“Əslində məqsədim, iddiam xəbər aparıcısı olmaq idi. Qismət elə oldu ki, sonralar əyləncəli verilişlərə meyilli oldum”
“Televiziyaların yeni simalara ehtiyacı var”
Zaur Kamal: “Axşam saatlarında bizimlə rəqabətdə ola biləcək şou xarakterli layihə yoxdur”
“Əslində məqsədim, iddiam xəbər aparıcısı olmaq idi. Qismət elə oldu ki, sonralar əyləncəli verilişlərə meyilli oldum”
“Əslində məqsədim, iddiam xəbər aparıcısı olmaq idi. Qismət elə oldu ki, sonralar əyləncəli verilişlərə meyilli oldum”
"Bir yana gedəndə istəyirəm ki, orda şou-biznesdən mənə sual verməsinlər. Bu məni daha çox yorur”
Televiziya digər media vasitələrindən bir sıra cəhətlərinə görə fərqlənir. Əgər nəzərə alsaq ki, yazılı media informasiyanın cəmiyyətə çatdırılması baxımından müəyyən vaxt tələb edirsə, televiziyada bu fərq aradan qalxır. Eyni anda televiziya vasitəsi ilə qlobal auditoriyaya informasiya transformasiyası həyata keçirilir. Televiziya maarifləndirmək, məlumatlandırmaq və eyni zamanda əyləndirmək üçün ən geniş təbliğat vasitəsidir. Bəs bugünkü teleməkan tamaşaçı zövqünə cavab verə bilirmi? Teleməkanımızın rəngi necə görünür? Suallarımızla Xəzər televiziyasının tanınmış aparıcısı Zaur Kamala ünvanladıq.
- Azərbaycan teleməkanını siz necə görürsünüz?
- Azərbaycan teleməkanında o qədər bənzərlik var ki, bu, insanı yorur. Biz o vaxt "Ay Zaur” layihəsinə başlayandan bir müddət sonra efirlərdə nə qədər ay Zaurlar göründü. Adətən deyirlər gör-götür dünyasıdı. Baxırlar hansı proqram sevilir, hamı çalışır o verilişə bənzər nəsə təqdim etsin. Loru dildə desək, "kapirovka” edirlər. Belə olanda da verilişin rəngarəngliyi olmur. Teleməkanlar sönük görünür. Pisi odur ki, verilişlər biri-birinə bənzəyir.
- Siz özünüz televiziyaya baxırsız?
- Səmimi desəm mən özüm televiziyaya az baxıram. Şou, əyləncəli proqramlar demək olar fərqlənmir. Xarici ölkələrin verilişlərinə baxıram. Amma yerli teleməkanlara baxmıram. İş ondadır ki, biz 5/5 verilişinə başlayanda qarşı kanallarda bu verilişə rəqib olan layihə, veriliş olmadı. Rəqib olanda daha çox məsuliyyət hiss edirsən. Axşam saatlarında bizimlə rəqabətdə ola biləcək şou xarakterli layihə yoxdur. Rəqabət olmayanda maraqsız olur.
- Rəqabətə ehtiyac hiss edirsən?
- Təbii. O biri layihələrdə yenə nəsə rəqabət hiss olunurdu. Bu mövsüm onu hiss etmədim. Sanki eyni yerə vurub dayandıq.
- Efirlərdən nəsə öyrənə bilirsən?
- Xarici kanalları izləyirəm. Tam səmimi danışırıqsa, ordan nəsə götürürəm, amma tam eyni layihəni təkrarlamıram. Onu özümüzə uyğun hazırlamağa üstünlük verirəm.
- Yəni bizim xalqın milli xarakterinə, milli düşüncəsinə uyğun hazırlamağa üstünlük verirsən.
- Bəli, tamamilə bu fikirlə razıyam. Bizim xalqın milli xarakterik xüsusiyyətləri var ki, onu mütləq nəzərə almaq vacibdi. Yəni təqdim etdiyin məhsul bizim tamaşaçının qəbul etdiyi tərzdə olmalıdır.
- Televiziyada estetika nə qədər vacib amildir və Zaur Kamal üçün televiziya estetikası nədən başlayır?
- Televiziya bər-bəzəyi çox sevir. Bu mənim subyektiv bir fikrimdir. Televiziya sığalı sevir. Mən radioda da illərlə çalışmışam. Radioda belə deyil. Radionu həmişə bir oğlana, televiziyanı isə bir xanıma bənzədirəm.
- Yəni televiziya qadın kimi sığal, gözəllik, yumşaqlıq sevir.
- Bəli, televiziya qadın kimi sığal, bər-bəzək, aksessuar, yaraşıq sevir. Televiziya qadın kimi plastikanı sevir. Radioda o vaxtlar işləyəndə çox tanınmışlarla ünsiyyətim olurdu. Radioda səs vacibdi. Hətta Alim Qasımov deyirdi ki, sənin səsin insana təsir edir. Amma televiziyaya gələndən sonra mən özümdə də dəyişikliklər etməli oldum. Televiziyaya baxan tamaşaçı səni sona qədər izləsin deyə, sən onu danışığınla, hərəkətlərinlə, məkanınla, qonağınla elə ekrana bağlamalısan ki, o, sona qədər səni izləsin.
- Aparıcıdan səmimiyyət də tələb olunur. Televiziyada olan insan nə qədər səmimi olarsa, tamaşaçı o qədər ona inanar.
- Bəli, televiziya səmimiyyəti sevir və tələb edir. Təəssüf ki, bu gün teleməkanlarımızda kadr çatışmazlığı hiss olunur. Televiziyaya yeni aparıcılar, yeni simalar çox az gəlir. Belə bir fikir formalaşıb ki, nə var köhnədədir. Əslində belə deyil. Yeni simalara ehtiyac var. Efirlərdə 3-5 köhnə aparıcı var. Onlardan başqasını tamaşaçı görə bilmir. Bir məktəb olaydı ki, orda gənclər özlərini sübut edə biləydilər, aparıcı olaraq yetişəydilər. Elə aparıcı da var ki, 10 ildi efirdədir, amma aparıcı kimi qəbul olunmur. Tamaşaçı tərəfindən sevilmək naxış məsələsidir həm də.
- Gənc simaların efirə gəlməsi sizi qorxutmur, narahat etmir ki?
- Əksinə, bu bizim işimizə də müsbət təsir edərdi. Rəqabət olardı. Gənclərin fərqli düşüncələri olur ki, bunlar maraqlı ola bilər. Mənə müraciət edənlər olur ki, efirə gəlməyə kömək et. Bəzilərini prodüser kimi dəvət etmişik ki, verilişin gedişatını izlədikcə təkmilləşsin. Deyirlər sənin kimi olmaq istəyirik. Deyirəm mənə oxşamayın, nəsə götürün, amma özünüz olun efirdə. Biz də ömür boyu televiziyada olmarıq ki. Bizim də bir zamanımız var. Vaxtı gələndə gedərik.
- Zaura bənzəməyə çalışanlar var. Bu səni narahat etmir?
- Əslində yox. Mənə deyirlər ki, filankəs özünü sənə oxşadır. Pis baxmıram. Mən də kimdənsə nəsə öyrənmişəm, götürmüşəm. Hansı aparıcı xoşuma gəlibsə, ondan nə isə götürmüşəm. Götürmək pis deyil. Amma öz dəsti-xəttin olmalıdır. Hərənin öz yolu olmalıdır ki, iz qoya bilsin.
- Efirlərdə aparıcıların ləhcə, şivə ilə danışmağı nə qədər doğrudur?
- Bəzən yazırlar ki, aparıcıların dilində qüsur var. Qüsur tamamilə fərqli bir anlayışdı, ləhcə ilə danışmaq başqa bir problemdir. Dildə qüsur odur ki, hərfləri düzgün vurğulaya bilməyəsən. Amma ləhcə ilə danışmaq başqa bir məsələdir. Xəbərlərdə olan aparıcının ləhcə ilə danışması qətiyyən yolverilməzdi. Mən o vaxtlar xəbərlərə də hazırlaşmaq istəyirdim. Xalq artisti Şərqiyyə Hüseynova məni hazırlayırdı. Deyirdi ki, sənin diksiyan xəbərlərə oturur. Elə oldu ki, mən şouya gəldim. Şouda, əyləncədə ləhcə ilə yeri gələrsə danışmaq olar. Şirinlik olsun deyə. Maraqlı səslənsin deyə şou tipli, əyləncəli proqramlarda zarafatla ləhcə ilə danışmaq mümkündür.
- Yəni əyləncəli verilişlərdə zarafatla ləhcədən istifadə etmək qüsur deyil?
- Yox. Çünki orda şirinlik xatirinə belə danışığa yer verilirsə, niyə də olmasın. Amma xəbərlərdə, sosial mesaj xarakterli verilişlərdə aparıcının ləhcə ilə danışması qətiyyən doğru deyil. O aparıcı batdı demək. Onun kitabı elə efirə çıxan gün bağlanmış olar.
- Qeyd etdin ki, bir müddət xəbər aparıcısı olmaq üçün çalışmısan.
- Bəli, əslində məqsədim, iddiam xəbər aparıcısı olmaq idi. Qismət elə oldu ki, sonralar əyləncəli verilişlərə meyilli oldum. Bir də gördüm ki, şou layihələrin aparıcısıyam. Amma xəbər aparıcısı olmaq istəyim böyük idi.
- İllər sonra necə, Zaur Kamalı xəbər aparıcısı kimi görmək mümkündürmü? Yəni hələ də o iddian varmı?
- Əslində istəyirəm. O iddiam hələ də var. Nə gizlədim? Bir də son illər diqqət yetirirsinizsə, xəbərlərdə də dinamika, bir az şou lazım olur. Yəni indi dünyanın bir çox telekanallarında, elə bizdə də xəbər aparıcıları arasında tərzi ilə seçilən, daha dinamik xəbər çatdıran aparıcılar var. Xəbər də bir az əyləncəli, bir az da dinamik şəkildə tamaşaçıya təqdim olunanda daha maraqla qarışlana bilir. Şərqiyyə xanım da mənə deyirdi ki, səndə xəbərlər gözəl alınar. Heyf...
- Deyirsən çox gecdi?
- Düşünə bilərəm. Bu da bir qismət məsələsidir. Amma içimdə o istəyin reallaşmasını arzulayardım.
- Bəs necə oldu ki, televiziyaya, radioya üz tutdun. Təsadüf səni televiziyaya gətirdi, ya məqsədin efirə gəlmək olub?
- Uşaqlıqdan ən böyük arzum olub ki, televiziyaya gəlim, aparıcı olum. Atam məni çox incitdi ki, efirə gəlməyim, qadağa qoyurdu ki, artist olmağına razı deyiləm. Mən Gürcüstanda yaşayan azərbaycanlılardanam. Biz tərəflər kişinin artist olmasını xoş qarşılamırdılar. Efirə gələn hər kəsi elə artist kimi qəbul edirdilər. Deyirdi ki, kişi sənəti deyil. Hətta bəziləri elə bilirdi mən rejissorluğu bitirmişəm. Hətta bu sahə də xoş qarşılanmırdı. Amma illər sonra mən televiziyaya gəldim, məqsədimə çatdım.
- Bu gün şan-şöhrət, tanınmaq münasibəti dəyişdimi? Atanız bu gün də sizin efirdə olmağınızı qəbul etmir, ya əksinə?..
- Təbii ki, tanınmaq, məşhurluq münasibəti dəyişir. Atam heç razı deyildi ki, mən bu sahəyə gəlim. Amma bu gün qohum-əqrəba, dost-tanış içində mənimlə fəxr edir. Toyda, məclisdə atama barəmdə xoş sözlər deyirlər, hiss edirəm ki, bu onun ürəyini sakit edir. İndi Zaurla fəxr edir.
- Teleməkanda görmək istədiyin nə qalıb?
- Radioda 20 ilə yaxın çalışmışam. Bu gün o rəqəm çox adi səslənir. Çünki 20 il bir igidin ömrüdür. Radioda etmək istədiklərimi etmişəm. Ən böyük arzum dünya şöhrətli Zeynəb Xanlarovanın qonağım olması idi. Bu mənə qismət oldu. Zeynəb xanım qonağım oldu. Bundan artıq radioda nə isə etməyə ehtiyac qalmadı. İstədiklərimi etmişəm, Türkiyənin məşhurları qonağım olub. Amma televiziyada etmədiklərim var ki, onları etmək istəyim, iddiam var. İnşallah qismət olar.
- Televiziya çərçivəni sevirmi? Ya televiziya bu qədər sərbəst görünməlidir?
- Sərbəstlik lazımdı, amma o qədər sərbəstlik də efiri ucuz göstərə bilər. Misal üçün, mən efirdə sərbəstəm deyə yerə yıxılmaram.
- Ya da şpaqat açmaram....
- Yox, bunu deməyim (gülür). Mən o xanımın xətrini çox istəyirəm. Şəxsən onunla tanışlığım yoxdu, salam-kəlamım olmayıb. Amma o xanımın xətrini çox istəyirəm. Kobud da olsa deyəcəm. Dedilər ki, efirdə corab geyinmə, şalvardan corab görünməsin. İndi belə dəbdi. Kənardan, sağdan-soldan fikirləri öyrəndim, gördüm heç kim istəmədi ki, mən dəb xatirinə efirə corabsız çıxım. Yəni mənim tamaşaçım məni belə görüb, belə qəbul edib.
- Səni təriflədikləri qədər tənqid edənlər də olur.
- Mən tənqidləri normal qəbul edirəm. Tənqid olmalıdır. Yəni istənilən efir məkanında olan insan haqqında müxtəlif fikirlər yaranır, səslənir. Hamı məni sevmək məcburiyyətində deyil.
- Əsasən sənə ünvanlanan tənqidlərdə qonaqlarınla münasibətdə bir az sərtliyin, onlara olan atmacaların müzakirə olunur.
- Əvvəllər tənqidlər məni narahat edirdi. Pis olurdum. Sonralar alışdım. Anladım ki, bu olmalıdır. Sən hər gün efirdəsənsə, səni müzakirə edəcəklər. Qaldı qonaqlarımla münasibətə, mən qonaqlarımla səmimiyəm, onlardan da səmimiyyət gözləyirəm. Bizdə şou, əyləncə proqramlarını hələ də qəbul etməyiblər. Biz hələ də buna hazır deyilik. Müğənni şou xarakterli verilişə gəlib, danışırıq gülürük, oynayırıq. Veriliş bitir, sənətçi az qala özünü öldürür ki, gərək bunu belə deməyəydik, burda oynamayaydıq. Gülməyəydik. Deyirəm, ay zalımın balası, sən əyləncəli verilişə gəlmisənsə bunlar olmalıdır. Demək istədiyim odur ki, biz əyləncəli verilişləri qəbul etməyə hələ də hazır deyilik. Axı biz etikadan kənar nəsə demirik. Sadəcə əyləncəli olsun deyə zarafat edirik. Bu əyləncəni yaratmasaq, tamaşaçı verilişi izləməz. Xarici kanallara baxın, görün əyləncəli verilişlərdə nələr yaşanır. Tamaşaçı zamanla yəqin bunları da normal qəbul edəcək.
- Aparıcıların verilişlərə hazırlıqsız gəlməsi də çox zaman müzakirə predmeti olur.
- Əgər veriliş baxımlıdırsa, verilişdə suallar, oyunlar varsa, aparıcı nəsə maraqlı təqdim edirsə, demək ki, verilişə hazırlaşıb. Yoxsa monoton şəkildə, quru-quru verilişdən söhbət gedirsə orda aparıcı ancaq kağızdan oxuyub nəsə danışır. Onun hazırlıqlı olması belə tamaşaçı üçün maraqlı görünmür. Aparıcı efirdə, xüsusilə canlı yayımda nə qədər əvvəldən hazırlıqlı olmalıdırsa, o qədər də ekstrim vəziyyətlərə hazırlıqlı olmalıdır. Mən əvvəllər verilişin maraqlı olması üçün tək əziyyət çəkirdimsə, indi komanda əziyyət çəkir. Komanda şəklində maraqlı layihə təqdim etmək üçün çalışırıq. Bu isə bəhrəsini göstərir. Tamaşaçı maraqlısansa səni izləyəcək.
- Bu yolda heç vaxt peşman olmamısan?
- Düzünü desəm hərdən yoruluram. Amma bu sahəni, bu məkanı sevdiyim üçün də o hisslər ani olur, keçir. Bir də mən hara gedirəmsə çox istəyirəm ki, orda şou-biznesdən mənə sual verməsinlər. Bu məni daha çox yorur. Axı mən getdiyim məkanlarda efirdəki Zaur deyiləm. Sadə Zaur kimi olmaq rahatlığını istəmirəm pozsunlar. Efirdən kənarda mən də hər biriniz kimi sadə insanam. Tanınmış olmaq bəzən bu baxımdan həyatıma mane olur. Amma istənilən halda bu sahəyə gəldiyim üçün peşman deyiləm.
Tahirə Məmmədqızı