Son zamanlar İŞİD-in Qafqaza gələcəyi ilə bağlı müxtəlif fikirlər ortaya atılıb. Bu aralar xeyli dərəcədə fəallaşan İŞİD-ə İraq və Suriyadan kənarda da qoşulanların sayı artıb. Əfqanıstanda, Liviyada, Misirdə, o cümlədən Nigeriyada islamçı qruplar İŞİD-ə biyət etdiklərini açıqlayıb. Şimali Qafqazda uzun illər islamçı qrupların fəal olduğunu nəzərə alan, Rusiya və region ölkələri rəsmiləri, siyasi təhlilçiləri İŞİD-in bu bölgəyə yerləşməsini də nəzəri baxımdan istisna etmir.
Hətta iddialara görə, Suriya və İraqda məskunlaşan İŞİD öz qərargahını Şimali Qafqaza köçürmək istəyir. Qafqazda fəaliyyət göstərən terror qruplaşması üzvlərinin bir çoxu artıq İŞİD-ə sədaqət andı içib. Bütün bunlar isə bu bölgə üçün İŞİD təhdidinin artmaqda olduğunu göstərir.
Qeyd edək ki, ötən həftə Şanxay Əməkdaşlıq Təşkilatının regional anti-terror qurumu şurasının Özbəkistan paytaxtı Daşkənddə keçirilən toplantısı zamanı Rusiya FTX-nin direktor müavini Sergey Smirnov bildirib ki, İŞİD başqa terror təşkilatlarına nüfuz etməyə başlayıb. FTX-nin direktor müavini bildirib ki, İŞİD "İmarat Qafqaz” terror təşkilatına maraq göstərməyə və Şimali Qafqazda tərəfdar toplamağa başlayıb.
Şimali Qafqazda İŞİD təhlükəsini gücləndirən ehtimallardan biri də Rusiya xüsusi xidmət orqanlarının Dağıstanın Buynaksk şəhəri yaxınlığında terrorçulara qarşı xüsusi əməliyyat keçirməsidir. Silahlıların sığındığı ev mühasirəyə alınıb və döyüş nəticəsində bina qismən dağıdılıb. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, binada silahlılar arasında beynəlxalq terrorçu təşkilatlardan birinin rəhbərləri var.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl isə hesab edir ki, İŞİD-in Qafqaz üçün təhlükə mənbəyi olması ilə bağlı açıqlamalarda müəyyən qədər reallıqlar var. Onun sözlərinə görə, hazırda İŞİD təhlükəsi dünya üçün ən ciddi təhdidlərdən biri olmaqla Azərbaycanı, Orta Asiya respublikalarını, habelə Rusiyanı ciddi narahat edir.
"İŞİD” tərəfdarı olan vəhhabilərin öncədən də Şimali Qafqazda dövlət strukturları ilə faktiki mübarizə apardıqlarını vurğulayan ekspertin sözlərinə görə, Rusiya da çox yaxşı bilir ki, İŞİD-in müəyyən tərəfdarları istənilən vaxt Şimali Qafqaza keçə bilər. Ərazilərini hədəf götürmə təhlükəsindən dolayı Rusiya İŞİD-lə mübarizədə maraqlıdır.
İŞİD-in bütün dünyanın təhlükəsinə çevrildiyini vurğulayan İ.İsmayıl hesab edir ki, Dağıstandakı radikal islamçı yaraqlıların "İslam Dövlət”inə tərəfdaş olması təkcə Rusiyanın problemi deyil. Dağıstan şimal sərhəddimizin bir addımlığında olduğu üçün bu məsələ həm də Azərbaycanı narahat etməlidir. Onun qənaətincə, İŞİD artıq region və Azərbaycan üçün potensial təhdid olmaqdan real təhlükəyə doğru xeyli yol qət edib:
"Azərbaycan da daxil olmaqla heç bir Qafqaz ölkəsi bu təhlükədən sığortalanmayıb. Həmçinin də bu təhlükə ona görə Rusiyanın diqqət mərkəzindədir ki, həmin qruplaşmanın Azərbaycandan tranzit ölkə kimi istifadə edərək Şimali Qafqaza və Rusiyaya irəliləməsi məsələsi aktualdır: "Ümumiyyətlə, terrorun nə böyüyü, nə də kiçiyi olur. Cəmiyyətdə baş verən istər xırda, istərsə də irimiqyaslı partlayışlar öz mənfi təsirini göstərib, insanlar arasında şok yaradır. Bunun üçün də Azərbaycan ayıq olmalıdır”.
Ekspertin sözlərinə görə, Azərbaycan İraq və Suriya ilə sərhəddə olmasa da, təhlükə yenə az deyil: "Əlbəttə ki, İŞİD-in qoşun və iri maşınlarla Azərbaycana gəlməsi bir qədər inandırıcı deyil. Lakin onların tərəfdarlarının sayı artdıqca, ölkəmiz üçün təhlükə də artır. Çünki kifayət qədər maliyyələri var və Azərbaycandan qaçaq yolla silah-sursat keçirmək planlarını həyata keçirə bilərlər”.
Azərbaycanın İŞİD-lə bağlı yarana biləcək hər hansı bir təhlükəyə hazır olub-olmadığına gəldikdə isə İ.İsmayıl bildirib ki, sözügedən təhlükəyə ölkə olaraq nisbətən hazırıq: "Son zamanlar Suriyada gedib döyüşən şübhəli şəxslərin saxlanılması hüquq-mühafizə orqanlarının tədbirli olmasından xəbər verir. Amma bu, "arxayın olmaq lazımdır” anlamına gəlmir. Azərbaycanda maarifləndirmə işləri çox aşağıdır. Ümumilikdə bu cür insanlara qarşı mübarizə ayrı-ayrılıqda deyil, kompleks şəkildə həyata keçirilməlidir. Bunları İŞİD-in simasında kifayət qədər ifşa edib, ideyanın zərərli olduğunu hər kəsə çatdırmaq lazımdır. Eyni halda din alimlərinin vasitəsi ilə qarşısı alınacaq tədbirlər görülməlidir”.
Şəymən