Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binada xeyli tanınmış imza sahibi mənzillə təmin olunub. Məlum olduğu kimi jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir.
Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.
Qeyd edək ki, mənzillərin açarları jurnalistlərə sabah təqdim olunacaq.
Eyni zamanda mənzillə təmin olunanlar arasında 19 jurnalist cütlüyünün ailəsi var.
Mənzillə təmin olunanlardan 19 ailənin hər iki başçısı mətbuat nümayəndəsidir və hazırda KİV-də çalışır. Bundan başqa, dünyasını dəyişmiş 4 jurnalistin ailəsi də yeni binada mənzillə təmin olunub.
Ev alanlar sırasında yazıçı- jurnalistlər də var və onlar da bu xoşməramlı hadisə ilə bağlı ölkə başçısı İlham Əliyevə təşəkkür ediblər.
Sherg.az xəbər verir ki, tənqidçi, şair, pedaqoq Əsəd Cahangir minnətdarlığını belə ifadə edib:"Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu gün jurnalisti, yazıçısı olmaqla 255 söz adamına fərdi mənzil bağışladı. Azad sözə, müstəqil fikrə, yaradıcı düşüncəyə böyük sevgisindən doğan bu hədiyyəsi ilə o bir daha göstərdi ki, ümummilli öndər Heydər Əliyevin mədəni kursu etibarlı əllərdədir. Xoşdur ki, cənab Prezidentin - mətbuatımız və ədəbiyyatımızın böyük dostunun mənzil bağışladığı söz adamları sırasında mən də varam. Dünyada anoloqu olmayan bu alicənablığına görə hamının adından cənab Prezidentə "sağ olun" deyir, Uca Yaradandan ona can sağlığı diləyir, gələcək fəaliyyətində yeni zirvələr arzu edirəm. Qoy Prezidentimiz başda olmaqla bu işdə əməyi keçən hər kəsə Tanrı yar olsun!"
Kulturoloq, yazıçı Aydin Xan Ebilov bunu Prezidentin qayğısı adlandırıb: "Bir dəfə anam əlində zənbil kənddən Bakıya, mənim qaldığım qardaşımın təmirsiz evinə qonaq gəlmişdi, onu qarşılayıb taksi ile evə qayıdanda sürücü ilə anamın söhbəti zamanı yaman utanmışdım.
Anam qayıtdı ki, bu alim oğlum, yəni mən, bağçadan akademiyaya qədər oxuyub, yazıçı və alim kimi tanınır, amma dolanışığına Rusiyada yaşayan iki sadə oğlum kömək edir. Atam hər zaman mənə deyirdi ki, sən indiyəcən haram çörək yeməmisən, mümkün deyil ki, həyatda özünə yer tapmayasan. Oğlanlarım isə baş-beynimi aparirlar ki,ata haçana kimi quru maaşla ehtiyac içində dolanacağıq,gəl gedək xaricə yaşamağa. İndi möhtərəm Prezident İlham Əliyev jurnalistlər üçün tikdirdiyi növbəti yüksəkmərtəbəli yaşayış binasında bizim ailəyə də ayırdığı yeni mənzillə onlara - doğmalarıma və məni cəmiyyət üçün müftə can qoymaqda suçlayanlara sübut etdi ki, millət üçün haqq işləri görənlər əvvəl-axır öz layiqli mükafatlarını alırlar. Təşəkkürlər, cənab Prezidentim, bir daha göstərdiz ki, siz, nəinki ölkəmizin ən uğurlu başçılarından biri və Ulu Öndər Heydər Əliyev kimi dühanın davamçısız, həm də zamanın ədalətli hakimlərindənsiniz.
Yazıçı Kanan Hacı qeyd edir ki, bu, Prezidentin yüksək etimadının, diqqət və qayğısının parlaq nümunəsidir:
"Prezident Adminstrasiyasına, AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsəvova, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova sonsuz təşəkkürlərimi bildirirəm! Təşəkkürlər, cənab Prezident !"
Ayyət Əhməd