Təyyarənin daimi sakinləri...

Onların əməkhaqqı heç vaxt aşağı olmayıb“Səma mələkləri”nin gözəl görünüşünün arxasında əslində güclü və əzmkar xarakter gizlənir
"Azərbaycan Hava Yolları” QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edib. Elanda bildirilir ki, 18 yaşından 30 yaşınadək, boyu 1.65 santimetrdən az və 1.80 santimetrdən çox olmayan, Azərbaycan, rus və ingilis dillərində sərbəst danışan xanımlar sənədlərini təqdim edə bilərlər.
Stüardessa kimi tanıdığımız təyyarə bələdçisi olan xanımların işi bununla bitmir.
İnsanların təsəvvüründə onların əsas vəzifəsi təyyarə sərnişinlərinə gözəl və layiqli xidmət etməkdir. 
Zərif və xoş təsir bağışlayan "səma mələkləri”nin gözəl görünüşünün arxasında əslində güclü və əzmkar xarakter gizlənir. Onlar həkim, psixoloq, tərbiyəçi olmalı, təhlükəli yüklərin daşınması qaydalarını və başqa prosedurları bilməlidir. Yəni ki, sərnişinlərin həyat və təhlükəsizliyinə nə qədər pilotlar cavabdehdilərsə, bir o qədər də bələdçilər məsuldurlar.
Stüardessalar xoş xarici görünüşündən başqa, çətin iş şəraiti nəzərə alınmaqla tam sağlam olmalıdırlar. Onların sağlamlıq vəziyyətini xüsusi tibbi komissiya təyin edir. Hətta işə düzəldikdən sonra ildə bir dəfə həmin komissiyadan keçmək lazımdır. Tibbi komissiyadan keçərkən ürək-damar sisteminə, görmə qabiliyyətinə və psixoloji vəziyyətə xüsusi diqqət yetirilir. Təyyarə bələdçiləri üçün stresə davamlılıq və adekvatlıq da vacib keyfiyyətlərdir.
Lakin bu da hamısı deyil. AZAL təyyarə bələdçisinin işində xüsusi hazırlıq tələb edir. Təcrübə üçün 2 aydan 3 ay müddətədək davam edən təlim Azərbaycan Milli Aviasiya Akademiyasında həyata keçirilir. Təlim nəzəri və praktiki hissələrdən ibarət olur. 
Təcrübəli mütəxəssislər hava gəmilərinin düzəldilməsi barədə məlumat alırlar, sərnişin salonlarının texniki və məişət avadanlığı, eləcə də aviasiya mətbəxi ilə tanış olurlar. Xilasetmə avadanlığından istifadə etməni, münaqişəli vəziyyətləri həll etməyi və ilkin tibbi yardım göstərməyi öyrənirlər.
AZAL-ın sabiq prezidenti Ədalət Əliyev "Şərq”ə bildirib ki, AZAL-da stüardessa vəzifəsinə xüsusilə milli kadrların qəbulu çox vaxt problemli olub:
 "Mənim rəhbərliyim zamanı da bələdçilərin xoş xarici görünüşlü olması, Azərbaycan və rus dilini bilməsi, onların şəxsi hazırlığı, təhsilləri xüsusi nəzərə alınırdı. Bu prinsiplərdən irəli gələrək kadrların formalaşması və işə qəbulu həyata keçirilirdi. Xüsusilə azərbaycanlı qızların işə cəlb olunması əsas amildir. Əvvəlki sistemdə milli kadrlar üstünlük təşkil edirdi. Mən yenə də o fikirdəyəm ki, bələdçilər azərbaycanlı olmalıdırlar”.
Ə.Əliyev qeyd edib ki, stüardessaların əməkhaqqı heç vaxt aşağı olmayıb: 
"Rəhbərliyim dövründə maaşlar kifayət qədər çox idi. Bildiyim qədərilə indi də yüksəkdir. Düşünürəm ki, digər sahələrlə müqayisədə peşəkarlıq tələb olunduğu üçün hava nəqliyyatı sahəsində əmək haqqı çox yüksək olmalıdır”.
Bütün dünya ölkələrində stüardessa vəzifəsinə marağın azalmadığını deyən iqtisadçı-ekspert Vüqar Bayramov isə bildirib ki, xüsusən aparıcı şirkətlərdə təyyarə bələdçisi olmaq istəyənlərin sayı çoxdur: "Bu sahədə əmək haqqı heç də aşağı olmur və müxtəlif xarici ölkələrə getmək şəraiti yarandığından bu iş stüardessaların əksəriyyəti üçün cəlbedicidir”.
V.Bayramov da təsdiqləyir ki, AZAL-ın təyyarə bələdçiləri üçün əmək haqqı çox yüksəkdir: 
"Nəzərə almaq lazımdır ki, bələdçilərindən ən azı 2 dildə sərbəst danışmaq tələb olunur. Burada da adətən rus və ingilis dillərinə üstünlük verilir. Bələdçilərdən dillə yanaşı sərnişinlərlə işləmək bacarığı, xidmət yüksəkliyi tələb edilir. Təbiidir ki, bir neçə dil bilən gənc bələdçilər yüksək əmək haqqı istəyirlər və bu işdə çalışmağa maraqlıdırlar. Bələdçilər hava nəqliyyatı xidmətinin keyfiyyətini müəyyənləşdirən faktorlardan biridir. Təbii ki, AZAL daha ixtisaslı stüardessaların işə cəlb edilməsinə çalışmalıdır və bunun üçün də yüksək əmək haqqı əsas şərtlərdən biridir”.
Yeganə Bayramova