Moldova Zelenskinin təyyarəsini dronun təhdid etməsi barədə məlumatı təkzib edib

Moldova hakimiyyəti Ukrayna Prezidenti Vladimir Zelenskinin Kişinyovdan uçuşu zamanı təyyarəsinin pilotsuz uçuş aparatı tərəfindən təhdid edilməsi barədə məlumatları təkzib edib.

Sherg.az xəbər verir ki, bunu Moldova hökumətinin sözçüsü Dumitru Çorici bildirib.

Hadisə sentyabrın 8-də Zelenskinin Kişinyovdan Osloya yola düşməsi zamanı baş verib. Dronun Ukrayna ərazisindən Moldova hava məkanına daxil olduğu bildirildikdən sonra ölkənin hava məkanı müvəqqəti bağlanıb. Nəticədə bir neçə reys gecikib.

Çorici bildirib ki, Zelenskinin təyyarəsinə birbaşa təhlükə olmayıb. Moldova hərbçiləri pilotsuz aparatı Rumıniya sərhədini keçənədək izləyiblər.

Qeyd edək ki, Norveçin Baş naziri Yonas Qahr Store daha əvvəl Zelenskinin təyyarəsinin Moldovadan qalxarkən dron tərəfindən az qala vurulduğunu bildirmişdi. O, pilotsuz aparatın kimə məxsus olduğunu və təyyarəyə nə qədər yaxınlaşdığını açıqlamayıb.