sədri deyib ki, əgər müəyyən olunan müddətdə hökumət qurulmazsa, erkən seçkinin gündəmə gətirilməsinə çalışacaq.
İsmayıl