Qulu Məhərrəmli: “Həmin təbəqəni təmsil edən insanlara xüsusi hörmətlə yanaşmaq lazımdır”
Televiziyalardan surdo-tərcümələrin yığışdırılması yolverilməzdir
Fiziki qüsurlu insanların da informasiya almaq haqqı var
Qulu Məhərrəmli: “Həmin təbəqəni təmsil edən insanlara xüsusi hörmətlə yanaşmaq lazımdır”
Qulu Məhərrəmli: “Həmin təbəqəni təmsil edən insanlara xüsusi hörmətlə yanaşmaq lazımdır”
Səbinə Əvəzqızı: "Çox təəssüf ki, bu məsələ hüquq müdafiəçilərinin də diqqətini çəkmir”
Televiziyalarda mövcud olan problemlərdən danışarkən gündəmə gətirilən çatışmazlıqlardan biri də eşitmə və danışma qabiliyyəti olmayan insanlar üçün surdo-tərcümələrin (jest dili) olmamasıdır. Azərbaycan telekanallarında lal və karlar üçün informasiya verilməməsi həmin təbəqəni məlumat blokadasında yaşamağa məhkum edir. Halbuki, MDB və dünya ölkələrinin çoxunda telekanallar gündə ən azı bir dəfə xəbərlər proqramında surdo-tərcüməçilərdən istifadə edirlər. Amma bizdə fiziki qüsuru olan insanlar informasiya əldə etmək üçün öz yaxın adamlarının köməyinə arxalanırlar.
Bu isə bir qrup vətəndaşın dünyadan xəbərsiz qalmasına gətirib çıxarır. Bir vaxtlar xəbərlər proqramını surdo-tərcüməçi ilə yayımlayan Azərbaycan Dövlət Televiziyası (AZTV) artıq uzun müddətdir ki, bu ənənəyə son verib. Bu prosesin nə vaxta qədər sürəcəyi, problemin nə vaxt öz həllini tapacağı isə hələ ki, sual altındadır. Xatırladaq ki, əvvəllər AzTV-də saat 17-də efirə çıxan "Xəbərlər” proqramında surdo-tərcüməçilər çalışıb. Lakin xəbərlərin titrlərlə verilməsindən sonra bu tərcüməçilərə ehtiyac qalmayıb. Yəni fiziki qüsurlu şəxslərin həmin titrləri oxuması ilə televiziyada surdo-tərcüməçi ştatlarına ehtiyac qalmayıb. Ancaq problem ondadır ki, Azərbaycan telekanallarında proqramların böyük əksəriyyəti titrlərlə verilmir. Məlumat üçün bildirək ki, Türkiyə telekanallarında nəinki bu ölkənin ictimai-siyasi həyatında ciddi rol oynayan informasiya məlumatları, hətta bəzi seriallar və digər böyük həcmli proqramlar da surdo-tərcümələrlə təqdim edilir. Bu baxımdan surdo-tərcümələrin Azərbaycan televiziyalarından birdəfəlik yığışdırılması heç də yaxşı hal kimi dəyərləndirilmir. Əksəriyyət bunu lal və karların hüquq pozuntusu kimi görür. Ekspertlərə görə, bu məsələdə iki amilə diqqət yetirmək - lal və karların sayı və hansı coğrafiyanı əhatə etməsi məsələlərini dəqiqləşdirmək lazımdır. Ancaq istənilən halda dövlət büdcəsindən maliyyələşən Az TV və İTV surdo-tərcümələr verməyə borcludur. Ümumiyyətlə, tv-lər Azərbaycan vətəndaşları arasında fərq qoymamalıdır. Fiziki qüsurlu insanların da informasiya almaq haqqı var. Surdo-tərcüməçilər mimika və jestlər vasitəsilə kar və lalları başa salır, onların zəruri məlumatları əldə etməsinə şərait yaradır. Hətta bəzi mütəxəssislərin fikrincə, surdo-tərcümə xəbərlərlə yanaşı, tok-şou xarakterli verilişlərdə də mütləq olmalıdır. Qardaş Türkiyə ilə yanaşı, qonşu Rusiya telekanallarında da surdo-tərcümə geniş yayılıb. Əlbəttə, bu cür tərcümənin efirdə gedən bütün verilişləri əhatə etməsi bəlkə də mümkünsüzdür. Amma xəbərlərdə və tok-şou xarakterli verilişlərdə mütləq olmalıdır. Məlumdur ki, bütün televiziyalara filmlərin çəkilməsi üçün dövlət büdcəsindən pul ayrılır. Əgər telekanallar istəyərsə, serialların içərisində lal və kar şəxslər üçün tərcümələr tətbiq edə bilərlər. Ekspertlərə görə, subtitrlər, məhdud alt yazılar surdo-tərcümələri tam əvəz edə bilməz. Hansısa xəbərdə bir cümləlik subtitr verməklə bütöv xəbəri anlatmaq mümkün deyil. Ona görə də Rusiya və Türkiyə televiziyalarında subtitrlərdən istifadə olunsa da, surdo-tərcümələr də qalmaqdadır. Təəssüflər olsun ki, əksər kanallar maliyyə məsələsində simiclik edirlər. Əlavə vəsait tələb olunduğuna görə, surdo-tərcüməçi tutmurlar. Anlamırlar ki, televiziya kanalları biznes fəaliyyəti ilə yanaşı, həm də sosial məsuliyyət daşıyırlar. Bunu nəzərə alıb, əsas verilişlərdə surdo-tərcüməçi tutmalıdırlar. Hazırda surdo-tərcüməçilər azdır, çünki onların işinə tələbat yoxdur, əgər tələbat artarsa, tərcüməçilərin də sayı çoxalar. Aydındır ki, qanunvericilik baxımından teleməkanların surdo-tərcümələrə yer verməməsi heç də hüquq pozuntusu deyil. Amma mənəvi prizmadan yanaşanda, bu, televiziyaların lal-karların qarşısında mənəvi məsuliyyətinin pozulmasıdır.
Mövzu ilə bağlı "Şərq”ə danışan televiziya eksperti, professor Qulu Məhərrəmli deyib ki, televiziyalar tamaşaçı auditoriyasına çox hörmətlə yanaşmalıdır. Onun sözlərinə görə, surdo-tərcümə cəmiyyət üçün sosial jestdir:
"Televiziyalar bu metoddan könüllü istifadə etməlidir. Ancaq bizim özəl telekanallar bunu etmir. Dünyada qəbul olunmuş qaydaya görə, özünə hörmət edən, cəmiyyətdə nüfuzu olan, imic qazanmaq və auditoriyaya yaxınlığını bildirmək istəyən televiziya kanalları heç olmasa təkcə xəbərlər proqramını surdo-tərcümə ilə təqdim etməlidirlər. Xatırladım ki, Azərbaycanda bu ənənə olub, vaxtı ilə AzTV-də surdo-tərcümədən istifadə edilib. O vaxt AzTV mərkəzi televiziya kimi dünya teleməkanına inteqrasiyadan bəhrələnmək istəyirdi. Lakin sonrakı dövrlərdə surdo-tərcümələrdən imtina edildi. Özəl telekanallar bu işdə maraqlı deyillər, çünki surdo-tərcümə üçün əlavə ştat, təşkilatçılıq və əlavə maliyyə lazımdır. Özəl televiziyalardan fərqli olaraq beynəlxalq qaydalara əsasən, dövlət büdcəsindən maliyyələşən kanallar, yəni AzTV və İTV mütləq surdo-tərcüməyə üstünlük verməlidir. Xüsusən, İctimai Televiziya bu məsələdə diqqətli olmalıdır. Ən azı günün istənilən saatında xəbərlər proqramı surdo-tərcümə ilə təqdim edilməlidir. Praktikaya görə, axşam saatlarında efirə gedən, yəni saat 06:00-da tamaşaçılara təqdim edilən informasiya proqramında surdo-tərcümənin verilməsi daha məqsədəuyğun sayılır”.
Professorun fikrincə, surdo-tərcümələrdən tamamilə imtina edilməsi yolverilməzdir: "Bu cür addım atmaq müəyyən fiziki qüsurlara sahib izləyicilərə hörmətsizlikdir. Tərcümələri bərpa edən kanallar həmin təbəqənin hörmətini yenidən qazana bilərlər. Məncə, bunu MTRŞ və başqa hansısa qurumdan tapşırıq gözləmədən, təlimat almadan etmək daha yaxşı olar.
Özünə hörməti olan telekanalın cəmiyyətin müəyyən təbəqəsini nəzərə alaraq xüsusi addım atması mənəvi borcu və vəzifəsidir. Nəzərə alaq ki, büdcədə toplanan vəsaitin içində eşitmə və görmə qabiliyyəti olmayan şəxslərin maaşlarından və ya müavinətlərindən ödədikləri vergilər də var. Ona görə də həmin təbəqəni təmsil edən insanlara xüsusi hörmətlə yanaşmaq lazımdır. Bir sözlə, efirlərdə surdo-tərcümələrin olmaması çox pis tendensiyadır və televiziyaların ciddi nöqsanıdır”. Q.Məhərrəmli bildirib ki, dünya təcürbəsində adətən xəbər proqramlarına surdo-tərcümələr tətbiq edilir. Ancaq son dövrlərdə digər tipli proqramlara da şamil olunmağa başlanılıb: "Türkiyədə belə tərcümələri seriallara da tətbiq etməyə hazırlaşırlar. Bunun da bəlli səbəbləri var. Qardaş ölkədə seriallar çox izlənilir. Ancaq bizdə auditoriyanı öyrənmək anlayışı yoxdur. Hardasa 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərindən bu yana tamaşaçının mövqeyi, istəyi yoxlanılmır. Bizdə daha çox heç də etibarlı olmayan reytinq cədvəllərinə əsaslanır. Guya bu cədvəllər insanların hansı verilişə baxdıqlarını, ya da əksinə, baxmadıqlarını müəyyən edir. Auditoriyanı öyrənməyi bacaran televiziyalar əhalinin sosial tərkibini və çatışmazlıqlarını bildiyi üçün tamaşaçıya hansı formada material təqdim etməyin lazım olduğunu bilir. Ölkəmizdə bu proses getmir, televiziyalar izləyiciləri nəzərə almırlar. Unuduruq ki, televiziyanın əsas işi cəmiyyətə xidmət etməkdir, insanları məlumatlandırmaqdır. İlk növbədə kiçik həcmli prorqamlarla işə başlamaq lazımdır. Tədricən, böyük auditoriyalar üçün nəzərdə tutulmuş iri həcmli verilişlərə də surdo-tərcümələr tətbiq edilə bilər. Əgər fiziki qüsurlu insanlarımız seriallarda da surdo-tərcüməni görmək istəyirsə, müəyyən mexanizmlərlə bunu reallaşdırmaq olar. Televiziyalarımız başlarının altına yastıq qoymamalı və dünyada gedən proseslərlə ayaqlaşmalıdır. Hesab edirəm ki, surdo-tərcümələrlə bağlı kadr problemi yoxdur. Müəyyən təşkilatlar və kurslar surdo-tərcüməçilər hazırlayırlar. Sadəcə olaraq onlardan istifadə etmək istəyi yoxdur”.
"Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı da "Şərq”ə açıqlamasında bəyan edib ki, televiziyalarda surdo-tərcümələrin olmaması ölkədə eşitmə əngəlləri olan xeyli insanın haqqının pozulmasıdır:
"Çox təəssüf ki, bu məsələ hüquq müdafiəçilərinin də diqqətini çəkmir. Əngəllilərə münasibət eyni zamanda həmin qurumun mədəni səviyyəsinin göstəricisidir. Bu qisim insanlarımızı cəmiyyətdən təcrid etməyə haqqımız yoxdur. Mənim yaxın qohumlarım arasında belə əngəllilər var. Ona görə bu problemə daha həssas yanaşıram, çünki onların bu sahədə yaşadıqları təcridlərin canlı şahidi olmuşam. Bu insanları tale onsuz da bir dəfə incidib. Onları növbəti dəfə incitməyə heç kimin haqqı yoxdur”.
S.Əvəzqızının sözlərinə görə, surdo-tərcümələrin konkret hansı səbəbdən olmamasının cavabını yəqin ki, televiziyalar özləri verə bilərlər:
"Hansısa cavab bu məsələyə münasibəti ört-basdır edə bilər. Mütəxəssislər yoxdursa belə mütləq hazırlanmalıdır. Məsələyə hətta biznes istiqamətindən baxanda belə bu məsələdə televiziya özü itirir. Əngəlli insanlar özləri üçün daha məqbul televiziya kanalı tapacaqlar və birdəfəlik onları izləməyə davam edəcəklər. Bu qədər böyük ordunu itirmək telekanallara heç nə qazandırmır. Hesab edirəm ki, surdo-tərcümələrin olmasında özəl kanallar daha çox maraqlı olmalıdır. Ən yaxın qonşularımızda belə bu problem öz həllini tapıb. Fikrimcə, bu məsələdə ən böyük günahların biri də Azərbaycan Karlar Cəmiyyətinin üzərinə düşür. Məşhur deyimdə olduğu kimi, "haqq verilmir, alınır”.
"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı da bəyan edib ki, bu təcrübə bütün ölkələrdə çoxdan var:
"Azərbaycanda sovet dövründə surdo-tərcümə var idi. Müstəqillikdən sonra bir müddət davam etsə də, nədənsə yığışdırıldı. Məncə, təcili bərpa olunmalıdır. Bütün vətəndaşların informasiya almaq hüququ var və bu, təmin olunmalıdır. Dövlət və ictimai televiziya surdo-tərcüməyə məcburdur, yəni bunu etməyə borcludur. Kommersiya kanallarına da bununla bağlı icbari tələb qoyulmalıdır”.
(Davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb