Terror təhlükəsi?

ASALA-nın təhdidləri şou və təbliğata xarakterlidir




Erməni terror təşkilatlarından olan ASALA Türkiyənin ünvanına hədələyici bəyanatla çıxış edib. Bəyanatda qardaş ölkədə aprelin 24-nə təyin edilmiş Çanaqqala törənləri ilə bağlı təhdidlər və xəbərdarlıqlar yer alıb. Bəyanatda deyilib ki, əgər Ərdoğanın bayramı baş tutarsa, ASALA Türkiyəyə və digər türk dövlətlərinə qarşı hərbi əməliyyatlara start verəcək. Terror təşkilatı Türkiyəyə gedəcək qonaqların da hədəf alına biləcəyinə işarə vurub.

Məlumdur ki, qardaş ölkədə, elə Azərbaycanın özündə də yaxşı bilirlər ki, erməni terrorçuları ötən əsrin 70-80-ci illərində xaricdəki Türkiyə səfirliklərinə və diplomatlarına xain silahlı hücumlar təşkil etməklə yüzlərlə günahsız insanı, əsasən də diplomatları, onların ailə üzvlərini qətlə yetirib. Məsələyə münasibət bildirən millət vəkili Rövşən Rzayev deyib ki, ASALA terror təşkilatının hədəsini ciddiyə almaq üçün heç bir əsas yoxdur: "Bu terror təşkilatı Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilməsində birbaşa iştirak edib. Qarabağdakı qondarma separatçı rejimin saxlanılmasında da ASALA-nın rolu əhəmiyyətli dərəcədə olub. Amma bu gün Azərbaycanda dövlətin və vətəndaşların təhlükəsizliyi kifayət qədər yüksək səviyyədə qorunur. Bu baxımdan hansısa terror təşkilatının ölkədə terror hadisəsi törətməsi mümkünsüzdür. Hər kəs, eləcə də Ermənistan və erməni terror təşkilatları bilməlidirlər ki, artıq Azərbaycan 1992-ci ilin ölkəsi deyil. Bu gün Azərbaycanın heç nədən qorxusu yoxdur. İndiki Azərbaycan nəinki ayrı-ayrı terror təşkilatlarını zərərsizləşdirmək, onların cəhdlərinin qarşısını almağa, Ermənistanın özünü də qısa zaman kəsimində məhv etməyə hazırdır”. Millət vəkilinin fikrincə, Azərbaycana qarşı terrorçuluq siyasəti sərgiləyən qurumların öz niyyətlərindən əl çəkərək sivil dünyanın tərkib hissəsinə çevrilməsi onların öz maraqları baxımından da məqsədəuyğundur: "Bu gün heç bir terror təşkilatı Azərbaycana qarşı hədə ilə çıxış edə, ölkədə hər hansı terror hadisəsi törədə bilməz. Yaxşı olardı ki, onlar terrordan əl çəksinlər və sivil dünyanın inkişafına uyğun olaraq mövqe sərgiləsinlər, sivil dünya ilə birləşsinlər”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev də bildirib ki, bu gün Azərbaycan və Türkiyənin güclü ordusu, təhlükəsizlik qüvvələri var. Ona görə də belə cılız düşmənlərin təhdidlərindən çəkinməli deyilik: "Ermənistanın arxasında böyük dövlətlər dayanır.

Azərbaycan ərazilərini də rus ordusunun köməyi ilə Ermənistan işğal edib. Eyni zamanda ermənilər 366 polkun köməyi ilə Xocalı faciəsini törədiblər. İndi soyqırım edənlər ASALA vasitəsi ilə terror da etmək istəyirlər. Biz ASALA-nın təhdidlərindən çəkinməli deyilik. Onlara adekvat cavab verməliyik”. F.Quliyev deyib ki, ermənilər "Böyük Ermənistan” xülyası ortaya qoyublar və bunu Türkiyə və Azərbaycan əraziləri hesabına etmək istədiklərini heç yerdə də gizlətmirlər: "ASALA terror təşkilatı 70-ci illərdə Avropada xeyli türk diplomatına qarşı terror həyata keçirib. İslam dininə sitayiş edən birisi nə isə bir hadisə törədəndə onu islamın üz qarası kimi təqdim edirlər. Ancaq, ASALA xristian ermənilərin terror təşkilatı olduğu halda kimsə onu xristianlığın üz qarası kimi təqdim etmək istəmir. Ona görə də Qərb dövlətlərinin bu məsələyə münasibətini birmənalı şəkildə ortaya qoymalarını tələb etmək lazımdır”.

Sabiq MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da hesab edir ki, ASALA-nın məlum təhdidi sadəcə şou və təbliğata xidmət edir. Lakin bununla belə, ekspert istənilən halda bu kimi hallara qarşı hazırqlıqlı olmağın zəruriliyinə də diqqət çəkir: "Aprelin 24-nə hələ sovet hakimiyyəti dövründə, mən işlədiyim zamanlarda da xüsusi hazırlıq görülürdü. Erməni millətçilərini nəzarətdə saxlayırdıq. Ümumiyyətlə, bütün proses nəzarətdə olurdu. Yəni 24 aprel tarixi ilə bağlı hər zaman bir gərginlik hiss olunurdu. Hesab edirəm ki, ASALA-nın açıq hədəsi təbliğata hesablanıb. Azərbaycan dövlət rəhbərliyi də təbii ki, bu hədəyə görə Türkiyəyə səfərini təxirə salmayacaq”. İ.İsmayılın sözlərinə görə, ermənilərin Azərbaycanda terror təşkil etməsi üçün hansısa erməninin bura gəlməsinə ehtiyac yoxdur. Bu terror digər millətlərin nümayəndələrinin əli ilə də həyata keçirilə bilər:

"ASALA-nın Azərbaycandakı gücü və imkanlarına gəlincə, qeyd etmək lazımdır ki, hansısa terroru təşkil etmək üçün Yerevandan hər hansı bir erməni Azərbaycana gəlmir. Terroru həyata keçirməyin min yolu var. Bunu başqa millətlərin əli ilə də edə bilərlər. Onlar hansısa yolla partlayıcı qurğu əldə edə və nəsə törədə bilərlər. Amma böyük ehtimalla deyə bilərik ki, ASALA-nın Azərbaycanda terror həyata keçirmək imkanı aşağı səviyyədədir. Lakin istənilən halda biz bu cür hallara hazır olmalıyıq”.

İsmayıl