Torpaq axını evlərə doğru hərəkət edir

Baba Vəziroğlu rayondakı son durumla bağlı “Şərq”ə danışdı“Rayon camaatı həmişə ayıq- sayıqdı, istənilən vəziyyətə hazırlıqlıdılar. Bir hadisə baş verəndə nə etmək lazımdı, bilirlər”
Son bir ayda İsmayıllıya yağıntının normadan artıq düşməsi səbəbindən rayonun Sədiyan və İstisu kəndlərində torpaq sürüşməsi yenidən aktivləşib.
İstisu kənd sakinləri APA-nın yerli bürosuna bildiriblər ki, torpaq sürüşməsi kəndi üç tərəfdən əhatə edən dağ yamacında baş verir. Hazırda sürüşmə ərazisi genişlənərək evlər üçün də təhlükəli vəziyyət yaradıb.
Sakinlərdən Həmzə Musayev və Ziyad Əzizovun sözlərinə görə, indiyədək bu ərazilərdə torpaq sürüşməsi qeydə alınmayıb. Torpaq sürüşməsinin İstisu kəndinin şimalındakı dağlıq ərazidə aktivləşməsi sakinləri daha çox narahat edir. Hazırda torpaq sürüşməsi davam edir və getdikcə ərazisi genişlənir.Sakinlərin həyətyanı sahələrində və meyvə bağlarında böyük yarğanlar əmələ gəlib, yeraltı sular üzə çıxıb. Kənddəki evlərin bir çoxunun torpaq altında qalmaq təhlükəsi olduğundan insanlar təşvişə düşüb. Hazırda kəndin 3 tərəfindəki dağ yamacında torpaq sürüşməsi davam edir və torpaq axını tədricən çökək ərazidəki evlərə doğru hərəkət edir.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayevin sözlərinə görə, son illər İsmayıllıda torpaq sürüşməsi nəticəsində 29 kənddə 184 ev qəzalı vəziyyətə düşüb.
Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin birgə rəyindən sonra həmin evlərdə yaşayanların təhlükəsiz əraziyə köçürülməsi barədə qərar qəbul edilib: "Sürüşmə zonasında yerləşən 184 evdən 81-i tam qəzalı vəziyyətdədir, həmin evlərdən 7-si isə tamamilə dağılıb, 103 evin divarlarında isə iri çatlar əmələ gəldiyi üçün yaşayış üçün təhlükəlidir”.
Rövşən Ağayevin sözlərinə görə, yaşayış üçün yararsız olan bir neçə evin sahibinə kompensasiya ödənilib. Bir ev tikilərək sahibinə verilib və ötən ildən etibarən Fövqəladə Hallar Nazirliyi tərəfindən 6 yeni evin inşasına başlanılıb. Həmin evlərin tikintisi yekunlaşmaq üzrədir. Digər qəzalı evlərin sahibləri üçün yeni mənzillərin tikintisinə qərar verildikdə işlərə başlanılacaq.
İsmayıllı təbii fəlakətlərə alışıqdı
İsmayıllı Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan Həftəran vadisində yerləşir. Ərazinin landşaftları şaquli qurşaqlığa uyğundur. Sel və daşqınlar, torpaq sürüşmələri, zəlzələlər bu zona üçün xarakterikdir.
İsmayıllı haqqında qeyd edilir ki, ərazi Kaynozoyda baş verən Alp qırışıqlığı zonasına aid olduğu üçün seysmik cəhətdən çox fəaldır. Ərazidə vaxtilə 8-9 bal gücündə zəlzələlər müşahidə olunub. 1981-ci ilin oktyabrında baş vermiş zəlzələ ərazidə çox böyük dağıntıya səbəb olub və təsərrüfatlara külli miqdarda ziyan dəyib. Bu səbəbdən regionda baş verən zəlzələləri müşahidə və tədqiq etmək üçün rayon mərkəzi yaxınlığındakı Talıstan kəndində seysmoloji stansiya tikilib.
Bu ilin oktyabrında İsmayıllıda torpaq sürşümələri aktivləşmişdi. Rayonun Diyallı və Sədiyan kəndləri ərazisində torpaq sürüşmələri qeydə alınmışdı. Sulut kəndində və Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində aktiv sürüşmə prosesi baş vermişdi, yol bağlanmış, kəndlərlə əlaqə kəsilmişdi. Vəziyyət deyəsən, yenə təkrarlanır. Görünən budur ki, payız-qış mövsümü ismayıllılar üçün çətin keçəcək...
İsmayıllıda "qırmızı xətt” keçən yerlər var
İsmayıllının hazırkı durumunu əslən bu torpaqdan olan Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlundan öyrənməyə çalışdıq.
B.Vəziroğlu "Şərq”ə açıqlamasında İsmayıllıda vəziyyətin nəzarət altında olduğunu dedi:
- Demək olar hər gün ata evimizlə əlaqə saxlayıram. Ata yurdumuzda - Mollaisaqlı kəndində indi kiçik qardaşım yaşayır. Mənimsə Buynuz kəndində bağ evim var. Qardaşımla danışıram, deyir, vəziyyət nəzarətdədir. Rayonda fövqəladə hallar komissiyası fəaliyyət göstərir, torpağın hərəkəti, sürüşməyə meyilliliyi, seysmoloji vəziyyət hər an öyrənilir. Allah eləməmiş, nəsə bir hadisə olsa, insan tələfatına qətiyyən yol verilməyəcək. Çünki orada daim iş aparılır. Təhlükəli, qəzalı vəziyyətdə olan evlər müəyyənləşdirilib, əhali köçürülür, yeni evlər tikilir, hansı evləri ki təmir edib bərkitmək mümkündü, təmir edilir. İsmayıllının icra başçısı Mirdamət müəllim ziyalıdır, böyük alimdir, iqtisadçıdır. Var gücü ilə çalışır. Yəni narahat olmağa əsas yoxdur.
B.Vəziroğlu qeyd etdi ki, ümumiyyətlə İsmayıllı rayonu seysmik aktiv zonada yerləşdiyindən təbii fəlakətlər də gözləniləndi:
- Buranın camaatı təhlükələrə alışıb. Hamı bilir ki, İsmayıllı seysmoloji aktiv zonadı. Burda tarixən də zəlzələr çox olub, sellər, daşqınlar, torpaq sürüşmələri... Torpaq sürüşmələrini yaradan da sellərdi. Ona görə rayon camaatı həmişə ayıq-sayıqdı, istənilən vəziyyətə hazırlıqlıdılar. Bir hadisə baş verəndə nə etmək lazımdı, bilirlər. Təbii fəlakətin qarşısını almaq mümkün deyil, amma təhlükənin miqyasını azaltmaq və əsasən də insan tələfatının qarşısını almaq üçün müəyyən işlər görülə bilər. Məsələn, mənim bağ evim olduğu Buynuz kəndində düz evin yanından Göyçay çayı axır. Özü də gur sulu çaydı. Bir dəfə hörmətli nazirimiz Kəmaləddin Heydərov orda olanda, çayın təhlükəsini gördü və dedi ki, bir gün bu çay sənin evini yuyub aparacaq. Müvafiq strukturlarla əlaqə yaratdı, danışıqlar oldu və çayın üzərində təcili bənd quruldu. Sizə danışıram, hardasa 9-10 il əvvəlin söhbətini. O bənd tikiləndən daha çayın heç bir qorxusu, təhlükəsi yoxdur. Kənd camaatı da rahat yaşayır. Təhlükəli zonalar barədə rayon əhalisi də məlumatlıdır. İsmayıllının seysmoloji xəritəsində qırmızı xətlə işarələnən yerlər var. Bu o deməkdir ki, həmin yerlərdə nəinki ev tikintisinə, heç yol tikintisinə də icazə verilmir, hətta insanların o yerlərlə hərəkət etməsi də qadağandır. Yəni, rayon təbii fəlakətlərə hazırlıqlıdır.
Məlahət Rzayeva