Şeyx bu məsələnin yoluna qoyulması üçün Mübariz Qurbanlıdan kömək istədi
Hacı Şahin Həsənli: "Azərbaycan əhalisinin Rəsədxananın təqdim etdiyi cədvələ üstünlük verməsi daha məqsədəuyğundur”
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda bəzi televiziya kanallarının orucluq vaxtı fərqli azan vaxtları verməsindən ciddi narahat olduqlarını bildirib və bununla bağlı dindarlar adından dövlətin müvafiq qurumlarına müraciət edib.
A.Paşazadə dünən QMİ-də keçirilən tədbirdə bildirib ki, adını çəkmək istəmədiyi bəzi telekanallar QMİ və Şamaxı Rəsədxanasının birgə tərtib etdiyi rəsmi təqvimdən fərqli azan vaxtı təqdim edir, bununla da insanlar arasında çaşqınlıq yaradır: "Bu da artıq bizdə din daxilində məzhəb ayrı-seçkiliyi, fərqli düşüncələrin yaranmasına səbəb olur ki, bundan da ciddi narahatlıq yaranıb. Dövlətimizin bunun qarşısını almasını istəmişik. Dini Qurumlarla Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının burada olmasından istifadə edərək dindarlar adından dövlətin təmsilçisi kimi ona müraciət edirik ki, o telekanalların bu fəaliyyətinə qadağa qoyulsun, heç olmasa, bir telekanalda bizim tərtib etdiyimiz təqvimə uyğun azan vaxtının verilməsinə şərait yaradılsın”.
QMİ-nin xüsusi nümayəndəsi Hacı Şahin Həsənli isə "Şərq”ə açıqlamasında bu işin DQİDK-yə həvalə edildiyini bildirdi:
- Həmin tədbirdə Şeyxülislam DQİDK-nin sədri Mübariz Qurbanlıya müraciət edərək bu məsələni nəzarətdə saxlamalarını istədi. Bütün telekanallarda məhz Şamaxı Rəsədxanasının namaz vaxtları ilə bağlı tərtib etdiyi cədvəlin yayımlanması işi DQİDK tərəfindən həyata keçiriləcək. Bildiyim qədər ölkə telekanallarından yalnız ANS televiziyası namaz vaxtlarını yayımlayır. Digər telekanallarda mən bunu müşahidə etməmişəm. ANS də hər zaman QMİ-nin cədvəlinə üstünlük verir. Ola bilsin ki, peyk vasitəsilə yayımlanan bəzi telekanallar istisnadır. Amma ölkə əhalisi nəzərə almalıdır ki, QMİ-nin təqdim etdiyi cədvəl tamamilə elmi hesablamalar və həmçinin şəriət hökmləri üzərində tərtib edilib. Rəsədxananın buna hər cür imkanı da var. Qeyd edək ki, Səudiyyə Ərəbistanı da bütün müsəlman ölkələri üzrə namaz vaxtlarını təqdim edir. Bir çox insanlar Səudiyyə Ərəbistanın dini mərkəz olması nöqteyi- nəzərindən çıxış edərək həmin şəri vaxt ölçülərinə üstünlük verirlər. H.Ş.Həsənli isə SƏ-nin heç də bütün müsəlman dünyasında dini mərkəz kimi qəbul olunmadığını diqqətə çatdırdı:
- Bəli, SƏ "umm-əl qura” sistem üzrə bütün müsəlman ölkələri üçün şəri vaxt ölçülərini təqdim edir. Lakin nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanı heç də bütün müsəlman aləmində dini mərkəz hesab edilmir. Məsələn, Türkiyə dövləti də özü namaz vaxtlarını tərtib edir. Və fətvalarında məhz öz ölkələrinin din xadimlərinin sözünü əsas götürürlər. SƏ-nin şəri vaxt ölçülərini Şamaxı Rəsədxanasının təqdim etdiyi vaxtla müqayisə etdikdə elmi hesablamaların uyğunsuzluğunu görürük. Halbuki Rəsədxananın Azərbaycan üzrə şəri vaxt ölçülərini təyin etməsi üçün hər cür imkanları var. Bu baxımdan Azərbaycan əhalisinin Rəsədxananın təqdim etdiyi cədvələ üstünlük verməsi daha məqsədəuyğundur.
Məlahət