“Bəlkə də artıq “sülh göyərçini” olan qohumlar əl-ayağa düşüb. İşdə də oldu bitdi, deyib onları barışdırmağa çalışacaqlar. Sırf biabır olmamaqdan ötrü”
Toyda bəy gəlini döyürsə, sabah onu öldürə də bilər
Bu, artıq ailə-məişət zorakılığının evdən kənara çıxması deməkdir
“Bəlkə də artıq “sülh göyərçini” olan qohumlar əl-ayağa düşüb. İşdə də oldu bitdi, deyib onları barışdırmağa çalışacaqlar. Sırf biabır olmamaqdan ötrü”
“Bəlkə də artıq “sülh göyərçini” olan qohumlar əl-ayağa düşüb. İşdə də oldu bitdi, deyib onları barışdırmağa çalışacaqlar. Sırf biabır olmamaqdan ötrü”
Ataların bir misalı var: "Dəmiri isti-isti döyərlər”. Dünəndən bəri sosial şəbəkələrdə yarı ironik, yarı da ciddi hər kəs bu ifadəni misal gətirir. Səbəb isə bəyin toy günündə gəlini döyməsidir.
Hər nə qədər Azərbaycanda qadınlara qarşı zorakılıq faktlarının artdığına, bu sahədə vəziyyətin getdikcə kritik mərhələyə qədəm qoyduğuna dair həyəcan təbili çalınsa da, heç kəs bu istiqamətdə qabaqlayıcı tədbirlər görmək istəmir. Bu da nəticə! Artıq bəylərimizin toydan sonrasını belə gözləməyə hövsələsi qalmayıb. Sanki qadını döymək, onu aşağılamaq bir mərifətmiş kimi, bu arzusunu elə toy günündə, hər kəsin gözü qarşısında gerçəkləşdirib. Təbii olaraq bu inanılmaz hadisəyə münasibət birmənalı deyil. Təəssüflə vurğulamalıyıq ki, sosial şəbəkələrdə bəyin bu inanılmaz addımına haqq qazandıran insanlar da var. Qeyd edək ki, aprelin 25-də "Xudafərin” şadlıq sarayında keçirilən toyda bəy gəlini hamının gözləri qarşısında döyüb. Bəy qəflətən gəlinə hücum çəkib, ona ardıcıl zərbələr endirib və həyat yoldaşı olacaq xanım huşunu itirib.
Şadlıq evinin rəhbərliyindən verilən məlumata görə, toy zamanı Sənan adlı bəy gəlini döymək istəyib. Bu zaman qohumlar arasında mübahisə düşüb. Davanın mahnı üstündə düşdüyü məlum olub: "Toyda çoxlu mahnı sifarişləri verilib. Bəylə gəlini də rəqsə dəvət ediblər. Bu zaman bəy oynamaq istəməyib. Gəlin isə rəqs etmək istəyib. Toydakı gənclərdən biri bəyə yaxınlaşıb, onun qulağına nəsə pıçıldayıb. Bu zaman bəy əsəbiləşib. Yanında oturan gəlinə əl atıb. Gəlin də toydan qaçmaq istəyib. Bu zaman yeni qohumlar arasında mübahisə yaranıb. Hadisə ilə bağlı polisə xəbər verilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşları şadlıq evinə daxil olaraq, davanın qarşısını alıb”.
Şadlıq evindən verilən məlumata görə, bəyin saxlanılması haqda mətbuatda yayılan xəbərlər doğru deyil: "Onların polis tərəfindən saxlanılması barədə yayılan xəbərlər yalandır. Toy bitdikdən sonra gecə bəylə-gəlin restoranı birgə tərk ediblər. Onların nikahları pozulmayıb. Yayılan xəbərlər dezinformasiyadır. Bəy-gəlin çox da imkanlı adamlar deyillər”.
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bu hadisədən bərk hiddətlənib. Onun sözlərinə görə, bəyin gəlini elə toydaca döyməsi artıq ailə-məişət zorakılığının evdən kənara çıxması deməkdir: "Cəmiyyətin bütün təbəqələri qadınlara qarşı törədilən zorakılıq hallarına sərt reaksiya verməlidir. İnsanlar qadın zorakılığına qarşı tam biganədir. Toy günündə bəylə gəlin qəbir evinə qədər bir yerdə olacaqlarına and içir. Bəyin gələcək ömür-gün yoldaşını toy günündə hər kəsin gözü qarşısında döyməsi artıq cəzasızlığın nəticəsidir. Görünür, bəyin çox ciddi psixoloji problemləri var. Çünki döymək insanın daxilində aqressiyanın olmasından irəli gəlir.
Normal iradəyə sahib olan heç bir adam toy günündə gəlini döyməz. Ən azı 200 nəfərin gözü qarşısında ona əl qaldırıb, aşağılamaz.
Mehriban Zeynalova deyib ki, bu gün şiddətə məruz qalanlar qadınlar olsalar da, elə sonda ən çox ittiham olunanlar da məhz zərif cinsin nümayəndələridir: "Qadını döymək cəmiyyət tərəfindən qınanmır, dəstəkləməyənlər isə əleyhinə çıxmır. Döyən buna uyğun cəza almadığından faktlar artır. O, cəza alacağını bilsə, növbəti dəfə döyüb-döyməmək barədə daha yaxşı düşünəcək.
Normal bir təhqiqat qrupu yaradılmalı və bu cür zorakılıqları doğuran səbəblər araşdırılmalıdır. Sosial işçilər, psixoloqlar bu prosesə cəlb olunmalıdır. Axı qadınlar nə qədər zorakılıq qurbanına çevrilməlidir? Nə qədər ittiham olunmalıdır? Hər dəfə cəmiyyət döyülən qadını haqsız çıxarır və "kişi”lərə bəraət qazandırırlar. Bu isə artıq qadın zorakılığının normal bir proses halına çevirib. Sanki elə belə də olmalıdır. Bu gün yeni doğulan körpədən 80 yaşlı qarıya qədər hər bir qadın şər-böhtana məruz qalır. Heç kim çəkinmədən, utanmadan 80 yaşlı qadın haqqında "əxlaq problemi var” deyir. Təbii ki, belə bir cəmiyyətdə gənc qadınlar hər zaman mənəvi travma ilə yaşayacaq. Təsəvvür edin ki, toy günündə döyülən gəlin haqqında cəmiyyət nələr danışacaq? Bu, faktiki olaraq qadın zorakılığıdır və heç bir halda bəraəti ola bilməz. Amma bizdə yenə də hər kəs gəlini günahlandıracaq. Necə ki, hər kəs küçədə döyülən rektor qızını "günah keçisi” elədi. İndi də "yəqin gəlinin nəsə səhvi olub”, deyə başlayacaqlar aşağı-yuxarı danışmağa. Əfsuslar olsun ki, bizim cəmiyyətdə "döyürsə, demək səbəbi var” düşüncəsi formalaşıb”.
M.Zeynalovanın sözlərinə görə, qız tərəf dərhal olaya müdaxilə etməli və həmin xanımı o oğlandan ayırmalıdır: "Toy günü gəlini döyən bəy, kim bilir sonra nələr etməz? Hətta həmin adamın gələcəkdə qadını öldürmə ehtimalı da var. Amma bu heç kəsi maraqlandırmır. Bəlkə də artıq "sülh göyərçini” olan qohumlar əl-ayağa düşüb. İşdə də oldu bitdi, deyib onları barışdırmağa çalışacaqlar. Sırf biabır olmamaqdan ötrü”.
M.Zeynalova deyib ki, artıq bu cür hadisələr maarifləndirmədən keçib, hüquq-mühafizə orqanları bu cür haqsızlıqlara müdaxilə etməlidir: "Qadın zorakılığına qarşı mübarizədə polisin rolu artırılmalıdır. Cəza metodları sərtləşdirilməlidir”. Təbii ki, ancaq məsuliyyətə cəlb etməklə iş bitmir. Polis həmin şəxslərlə söhbət etməli, nəzarətdə saxlamalı, ailə ilə görüşlər keçirməlidir, periodik evə baş çəkməlidir. Həmin şəxslər polis tərəfindən psixoloqa yönləndirilə, zorakılığa məruz qalanların qorunması, gizlədilməsi də təmin edilə bilər”.
Şəymən