Topa tutdular: Papa millət vəkillərini də hiddətləndirib

Ötən gün Milli Məclisin növbəti iclası baş tutub. Gündəlikdə olan qanun layihələrinin müzakirəsindən əvvəl millət vəkilləri onları narahat edən məsələlərdən danışıblar. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, I Avropa Oyunlarının yaxınlaşması ilə əlaqədar həm daxili, həm də xarici təşkilatlar bu və ya digər şəkildə, qeyri-hökumət təşkilatlarının vasitəsilə Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirirlər. Millət vəkili son günlər ölkədə korrupsiya halının artması ilə bağlı bəyanat yayıldığını diqqətə çatdırıb: "Lakin qeyd edim ki, Azərbaycanda hər zaman korrupsiyaya qarşı mübarizə aparılıb.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə ilk gəlişindən bu günə kimi bu proses davam edir. Azərbaycan az-az ölkələrdəndir ki, burada Baş Prokurorluq yanında Korrupsiyaya qarşı komissiya fəaliyyət göstərir. Bu komissiyada da müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edir. Dünyanın hər yerində korrupsiya bəlası var. Təəssüf ki, bəzi qurumlar Azərbaycanda beynəlxalq tədbirlərin yaxınlaşması ilə əlaqədar ölkənin adını hallandırmağa daha çox üstünlük verirlər”.
"Onlar ermənilərdən də betərdilər”
Deputatın sözlərinə görə, Azərbaycan xalqının, dövlətçiliyinin əleyhinə işləyən siyasi partiyalar, qeyri-hökumət təşkilatları var ki, ölkəmizə ləkə yaxmağa çalışırlar: "Onlar da həmin qüvvələrin sifarişi əsasında bu gün Azərbaycanda aksiyalara çağırma, ayrı-ayrı müraciətlər qəbul etmə, hətta partiya səviyyəsində bəyanatlar verirlər. Bu bəyanatlarda da çağırış edilir ki, Azərbaycandakı oyunlarda iştirak etməsinlər. Bütün bunlar onun göstəricisidir ki, onlar eyni mənbədən, erməni lobbisinin maliyyəsi hesabına bu addımları atırlar. Düşünürəm ki, parlamentdə bu məsələyə ciddi münasibətimizi bildirməliyik. Bu cür antimilli insanların fəaliyyətinə qiymət verilməlidir”.
Deputatın fikirlərinə münasibət bildirən spiker Oqtay Əsədov isə deyib ki, ermənilərin özləri bu idman oyununda iştirak edəcəklər: "İndi ehtiyac varmı bunun müzakirəsinə? Bu millət üçün bəllidir. Yarışa qarşı çıxanlar ermənilərdən də betərdir”.
"Mərkəzi Bank məzənnə siyasətini dəyişməlidir”
"Mərkəzi Bankın məzənnə siyasətinə yenidən baxılmalı və bu siyasət dəyişməlidir”.
Bu sözləri isə millət vəkili Vahid Əhmədov səsləndirib. Deputatın sözlərinə görə, Mərkəzi Bankın açıqladığı hesabat da onun valyuta ehtiyatlarının azalmasını göstərdi: "Əgər belə davam edərsə, Mərkəzi Bank məzənnə siyasətini dəyişməzsə, onun valyuta ehtiyatları tükənə bilər. Mərkəzi Bank yumşaq devalvasiya siyasətini yavaş-yavaş həyata keçirməlidir ki, 5-6 ay sonra ciddi problemlə üzləşməyək. Düşünürəm ki, təcili olaraq Mərkəzi Bank məzənnə siyasətini valyuta ehtiyatlarını qoruya biləcək məzənnə siyasətinə dəyişməlidir. Ancaq çox təəssüflər olsun ki, hələlik şəxsən mən Mərkəzi Bankın nə etmək istədiyini başa düşə bilmirəm. Bu qurum, nəhayət, ciddi addımlar atmalıdır”. V.Əhmədov həmçinin qeyd edib ki, son zamanlar Azərbaycandan xaricə valyuta axını var və Mərkəzi Bank bununla da bağlı iş görməlidir.
"O yanğına baxanda adam dəhşətə gəlir”
"Ümid” Partiyasının sədri, deputat İqbal Ağazadə isə bu günlərdə millət vəkili olduğu Xətai rayonunda yanan binadan danışıb. O, binanın yanmasını dəhşətli hadisə adlandıraraq deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti binaların süni materiallarla üzlənməsi məsələsinə baxmalıdır: "Düşünürəm ki, binalar süni fasadlarla üzlənməməlidir. Təsəvvür edin, bir anın içərisində bütün bina alışdı. Bu zəhərli, tez alışan materiallar şəhərdə əksər binalara vurulur. Bu binalar bir gecənin içərisində təxribat nəticəsində yandırıla bilər. Xahiş edirəm, aidiyyəti orqanlar qarşısında bu problem qaldırılsın və həmin tez alışan maddələrin binaların fasadına çəkilməsi qadağan edilsin”. İ.Ağazadənin fikrincə, Xətai rayonundakı hadisə gecə baş versəydi, daha böyük fəsadlar yaranacaqdı: "Bu binada 403 nəfər yaşayırdı. Yaxşı ki, hadisə günorta saatlarında baş verdi. O yanğına baxanda adam dəhşətə gəlir. İnsanlar zəhərlənə, xəsarət ala bilərdilər. Yenə də deyirəm ki, binaların bu cür üzlənməsinin qarşısını almaq üçün aidiyyəti qurumlar tədbir görməlidirlər”.
"Roma Papası saxtakarlığın yanında yer alıb”
Parlamentin toplantısında Roma Papasının qondarma erməni soyqırımı haqqında bəyanatına da deputatlar münasibət bildirərək, bunu sərt şəkildə pisləyiblər.
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa vurğulayıb ki, haqq və ədalətə söykənməli olan bu dini lider saxtakarlığın yanında yer alıb: "Doğrudanmı ona bəlli deyil ki, Azərbaycanın 20 faiz torpağı işğal edilib, Xocalıda qətliam törədilib? Məgər Papa bunu bilmirmi? Bilirsə, niyə buna reaksiya vermir? Mən Papanı haqqın və ədalətin yanında olmağa dəvət edirəm”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı isə bildirib ki, tarixən Roma Papası qondarma soyqırım siyasətini dəstəkləyib: "Soyqırım” siyasətinə önəm verənlərin əksəriyyəti elə oradan çıxıb. Roma Papasının yeni fəaliyyətə başlamasına baxmayaraq, "soyqırım” ilə bağlı məqsədli fikirlər səsləndirməsi müsbət hal deyil”. S.Rüstəmxanlı xatırladıb ki, Roma papası Argentina əsillidir: "Orada isə erməni diasporu at oynadır. Görünür, bu məsələdə pul müəyyən rol oynayıb. Tarixçilər deyirlər ki, nə vaxt bu ərazidə 1,2 milyon erməni yaşayırdı, 1 milyon erməni qətlə yetirilib? Bəs, onların məzarı haradadır? İndi Argentinada yaşayan minlərlə erməni kimdir? Biz Türkiyənin yanında olmalıyıq. Düşünürəm ki, məsələ ilə bağlı Milli Məclis adından müraciət etməliyik”.
"Nə papa-papa salıblar. Qırxı çıxmış Papa haqqında danışmağa dəyməz”
Xalq artisti, millət vəkili Zeynəb Xanlarova da Roma Papasının erməni "soyqırımı” ilə bağlı mövqeyindən əsəbiləşdiyini deyib və onu sərt tənqid edib: "Nə papa-papa salıblar. Hesab edirəm ki, qırxı çıxmış Papa haqqında danışmağa dəyməz. Çünki bu adamın yan-yörəsi bizə qarşı olan düşmənlərdir. Onun başı olsaydı heç kimə qulaq asmayıb, öz bildiyini edərdi”. Z.Xanlarova Amerika səfərindən də söz açıb: "Hətta Nyu-York şəhərinin meri ilə görüşdüm. Konsertimə gəlmişdi. O, Azərbaycan haqqında elə danışırdı ki, heç bizim əksər azərbaycanlılarımız o cür danışa bilməzdi. Məhəbbətlə qeyd edirdi ki, ölkəmiz günü-gündən inkişaf edir. Bütün bunları nəzərə alıb deyərdim ki, bəzi insanlar "kor gözləri” ilə bu gözəllikləri görmürlər. Onlara sadəcə söz tapa bilmirəm. Ölkədə gedən inkişafı görməmək baxa- baxa kor olmaqdır”.
"Təəssüf edirəm ki, Papa bu prosesə qatılıb”
Millət vəkili Zahid Oruc deyib ki, ermənilərin nefti və qazı olmasa da, mühüm silahları var: "Uydurublar ki, xristianlığın beşiyi oradır və "soyqırım” silahından yararlanırlar”. Z.Oruc Roma Papasına məktub yazmaqdansa, 24 apreldə Azərbaycan gənclərinin Şəhidlər Xiyabanını ziyarət etməsini, bir din adamının katolik kilsəsinin qarşısına gül qoymasını təklif edib: "Katolik kilsəsinin rəhbərinin qərarı əslində ermənilərə böyük zərbədir”.
Məsələ ilə bağlı spiker O.Əsədov da münasibət bildirib. Parlament sədri Roma Papasının belə bir bəyanat verməsindən təəssüf etdiyini deyib: "Dünyada siyasətlə siyasətçilər məşğul olmalıdırlar. Din xadimləri siyasətə qatılmamalıdırlar. 100 il əvvəlki məsələdən danışırlar, amma 20 il əvvəl baş verən Xocalı soyqırımı haqqında danışmırlar”. Spiker bildirib ki, Türkiyədə 1 milyon 200 min erməni yaşayıb, onların da 800 mini başqa ölkələrə köçüblər və bunun da sənədi var: "İndi necə oldu ki, 1 milyon 200 min ermənini qırıblar? Bu, tarix məsələsidir. Təəssüf edirəm ki, Papa bu prosesə qatılıb. Məncə, ona müraciət etməyin mənası yoxdur. Onlar erməni katolikosunu özlərinə kardinal hesab edirlər. Məsələ aydındır”.
Anar Bayramoğlu