Tələbələrə təhsil kreditlərinin verilməsi həmişə önə çəkilməlidir

“Ümid edək ki, qərar qəbul olunandan sonra ölkəmizdə tələbələrin iş yerləri ilə bağlı problemləri olmayacaq”


Milli Məclisin bu günlərdə baş tutan iclasında maliyyə naziri Samir Şərifov təhsil kreditlərindən danışıb. O qeyd edib ki, bu kreditlərin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən işlər aparılır:

"Təhsil kreditləri ilə bağlı konkret məlumat verə bilmərəm. Bu gün iqtisadi durumla bağlı, əsasən də inflyasiyanın nisbətən yüksək olduğunu nəzərə alsaq, 12-13 faizlə təshil kreditlərinin alınması əlverişli olmaz. Təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən işlər aparılır. Həm Təhsil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən işlər görülür. Bu barədə yaxın gələcəkdə, payız sessiyasında müəyyən məlumat veriləcək”.

Məsələni dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, yüksək intellektə malik və gələcəkdə hansısa işlə təmin olunma ehtimalı böyük olan tələbələrə təhsil kreditlərinin verilməsi həmişə önə çəkilməlidir: "Xaricdə bir çox şirkətlər və dövlət qurumları, obrazlı desək, universitetlərə ova çıxırlar. Birinci semestrdə yaxşı nəticələr əldə edən tələbələrlə tanış olurlar. Onları özəl danışıqlara dəvət edirlər. Həmin tələbələrdə yüksək potensial görürlərsə, onların təhsil kreditlərinin ödənilməsini və rəsmiləşdirməsini öz üzərlərinə götürürlər. Bir şərtlə ki, tələbə təhsil müddətini başa vurduqdan sonra bir müddət o şirkətdə çalışmalıdır. Bu da, çox yaxşı təcrübədir. Tələbənin gələcəkdə işlə təmin olunması bəri başdan məlum olur. Həm də təhsil kreditlərinin bir hissəsini özəl şirkətlər və dövlət qurumları öz üzərinə götürür. Bu, əsasən də özəl şirkətlərə aiddir. Təəssüf ki, Azərbaycanda bu təcrübədən çox az istifadə olunub”.

Azərbaycanda bir müddət əvvəl təhsil kreditinə bənzər təcrübənin olduğunu söyləyən ekspertin sözlərinə görə, o təcrübə təhsil krediti deyil, istehlak krediti kimi rəsmiləşdirilmişdi: "Kreditlərin faiz dərəcələri də kifayət qədər aşağı olmalıdır. Çünki söhbət ən azı 4-5 illik müqavilələrdən gedir. Ən yaxşı halda Mərkəzi Bankın uçot dərəcəsi səviyyəsində təqribən 3-4 faiz səviyyəsində olmalıdır. Tələbəyə artıq yük yaranmasın deyə, faiz dərəcələri aşağı olmalıdır. Yaxşı mütəxəssis olmaq istəyənlərə köməklik göstərilməlidir. Bununla da təhsil kreditlərinin verilməsi təmin olunmalıdır. Amma sonradan tələbələrin iş yerlərinin tapılmasında və kreditlərin qaytarılmasında müəyyən problemlərin olması ehtimalı da mövcuddur. Ümid edək ki, qərar qəbul olunandan sonra ölkəmizdə tələbələrin iş yerləri ilə bağlı problemləri olmayacaq”.

Ayyət Əhməd