Fazil Mustafa: “Arada bir müğənnilərdən ayrılıb soydaşlarımızın bu möhtəşəm tədbirini işıqlandırsaydılar, digər vətəndaşlarımızda da bir həmrəylik duyğusu yaranardı”
İyul ayının 26-da Borçalı elinin Armudlu yaylağında "Borçalı” İctimai Birliyinin təşkilatçılığı ilə sayca 7-ci Elat bayramı öz işinə başlayıb. Bayram şənliklərinə Azərbaycan, İran, Gürcüstan və Türkiyədən bır sıra ziyalılar, ictimaiyyət təmsilçiləri və jurnalistlər qatılıblar.
Həmçinin, tədbirdə "Borçalı” İctimai Birliyinin Türkiyə təmsilçisi Muharrem Yıldız, Dımanis valisi Baata Xizanaşvili, gürcü millət vəkili Qoqita Barbakodze və azərbaycanlı deputat Fazil Mustafa da iştirak ediblər. Muharrem Yıldız deyib ki, bu bayramın ən böyük mahiyyəti ondan ibarətdir ki, İrana, Azərbaycana və Türkiyəyə köçən qarapapaq türkləri öz ata yurdlarında bir araya gəliblər. Bu bayramda adətlərimiz üzə çıxarılaraq yeni nəsillərə çatdırılmalıdır. Əvvəllər bu bayramı biz öz aramızda qeyd edirdik. Ancaq indi Gürcüstandan və Azərbaycandan yüksək vəzifəli şəxslər də şənliklərə qatılıblar.

Tədbirdə iştirak edən millət vəkili Fazil Mustafa da Elat bayramının gözəl keçdiyini deyib: "Soydaşlarımızın bu cür təşkilatlanmış formada tədbirə qatılması ürəkaçıcı idi. Həqiqətən də bu bölgədə bizim türklərlə gürcülər arasında bir barış ab-havası olarsa, bölgənin tərəqqisi üçün çox işlər görmək mümkündür. Milli adətlərin təbliği üçün də gözəl fürsətdir. Bu ənənənin davamlı olmasında əsas xidmət sahibi olan "Borçalı” Cəmiyyətinə və onun sədri Zəlimxan Məmmədliyə bir daha bu faydalı işlərindən ötrü təşəkkür edirəm. Ən böyük təşəkkür isə bu tədbirdə hər il ürəkdən iştirak edən Gürcüstanda yaşayan soydaşlarımıza düşür. Bircə təşəkkür düşməyən Azərbaycan televiziyalarıdır. Gözümə heç biri dəymədi. Arada bir müğənnilərdən ayrılıb soydaşlarımızın bu möhtəşəm tədbirini işıqlandırsaydılar, digər vətəndaşlarımızda da bir həmrəylik duyğusu yaranardı. Onları sadəcə qınayıram”. Xatırladaq ki, "Borçalı” İctimai
Birliyinin sədri Zəlimxan Məmmədli də yerli telekanalları sərt şəkildə qınayıb. O deyib ki, Türkiyənin nüfuzlu televiziyaları (kanal D) Elat bayramını geniş şəkildə təqdim etsələr də, Azərbaycan kanalları tədbirə yer ayırmayıblar.
İsmayıl