Test sualları asan olub

“Aidiyyəti qurumlar hələ indi dərk edirlər ki, tələbələrin ölkə hüdudlarından kənarda oxuması Azərbaycana nəyə başa gəlir”



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu il təşkil etdiyi qəbul imtahanlarında sualların asan qoyulmasına dair cəmiyyətdə dolaşan iddiaları qəbul edirəm. Bu barədə "Şərq”ə təhsil eksperti
Nabatəli Qulamoğlu bildirib. Ekspert bəyan edib ki, məlum proseslə bağlı payızda monitorinq hazırlayacaq:

"Azərbaycan dili və ədəbiyyat üzrə test sualları tərtib edən müəllimlər var. Onlardan soruşdum. Dedilər ki, indiki suallarda heç bir problem olmayıb. Bu da deməyə əsas verir ki, suallar çox asan olub. Burada hadisələrin gedişinə təsir göstərən müəyyən kompleks məsələlər mövcuddur. Birincisi odur ki, aidiyyəti qurumlar hələ indi dərk edirlər ki, tələbələrin ölkə hüdudlarından kənarda oxuması Azərbaycana nəyə başa gəlir. Çünki xaricə gedən tələbə gedib, orada pul xərcləyir ki, o da həmin əcnəbi ölkənin iqtisadiyyatına müəyyən mənada impuls verir. Ona görə də, bizimkilər cəhd edirlər ki, xaricə axını zəiflətsinlər və yaxud qarşısını alsınlar. Balların və sualların səviyyəsini aşağı salırlar. Üstəgəl, bu tendensiyanı ortadan qaldırmaq məqsədilə xaricdə oxuyub gəlmiş tələbənin diplomunu bizim Təhsil Nazirliyi (TN) tanımır. Bu da o axının qarşısını alan addımlardan biridir. Çalışırlar ki, oxumaq istəyən hər kəsi təhsilə cəlb etsinlər. Hətta 200-ə yaxın bal toplayanları tələbə etsinlər ki, bu da dövlət büdcəsinə müəyyən qədər qazanc gətirsin. Bizimkilər bunu indi anlayıblar. Bunu xüsusilə ölkədə maliyyə çatışmazlığı yarananda dərk etdilər. Halbuki 6-7 il öncə anlamaq lazım idi”.

Bununla yanaşı, ekspert söyləyib ki, son zamanlar Azərbaycanda təhsilin səviyyəsi enməkdə davam edir: "O vaxt deyirdilər ki, təhsil həyatındakı uğursuzluqların səbəbkarı Misir Mərdanovdur. Amma günahkar M.Mərdanov deyil. Təqsirkar müəllimi ələ baxan öyrədənlərdir”.

Həmsöhbətimizin qənaətincə, əmək bazarına baxsaq, görəcəyik ki, intellektual tələbələr kənarda qalıb: "Savadlı kadrlar gedib, vəkil olub, qanunsuzluqlara qarşı döyüşürlər. Savadsızlar isə yüksək postlarda əyləşib, pul qırırlar. Bu işlərdəki sosial ədalətsizlik aradan qalxmalıdır”.

N.Qulamoğlu ölkənin təhsil həyatında tərəqqiyə nail olmaq məqsədilə aparılmalı olan islahatlardan da söz açıb: "Hər şeydən öncə əmək bazarını normallaşdırmaq lazımdır. Bir sözlə, məmur Həsənağanın qohumu deyil, savadı, intellekti olan qabağa çəkilməlidir. Tutaq ki, kimsə bir yüksək çinli məmurun qohumudursa, onu gətirib vəzifəyə oturtmaq doğru deyil. Yəni stimul olmalıdır. Tələbə bilməlidir ki, ali məktəbi bitirdikdən sonra, sahəsi üzrə iş tapa biləcək. O buna əmin olmalıdır. İnsanlarda iş tapmağın çətinlikləri ilə bağlı daxili gərginlik olmalı deyil. Bundan başqa, Azərbaycan təhsilində çox ciddi islahatlara gedilməlidir. Hesab edirəm ki, islahatlar aparılarsa, sözügedən sahədəki qanunsuzluqlar aradan qalxarsa, təhsil inkişaf edəcək. Mütərrəqqi tədbirlər görülərsə, 2 ilə hər şeyi qaydasına qoymaq olar. Amma bunlar deyirlər ki, M.Cabbarovun xidmətləri 10 ildən sonra nəticə verəcək. Yəni camaatı aldatmaq istəyirlər ki, M.Cabbarovun 10 ili tamamlansın. Bax, vəziyyət belədir”.

Ayyət Əhməd