Terrorçunun dini və milli mənsubiyyəti yoxdur

“Düşünmürəm ki, terrorçular içində azərbaycanlının olması Türkiyə-Azərbaycan əlaqələrinə mənfi təsir göstərəcək”



İstanbulun Atatürk aeroportundakı terror aksiyası törətməkdə şübhəli bilinərək həbs olunanlar arasında azərbaycanlı Elçin Behbudovun da olduğu bildirilib. Azərbaycan vətəndaşı barəsində iyulun 3-də həbs-qətimkan tədbiri seçilib.

E.Bünyadova qarşı "silahlı terror təşkilatına üzv olmaq və planlaşdıraraq adam öldürmə suçuna yardım etmə” maddəsi üzrə ittiham irəli sürülüb. E.Bünyadovdan başqa, terror aksiyasında şübhəli bilinən daha 3 əcnəbi vətəndaş da həbs edilib. Məhkəmə onların vətəndaşları olduqları ölkələrin Türkiyədəki konsulluqlarına bu barədə məlumat verilməsi barədə qərar qəbul edib. Üç gündür mediada və sosial şəbəkələrdə İstanbul terrorunda əli olan şəxslər arasında azərbaycanlının da olması xüsusi olaraq qabardılır. Ancaq ictimaiyyətin əksər hissəsi hesab edir ki, terror qruplaşmasına qoşularaq qanlı cinayətlər törədən şəxslərin hansı millətdən olması qətiyyən önəm kəsb etmir. Bu barədə "Şərq”ə açıqlama verən təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu deyib ki, terrorçuların etnik mənsubiyyətinə və vətəndaşlığına köklənmək qətiyyən doğru deyil: "Təəssüflər olsun ki, bəzi media qurumları birbaşa bununla məşğul olurlar. Qanlı cinayət aktı həyata keçirən istənilən şəxs terrorçudur. Onun milli və dini mənsubiyyəti heç bir rol oynamır. İŞİD-in tərkibində dünyanın 80-dən artıq ölkəsindən, o cümlədən Azərbaycandan xeyli sayda insanlar var. Ancaq onların hamısı eyni məqsədə xidmət edirlər. Bu mənada terror qruplaşmasının hansı millətlərdən təşkil olunmasının əhəmiyyəti sıfıra bərabərdir. Məncə, belə məsələlərə xüsusi diqqət yetirmək lazım deyil. Düşünmürəm ki, terrorçular içində azərbaycanlının olması Türkiyə-Azərbaycan əlaqələrinə mənfi təsir göstərəcək. Çünki belə faktlar siyasətdə önəmli amil hesab olunmur”.

İsmayıl