Əkrəm Həsənov: “Azərbaycan banklarında qızıl müqabilində kredit vermək şərti yoxdur”
Tərtər sakini “Nikoil bank”ı ona kredit verməməkdə günahlandırır
Natiq Cəfərli: “Bankın özünü belə aparmasının səbəbi birmənalı olaraq özünü sığortalamaq cəhdi ilə bağlıdır”
Əkrəm Həsənov: “Azərbaycan banklarında qızıl müqabilində kredit vermək şərti yoxdur”
Əkrəm Həsənov: “Azərbaycan banklarında qızıl müqabilində kredit vermək şərti yoxdur”
Tərtər rayonunun İsmayılbəyli kənd sakini Teyyub Səfərzadə yenə də bank süründürməçiliyindən əziyyət çəkir. Bir müddət bundan əvvəl 15 min manat kredit almaq üçün "Nikoil bank”ın Bərdə filialına müraciət edən sahibkara "Tərtər təhlükəli yerdədir, sizə kredit verə bilmərik” deyərək onun istəyini geri çeviriblər. T.Səfərzadə növbəti dəfə mətbuata müraciət edərək daha böyük problemlə üz-üzə qaldığını qeyd edib.
Ilk müraciətindən sonra bank əməkdaşlarının gəlib evi, pəyəni çəkdiklərini vurğulayan Səfərzadənin sözlərinə görə, evdə azca çat var deyə, bank kredit verməkdən imtina edib: "Hansı ki, evə 10 baş heyvan alıb qoymuşam. Mənim evimin təkcə "naves”inin qiyməti 20 min dollardır, evin hər şeyi də öz qaydasındadır. 2000-ci ildə tikilib. Mən sahibkaram, təsərrüfatımı genişləndirmək istəyirəm. Bununla bağlı cənab Prezident İlham Əliyevin göstərişi var. Bu süründürməçilik nədən ötrüdür, bilmirəm”. T.Səfərzadənin sözlərinə görə, bank rəsmisi Akif bəy yalnız 170 qram qızıl müqabilində 15 min manat kredit verə biləcəklərini deyib: "100 min dollarlıq evə, fermaya pul xərcləmişəm, evin çıxarışına isə dövlət 11 min manat qoyub. Mənim 170 qram qızılım olsa, bankdan niyə kredit götürürəm ki?! 6 aydır məni süründürürlər. Xahiş edirəm, aidiyyəti qurumlar mənə kömək etsinlər”.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, bankların qazancı kredit faizlərindən maliyyələşdiyi üçün bürokratik əngəllər əvəzinə özləri kredit verməyin marağında olmalıdır: "Görünür, Azərbaycanın maliyyə bazarı və bank sektorunda olan problemlər o qədər yüksək və ciddi səviyyədədir ki, banklar sahibkarlara kredit verməkdən imtina edirlər. Sahibkarın əvvəlki müraciətindən sonra gedib, evə baxaraq sadəcə görüntü yaradıb özlərini sığortalamaq siyasəti yeridiblər. Bununla da günahın onlarda olmadığını sübut etməyə çalışırlar”.
N.Cəfərlinin sözlərinə görə, ölkədə qaytarılmayan kreditlərin həcmi kifayət qədər yüksək olduğu üçün banklar müştərilər arasında seçim edir, ancaq aldığı pulu vaxtlı-vaxtında qaytaracağına əmin olduqları insanlara kredit verirlər: "Problemli kreditlərin məbləği az qala 2 milyard manata çatıb. Bu isə ümumi kredit portfelinin 8 faizinə bərabərdir. Dünya təcrübəsinə görə, hansı ölkədə problemli kreditlərin həcmi 3 faizi keçirsə, bu, həmin ölkənin bank sektorunda ciddi təlatümlərə səbəb olur. Azərbaycanda isə qaytarılmayan kreditlərin həcmi az qala normadan 3 dəfə artıqdır. Bu səbəbdən də artıq banklar bundan sonra verəcəkləri kreditləri ancaq tam əmin olduqları girovlar müqabilində vermək istəyirlər ki, sonradan ziyana düşməsinlər. Hesab edirəm ki, bankın özünü belə aparmasının səbəbi birmənalı olaraq özünü sığortalamaq cəhdi ilə bağlıdır”.
Hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov isə hüquqi baxımdan istənilən bankın kredit şərtlərini müəyyən etmə hüququ, eyni zamanda istədiyi adama kredit verməmək haqqı olduğunu deyib: "Bankların kredit siyasətinə müdaxilə yolverilməzdir. Amma biz bu məsələyə mənəvi aspektdən yanaşsaq, banklar sahibkarlıq etikasını gözləməyi də unutmamalıdır. Əslinə qalsa, banklar formal olaraq öz pullarını verir. Reallıq isə ondan ibarətdir ki, bankların kredit verdiyi vəsaitlər əmanətçilərin hesabındakı pullardır”.
Ə.Həsənovun sözlərinə görə, "Nikoil bank” həmin vətəndaşa elə əvvəlcədən kredit vermək istəməyib. İlkin olaraq, Tərtərin təmas xəttinə yaxın olması iddiasını irəli sürüb, lakin sonradan vətəndaş bu məsələni ictimailəşdirdiyi üçün bank sudan quru çıxmaq üçün sahibkarın evinə əməkdaşlarını göndərib. Ad olsun ki, biz bank olaraq kredit verməyə cəhd elədik, amma şərtlər sahibkarı razı salmadı.
Hüquqşünasın dediyinə görə, Azərbaycan banklarında qızıl müqabilində kredit vermək şərti yoxdur. Bu proses daha çox lombardlarda həyata keçirilir: "Banklar adətən girov olaraq daşınmaz əmlakı qəbul edirlər. Görünür, bank sözügedən sahibkarın evini girov götürmək istəmədiyi üçün şərt olaraq qızıl tələb edib. Bir daha qeyd edim ki, hüquqi baxımdan heç bir qayda pozuntusu yoxdur. Həmin banka qarşı ictimai qınağın olması vacibdir. Çünki bütün bunlar bankın vətənpərvər olmamasından xəbər verir. "Nikoil bank” elə ən başından öz mövqeyini ortaya qoyub ki, həmin sahibkarın evi cəbhə bölgəsində olduğu üçün kredit verməyə ehtiyat edir. Zənnimcə, cəbhə bölgəsində yaşayan insanlara qarşı bu cür münasibət yolverilməzdir. Hüquqi yolla olmasa da, ictimaiyyət səviyyəsində bu cür problemlərin qarşısını almaq üçün real addımlar atılmalıdır”.
Şəymən