Terrorçunun yeri bir həftə öncə məlum olub

Sadəcə onun arxasındakı qüvvələrin aşkara çıxarılması üçün bir qədər gözləmək lazım gəlib
Corab söküyü kimi işin arxası gəlir, İŞİD Türkiyədə ifşa olunacaq



İstanbulda "Reina” gecə klubuna hücum edən terrorçu Abdulkadir Maşaripovun ilkin ifadəsi məlum olub. Terrorçu Əfqanıstanda və Pakistanda 2 il "Əl-Qaidə” düşərgələrində silahlı təlim keçdikdən sonra İŞİD qruplaşmasına qoşulub. Qatil etiraf edib ki, ötən ilin yanvar ayında aldığı tapşırığa əsasən Suriyadakı müharibədə iştirak etmək üçün İrandan Türkiyəyə keçib.

Terrorçu Konyada qaldığı zaman ona Rakkadan gələn növbəti göstəriş Yeni il gecəsi Taksimdə terror aktı törətmək olub: "Hədəfimiz Taksim idi. Lakin orada təhlükəsizlik tədbirlərinin güclü olduğu üçün terror törədə bilmədiyimi söylədim. Təlimatı verən adama zəng etdim. O isə bölgədə başqa hədəf axtarmağımı tapşırdı. Mən də taksiyə minib ətrafı gəzdim, Zeytinburnuna gəldim. Həmin anda "Reina”nın hədəfə uyğun olduğunu gördüm və təlimatçı ilə əlaqə saxladım. Burada təhlükəsizlik zəif olduğu üçün qəbul etdi”.

Terrorçu: "Məni öldürməyin...”

İstanbul Kəşfiyyat və Terrorla Mübarizə şöbəsindən verilən məlumata görə, Maşaripov qətliamı törətmək üçün 16 dekabrda İstanbula gəlib. Terrorçu hadisəni törətdikdən sonra hadisə yerindən qaçmaq məqsədi ilə əlindəki "Flashbang” adlanan əl bombasını partladaraq yaralı kimi çölə çıxıb. Mindiyi taksinin sürücüsünə pulu olmadığını deyəndə Kuruçeşmədə düşüb. Bir neçə taksi dəyişdikdən sonra Zeytinburnuna gəlib. Uyğur restoranında çalışan tanışlarından taksi pulu alaraq, gecəni orada keçirib. Terrorçu hadisənin səhəri Esenyurtda kirayə tutulan evə gedib və ona orada biri qaradərili olmaqla iki qadın qulluq edib. Eyni zamanda məlum olub ki, polis terrorçunun yaşadığı mənzili 4 gün bundan öncə müəyyənləşdirib və onun yanındakı evi kirayələyib. Bu günlər ərzində evə gəlib gedən şəxslər və terrorçunun danışdığı bütün nömrələr nəzarət altında olub.

Təhlükəsizlik gücləri İŞİD-çi terrorçunun başqa bir adamla əlaqə qurmasını gözləyirmiş. Terrorçu və təmasa girdiyi şəxs polis qrupları tərəfindən nəzarət altına alınıb. Həmçinin, o da bəlli olub ki, polislər terrorçunun evinə daxil olarkən, o, polislərə türkcə: "Məni öldürməyin” deyib.

"Terrorçunun yanında balaca uşaq olmayıb...”

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Esenyurt vilayətində saxlanılan terrorçunun yanında 4 yaşlı oğlunun olduğu deyilirdi. Ancaq İstanbul valisi Vasip Şahin bu xəbəri təkzib edib: "Qızı anası ilə birlikdə idi. Oğlunun atasının yanında olduğunu düşünürdük, amma əməliyyat zamanı tapmadıq”. Uşağın aqibətinin necə olacağına dair sualı cavablandıran vali "uşaqlarla bağlı həm bizim milli qanunvericilikdə, həm də beynəlxalq razılaşmalarda fərqli hökmlər var. O uşağın təhlükəsizliyi bu hökmlərə əsasən təmin olunacaq”. Şahinin sözlərinə görə, Türkiyə polisi hazırda uşağın axtarışlarını aparır. Məlumat üçün bildirək ki, terrorçunun saxlanıldığı evdə uşağa aid paltar tapılıb.

"Reina” qətliamçısının vətənindən açıqlama

Terrorçu Abdulkadir Maşaripovun vətəni Özbəkistandan onun tutulması ilə əlaqədar açıqlama gəlib. Özbəkistan təhlükəsizlik qurumlarından bir səlahiyyətli "Anadolu” agentliyinə Maşaripovun 6 il əvvəl ölkədən çıxaraq Əfqanıstana getdiyini söyləyib. Səlahiyyətli şəxs Əfqanıstanda terror təşkilatına üzv olduğu üçün onun adının Özbəkistanda axtarışda olan şəxslərin siyahısında olduğunu deyib.

"Terrorçunun yaxalanması İŞİD-ə dəstək verənləri ortaya çıxaracaq”

Türkiyəli yazar Cem Küçük iddia edib ki, terrorçunun gizləndiyi ev bir həftə öncədən polislərə məlum olub. Sadəcə onun arxasındakı qüvvələrin aşkara çıxarılması üçün bir qədər gözləmək lazım gəlib: "Polis və kəşfiyyat İstanbulda 200 nəfərlik İŞİD şəbəkəsini müəyyən edib. Onların 2 ay əvvəl qarət edilən valyuta məntəqəsində əli olduğu öyrənilib. Bu şəxslər oğurladığı pullarla birlikdə yaxalandı və şəbəkə ortaya çıxdı. Kəşfiyyat isə 2 gün əvvəl "Reina” terrorçusunun ən yaxın adamını ələ keçirdi. Sonrası da corab söküyü kimi işin arxası gəldi”. Yazar 200 nəfərlik şəbəkənin Türkiyəyə İordaniyadan gəldiyini bildirib: "İŞİD İordaniya və İsrailə heç vaxt hücum etmədi. "Reina” terrorçusunun yaxalanması və dindirilməsi ilə İŞİD-i dəstəkləyən bütün qüvvələr ortaya çıxacaq. Türkiyənin terrorçuları dəstəkləmədiyi artıq bütün dünyaya məlumdur”.

İsmayıl