"Tramp “Paris razılaşması”ndan niyə imtina edib ? - Pərdəarxası



"Tramp iqlim istiləşməsinin qarşısının alınması istiqamətində imzalanmış "Paris razılaşması”na yenidən qayıtmayacaq”.

Bunu Sherg.az-a Fransanın prezidenti Emmanuel Makronun "ABŞ-ın "Paris razılaşması"na qayıdacağına inanıram" açıqlamasına münasibət bildirərkən politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, ABŞ prezidentinin bu məsələ ilə bağlı mövqeyi çox prinsipial idi:

"O seçkilər ərəfəsində də bildirdi ki, prezident seçilərsə, onda həmin razılaşmadan çıxacaq: 

"Həmin vədinə əməl etdi. Ümumiyyətlə, "Paris razılaşması” müəmmalı məsələdir. Bu təşəbbüsün arxasında duran fəal qüvvələrin qayəsi başqadır. Onlar bir çox ölkələrə məhdudiyyət qoyurlar ki, istehsal qüvvələri fəaliyyətini məhdudlaşdırsın. "Paris razılaşması”nı yerinə yetirmək üçün beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin bəzi qüvvələri ortaq şəkildə fikirlər formalaşdırır, qərarlar qəbul edirlər ki, hansı ölkələr hansı sahələrdə korrektələrə yol verməlidir. Deyərdim ki, bəzi məqamlar açıq-aşkar diskriminasiya xarakteri daşıyır. Ona görə, Donald Trampın bir iş adamı kimi həmin razılaşmaya mənfi münasibəti anlaşılan idi. "Paris razılaşması” siyasi sənəddir, iqtisadi sənəd deyil. Bu baxımdan Tramp məhz biznes maraqlarından məsələyə yanaşdı və müəyyən etdi ki, Amerikanın mənafeyinə xidmət etməyən sazişdir. Bütün bunları nəzərə alaraq demək olar ki, ABŞ prezidenti bu məsələyə qayıtmayacaq”.

Qeyd edək ki, E. Makron gələn ay ABŞ prezidenti Donald Trampın razılaşmaya yenidən qayıda biləcəyini deyib. Prezidentin sözlərinə görə, ötən günlərdə Trampın Parisə səfəri zamanı baş tutan danışıqlarda ABŞ prezidenti onu diqqətlə dinləyib və Makronun bu məsələyə dair istəklərini tamamilə dərk edib.

Aysel Aslan