
Təqaüdünü millətinə xərcləyən kişi...
Biz necə etməliyik ki, insanlarımız ziyalılığı, Vətən qarşısında məsuliyyəti Şirməmməd müəllim obrazında şəxsiyyətlərdən öyrənə bilsinlər

Millət vəkili Fazil Mustafa ictimaiyyətə sual ünvanlayıb; necə edək ki, insanlarımız ziyalılığı, Vətən qarşısında məsuliyyəti öyrənsinlər? Bu sual elə-belə, boşuna ortaya çıxmayıb. Dəyərli ziyalımız, professor Şirməmməd Hüseynovun timsalında səslənib.
F.Mustafa feysbuk səhifəsində Şirməmməd Hüseynovla telefon söhbətinin məzmununu paylaşıb. İctimaiyyəti düşündürəcək sual da məhz bu danışıq fonunda boy göstərir:
"Bu gün qocaman və dəyərli Azərbaycan aydını Şirməmməd Hüseynova zəng vurmuşdum. "Azərbaycan” qəzetindəki parlament müzakirəsini əks etdirən iki cildlik kitabı mənə göndərdiyinə görə təşəkkür etdim. Bu barədə ayrıca status yazdığıma görə üzərində çox da durmaq istəmirəm. Artıq Şirməmməd müəllim 3-cü cildi də tamamlamaq üzrədir.
Sadəcə vacib bir məqama toxunmaq istəyirəm ki, biz necə etməliyik ki, insanlarımız ziyalılığı, Vətən qarşısında məsuliyyəti Şirməmməd müəllim obrazında şəxsiyyətlərdən öyrənə bilsinlər. Diqqət yetirin, adam Prezident təqaüdü alır, o vəsaiti şəxsi yaşamı üçün xərcləmir. Cümhuriyyət tariximizə aid bütün kitabları öz vəsaiti hesabına kompüterdə yazdırır, redaktə etdirir, nəşr etdirir. Sonra da satışa da vermir, ayrı-ayrı insanlara pulsuz-parasız göndərir ki, oxuyub aydınlansınlar. Yəni ölkə Prezidentinin verdiyi təqaüdü millətin maariflənməsi üçün xərcləyir.
Bir çox insanlar tanıyıram ki, hətta imkanları, övladlarının vəzifə gəlirləri ən yüksək formada olsa da, bu təqaüdü alırlar. Cəmiyyətə, millətə verdikləri, üç badam bir qozdan artıq deyil. Bu kişiyə, yəni Şirməmməd müəllimə həmin təqaüdün beş qatını, on qatını da versən halaldır, bu cür fədakarlıq nümunəsinin adını hansısa bənzətmə ilə təqdim etməyə həqiqətən də çətinlik çəkirəm. Danışdıqca aydın, diri, modern təfəkkürünə heyran qalırsan. Qeyd edim ki, tarixə, dəyərlərə baxışlarımız əsasən üst-üstə düşür və bu yeni düşüncəni arıq vücudunda daşıyan dəyərli bir azərbaycanlını görəndə bizi nadanlıqları ilə işimizdən ayıran bir çox əzbərçi və vətənşivənçi məxluqlara ürəyim acıyır. Bu kişi əsl cümhuriyyət tarixini ortaya qoyur, gedib külli miqdarda dövlət vəsaiti hesabına təhrif olunmuş iki cildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası nəşr etdirmir. Bu kişi böyük Məhəmməd Əmin bəyi şüar olaraq təqdim etmir, əməl olaraq, əsər olaraq təqdim edir. Üzeyir bəyi də, Zərdabini də, başqa millət fədailərini də eləcə... Nə deyim, Allah qorusun. Bu həftə içi ayrıca görüşüb fikir mübadiləsi aparmağımızı istədi, söylədim ki, fikir mübadiləsinə deyil, sizdən bir çox şeyləri öyrənməyə gələcəyəm. Ziyalı borcunu, peşəkarlığı, vətəndaş məsuliyyətini hər dəfə bu kimi insanlardan öyrənmək vacibdir məncə...”
"Ziyalının qayğısına qalınmalıdır...”
Millət vəkilinin fikirlərinin ardınca digər ziyalılarımızın düşüncələrini də öyrənməyə çalışdıq.
Türkoloq-alim, professor Firudin Cəlilov "Şərq”ə açıqlamasında qeyd etdi ki, dövlət dura-dura ziyalıların korluq çəkməsi yaxşı hal deyil:
- Şirməmməd müəllim tək deyil. Onun kimi bir çox ziyalılarımız, aydınlarımız var ki, ömrünü-gününü, həmçinin də varını Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin qorunmasına, təbliğinə və tariximizin gələcək nəsillərə çatdırılmasına sərf edib.
Prezident təqaüdü alanlar var, amma mən almıram.
Mənim 9 kitabım Rusiyada yaşayan qeyrətli oğullarımız sayəsində nəşr olunub (qeyd edək ki, F.Cəlilov 9 cildlik "Doqquz bitik” - "Azərbaycan türklərinin islamaqədərki tarixi” əsərinin müəllifidir - red.).
Ziyalının qayğısına qalınmalıdır. Dövlət dura-dura ziyalı korluq çəkir, əsərlərini nəşr etdirə bilmir. Amma bu ziyalılar dövlətçilik üçün, millət üçün çalışırlar. Şəxsi iddiaları da yoxdur. Prezidentin sərəncamı ilə Elmin İnkişafı Fondu yaradılıb. Ora dövlət vəsaiti köçürülür. Bu fond dövlətçilik maraqlarımızdan çıxış edən, tariximizin öyrənilməsinə yönəlmiş əsərlərin nəşrini həyata keçirməlidir. Bu yaxınlarda Azərbaycan Elm Festivalı keçirildi. Yaxşı işdir. Amma hər bir işin məramı, məqsədi bilinməlidir. Festival bizə nə verdi, orda kimlər təmsil olundu, nəticəsi nə oldu?!
Bunları bilmirik. Ziyalılar təmənnasız çalışır, həyatlarını xalqa, dövlətə sərf edirlər. Bunun əvəzində gərək lazım olan diqqəti, qayğını da görsünlər.
"Heç kim təqaüdünə kitab nəşr etmir...”
Azərbaycan-Avropa Hərəkatının prezidenti Ramin Hacılı isə belə hesab edir ki, ziyalı şəxsi təqaüdünə kitab nəşr etdirməməlidir:
- Normal ölkələrdə heç kim şəxsi təqaüdünə kitab nəşr etdirmir. Bu işlə nəşriyyatlar, dövlət, ya da konkret adamlar məşğul olur və kommersiya fəaliyyəti göstərirlər. Tələb təklif yaradır. Nəşriyyatlar oxunan, satılan kitabların nəşrində maraqlı olur. Azərbaycanda isə inkişaf o səviyyəyə çatmayıb. Necə ki, Mirzə Cəlil həyat yoldaşının varidatı hesabına əsərlərini nəşr etdirirdi, biz elə indi də o səviyyədə qalmışıq. Maarifçiliyin başa çatmadığı ölkə kimi buna məcburuq.
Elmin İnkişafı Fondunun bu işdə hansı yardımı ola biləcəyinə gəlincə, R.Hacılı qeyd etdi ki, sözügedən fond bir sıra addımlar atır:
- Yəqin ki, bu Fondun yaradılmasında bir məqsəd var. Və addımlar da atılır. İstər "Elm” Fondu olsun, istərsə də dövlətin təsis etdiyi hansısa digər ictimai institutlar, hər birinin qarşısında
konkret dövlət proqramı qoyulur. Yəni, bu istiqamətdə proses gedir. Amma hələ sona çatmayıb. Ona görə mən hazırkı vəziyyəti maarifçiliyin başa çatmaması kimi xarakterizə edirəm.
Məlahət Rzayeva