“Telman İsmayılovun qardaşının həbsində Rusiyanın əli var”

İlqar Altay: “Onun bazarını bağladılar və biznes imkanlarını sıxışdırdılar”
Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs edilib. R.İsmayılov ticarət komplekslərinin sahibi Vladimir Savkin və "Lublino motors”un təsisçisi Yuri Brilevin qətlində günahlandırılır. Məlumata görə, R.İsmayılov və onunla əlbir olan Mehman Kərimova "iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb.
Rusiya İstintaq Komitəsinin versiyasına görə, biznesmenlərin qətlə yetirilməsinə səbəb Rafiq İsmayılov və Vladimir Savkin arasında maliyyə mübahisəsi olub. V.Savkin Rafiq İsmayılovla birgə Moskvada ticarət-əyləncə kompleksinin sahibi kimi çalışıb. İsmayılov kompleksi satıb və bütün pulları özünə götürüb. O, Savkinə bir neçə milyon dollar borclu olub və rusiyalı biznesmen pullarını geri qaytarmaq istəyib. Mehman Kərimov bu münaqişədə vasitəçi rolunu oynayıb və öz qurbanları ilə görüşə münaqişənin nizamlanması üzrə vasitəçi kimi gəlib. İstintaq sübut edib ki, Rafiq İsmayılov qətlin törədildiyi yerə killer Mehman Kərimovu gətirib. Telman İsmayılovun qardaşı killerlə görüşə oğlu Raul İsmayılovun "Mercedes” markalı maşını ilə gəlib. 
Biznesmenlərin "vor zakon” aləmi ilə əlaqələri barədə "Şərq”ə danışan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, Rusiyada əksər biznesmen kriminal aləmlə əlaqəlidir:
 "Kriminal aləmin demək olar ki, bütün iqtisadi sahələrin üzərində "əli” var. Ona görə də iş adamları ilə kriminal avtoritetlər daim bu və ya digər formada ünsiyyətdə olurlar. Elə biznesmenlər var ki, kriminal dəstələrin "haqqını” verməklə onlardan uzaqda dayanır, məsafə saxlayırlar. Amma elə iri sahibkarlar da var ki, birbaşa avtoritetlərlə əlaqə qurur, onlarla işləyirlər. Artıq kriminal aləm özü biznesləşib. Bilmək olmur ki, adıçəkilən şəxs biznesmendir, yoxsa avtoritetdir. İllərlə ticarətlə məşğul olan, böyük şirkət quran bir adamın adı müəyyən müddətdən sonra kriminal aləmdən gəlir. Bu yaxında Rusiyada DİN-in yüksək vəzifəlisini, bir polkovniki həbs etdilər. Məlum oldu ki, polkovnik bütün "obşakın” pullarını yığırmış. Onun evindən neçə ton dollar çıxdı. Hətta bir də görürsən, hansısa alim, professor kriminal aləmin içindədir. Əli pulla oynayan iş adamlarının avtoritetlərlə tez-tez ünsiyyətdə olması digər sahələrə baxmış adi görsənir. Çünki kriminalların "iş sahəsi” biznesmenlərin iqtisadi fəaliyyəti ilə üst-üstə düşür. Məncə, Rusiyada böhran dərinləşdikcə, bu proses daha da güclənəcək”. Ekspert ittihamların qərəzli ola biləcəyini də istisna etməyib: "Telman İsmayılovun qardaşına irəli sürülənlər hələlik sadəcə ittihamlardır. Nəzərə almaq lazımdır ki, azərbaycanlı iş adamı T.İsmayılova qarşı Rusiya hakimiyyətinin qərəzli mövqeyi var. Onun bazarını bağladılar və biznes imkanlarını sıxışdırdılar. Ola bilsin, biznesmenin qardaşına qarşı irəli sürülən ittihamlar da məhz T.İsmayılova olan qərəzli yanaşmanın tərkib hissəsidir”.
İsmayıl