Tələsmək lazım deyil

Qarabağ probleminin həllində Fransanın yeni mövqeyi hələlik ortada yoxdur
İşğalçı Ermənistana münasibət dəyişməyəcəksə, Makron hakimiyyətindən müsbət addım gözləməyə dəyməz

"Makron Qarabağ münaqişəsinin həllinin tərəfdarıdır”. Bunu Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez deyib. Səfir bəyan edib ki, Fransanın yeni prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdır və münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək:

"Prezident Makron Fransa-Azərbaycan arasında ikitərəfli əlaqələrinin zəngin olduğunu anlayır. Prioritet olan münaqişənin sülh yolu ilə həll edilməsidir. Bu problemin həllində ATƏT-in Minsk Qrupunun səylərini vurğulamaq istəyirəm. Makron da münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”.
Xatırladaq ki, Makron şəxsən özü prezident seçkisi ərəfəsində Qarabağ münaqişəsi ilə bağlı bəyanat verib. Problemi təkbaşına həll etməyin mümkün olmadığını deyən Fransa rəhbəri Dağlıq Qarabağ münaqişəsinin tamamilə həll olunması üçün maksimum dərəcədə səy göstərəcəyini açıqlayıb. Bir sıra ekspertlər həmsədr Fransanın yeni dönəmdə münaqişənin həllində nisbətən aktiv olacağını iddia etsələr də, əksəriyyət rəsmi Parisdən hansısa canfəşanlıq gözləmirlər. Onların fikrincə, Fransa hakimiyyəti erməni lobbisinin təsiri altındadır. 

Bu barədə "Şərq”ə fikirlərini bölüşən politoloq Natiq Miri deyib ki, Fransanın yeni prezidenti gənc, təşəbbüskar və dinamikdir. Ekspertə görə, Makron Fransanın xarici siyasətində dəyişiklik etmək niyyətindədir: 

"Bu, artıq onun fəaliyyətində özünü büruzə verməkdədir. Görünür, yeni Fransa öz siyasətində və proseslərə baxışında redaktələr etməyi düşünür. Fransa Dağlıq Qarabağ problemində həmsədr dövlət kimi aktivliyini artıra bilər. Makron Avropa Birliyinin ən güclü ölkəsindən birinə rəhbərlik edəcək”. 

Politoloq bildirib ki, Makronun məsələyə ciddi yanaşması çox mühümdür. Ancaq status-kvo olduğu kimi qalacaqsa, təkliflərdə dəyişiklik olmayacaqsa, işğalçı Ermənistana münasibət dəyişməyəcəksə, Makron hakimiyyətindən müsbət addım gözləməyə dəyməz: 

"Yeni prezident Dağlıq Qarabağ məsələsində prinsipial olaraq yeni yanaşma ortaya qoymalıdır. Onun rusiyalı həmkarı Putinlə görüşü zamanı prinsipial davranışı, özünü Avropanın güclü dövlətinin rəhbəri kimi aparması ictimaiyyətdə müsbət notlar yaratdı. Lakin tələsmək lazım deyil, Qarabağ probleminin həllində Fransanın yeni mövqeyi hələlik ortada yoxdur. Hər halda bilirik ki, Makron Fransua Olland deyil və onun kimi düşünmür. Əgər yeni və dinamik prezident açılmaz düyünə çevrilmiş Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilsə, Fransanın dünyadakı nüfuzu artacaq. Eyni zamanda rəsmi Paris Cənubi Qafqazın ən qüdrətli ölkəsi olan Azərbaycanın dəstəyini qazanacaq”.

İsmayıl