"Telekanallardan biri dini radikalizmi təbliğ edir..." - Deputat

Fazil Mustafa:"Azərbaycanda PKK-nı, Kürd Muxtariyyətini dəstəkləyən məmur səviyyəsində bəyanatlar verildikdə, kimsə “gözün üstə qaşın var” demirsə, istənilən adam elə təşkilatlara qoşulmaq imkanı əldə edir"
"Xaricdə yaşayan azərbaycanlılar ölkədən gedib, müxtəlif dövrlərdə terror təşkilatlarına qoşulublar”.
Bunu "Sherg.az”a millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, azərbaycanlıların mahiyyətdən xeyli uzaq fəaliyyətlərə cəlb olunması başqa xalqlardan daha asan olur:
"Xaricdə - Qum şəhərində təhsil alan yüzlərlə azərbaycanlı var ki, artıq azərbaycanlı düşüncəsində deyillər. Onlar Azərbaycana qarşı istənilən şəkildə hərəkət edə bilərlər. Böyük əksəriyyəti militan kimi ölkəyə qarşı yetişdirilir.
Eyni zamanda İŞİD-ə qoşulan azərbaycanlılar da çoxdur. Onların içərisində terror aktları planlaşdıranlar da var.
Qarabağ boyda problemi olan xalqın nümayəndələrinin belə terrora meyl etməsi onu göstərir ki, biz milli ideyanı tamamilə mənimsəməmiş cəmiyyətik. Hətta diqqət etsək, bunun səbəbləri adi deyil. Azərbaycanda PKK-nı, Kürd Muxtariyyətini dəstəkləyən məmur səviyyəsində bəyanatlar verildikdə, kimsə "gözün üstə qaşın var” demirsə, istənilən adam elə təşkilatlara qoşulmaq imkanı əldə edir. Çünki heç kim bunun məsuliyyətini daşımır.
Azərbaycanda adi telekanallardan biri aylarla Azərbaycan cəmiyyətinə dini radikalizmi təbliğ edir, heç kimin səsi çıxmır. Hay-küy qaldırılıb, reaksiya verildikdə məsələyə münasibət bildirilir.
Acınacaqlı vəziyyətdir ki, dövlətin maraqlarını düşünənlərin sayı azalmaqdadır. Ona görə deyil ki, bu şəbəkənin mövcudluğuna göz yumanlar, arxasında duranlar var. Bunlara qarşı sərt mübarizə aparılmalıdır. Həmin şəxslərin araşdırılıb ortaya çıxarılması və ciddi cəzalandırılması vacibdir. İndiki halda Türkiyədə və başqa ölkələrdə belə hallara tez-tez rast gələ bilərik”.
Qeyd edək ki, son iki gündə Türkiyədə Ankara, İstanbul və İzmir başda olmaqla, 8 rayonda İŞİD terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat keçirilib. Ümumilikdə terror təşkilatına üzv olmaqda şübhəli sayılan 143 şübhəli saxlanılıb.
Əməliyyat-axtarış tədbirləri zamanı çoxlu sayda tapança, ov tüfəngi, sursat, terror təşkilatına məxsus sənədlər aşkarlanıb. Hüquq-mühafizə orqanlarının Bursa rayonunda və rayonun 7 qəsəbəsində keçirdiyi əməliyyat zamanı 2-i Azərbaycan, 28-i Suriya vətəndaşı olmaqla, 39 şübhəli şəxs saxlanılıb.
Aysel Aslan