Təyyarə qəzaları artıb

Ədalət Əliyev: “Təyyarə qəzalarının başlıca səbəbi texniki nasazlıq və çıxılmaz hava şəraiti ilə bağlı ola bilər”




Ötən illərlə müqayisədə son bir ildə baş verən təyyarə qəzalarının sayı artıb. Baş verən hadisələr fonunda deyə bilərik ki, mənzil başına tez yetişmək üçün ən rahat nəqliyyat vasitələrindən olan təyyarələr də qəzalardan sığortalanmayıb.

Bir neçə gün əvvəl Hindistan hərbi-hava qüvvələrinin "Jaguar” qırıcı təyyarəsi ölkənin şimalındakı Uttar-Pradeş ştatının Allahabad şəhəri yaxınlığında qəzaya uğrayıb. Hindistan HHQ-nin məlumatına əsasən, təyyarənin hər iki pilotu paraşütlə salamat enə biliblər. Bundan əvvəl isə Türkiyənin Yalova vilayətində texniki nasazlıq səbəbindən hərbi təlim təyyarəsi qəzaya uğramışdı və o zaman da təyyarədəki iki pilot paraşütlə özünü atmışdı. 3 gün əvvəl də Bakı-Naxçıvan marşrutu üzrə AHY-255 reysini həyata keçirən "Boeing-757” təyyarəsi avialaynerin mühərriklərinin birində yaranan nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb. Son günlərin statistikasına nəzər salsaq, bu kimi faktları daha da artırmaq olar. Bəs, səbəb nədir? Son vaxtlar təyyarə qəzalarının artması səbəbinə münasibət bildirən "AZAL”ın sabiq prezidenti Ədalət Əliyevin sözlərinə görə, qəzaya düşən təyyarələrin hər birinin ayrı-ayrı səbəbləri olduğu üçün onları eyniləşdirmək olmaz: "Hesab edirəm ki, müxtəlif ölkələrdə və müxtəlif zamanlarda baş verən təyyarə qəzalarını heç də pilotların hazırlıq səviyyəsi ilə bağlamaq olmaz. Çünki indiki dövrdə pilotların peşəkarlığı yüksəkdir. Bəzi hallarda təyyarənin qəzaya uğramasının arxasında insan faktoru, pilotların yorğun olması dayanır ki, bu isə öz-özlüyündə uçuş zamanı nəzarətin gücləndirilməsi məsələsini ön plana çıxarır. Ancaq heç bir təyyarə qəzaları ilə bağlı ilkin rəy söyləmək olmur. Bunu ancaq təyyarənin "qara qutu”sunu açıb tökəndən sonra müəyyən etmək olar. Texniki nasazlıq səbəbindən də təyyarənin hava limanından qalxdıqdan qısa müddətdən sonra yerə düşməsi mümkündür. Ümumilikdə isə onu deyə bilərəm ki, təyyarə qəzalarının başlıca səbəbi texniki nasazlıq və çıxılmaz hava şəraiti ilə bağlı ola bilər. Çünki bu cür situasiyalarda pilotların edə biləcəyi bir şey yoxdur”.

Qəza zamanı təyyarədə təhlükəsiz yerlərin olub- olmamasına gəldikdə isə "AZAL”ın keçmiş prezidenti bu günə qədər olan statistikalar fonunda deyib ki, təyyarədə "təhlükəsiz yer” deyilən anlayış yoxdur, çünki biri-biri ilə müqayisə edilə biləcək 2 təyyarə qəzası tapmaq mümkün deyil: "Yuxarıda da qeyd etdiyim kimi, adətən təyyarə qəzalarının səbəbi texniki nasazlıq, pilot səhvi, bəzi hallarda da terror aktı hesab olunur”.

Şəymən