“Tramp qanunu qəbul edəcək”

“Rusiya sanksiyalardan əziyyət çəkəcək, amma təzyiqlərə boyun əyməyəcək”
Tofiq Abbasov: “Yaxın günlərdə Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının sayı xeyli azalacaq. Eləcə də ölkə ərazisində istifadə olunan bəzi obyektlərin fəaliyyəti dayandırılacaq”

ABŞ Konqresi Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib. Qanun layihəsi hələlik Amerika Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməyib. Buna baxmayaraq, Rusiya tərəfi sanksiyalara adekvat cavab verəcəyini bəyan edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əgər ABŞ geri addım atmazsa, 755 ABŞ diplomatı Rusiyanı tərk etməli olacaq:

"Ümid edirdik ki, münasibətlər yaxşılaşacaq. Ancaq görünən odur ki, münasibətlərdə heç bir dəyişiklik olmayacaq. Biz heç nəyi cavabsız qoymayacağıq”. Rusiyalı politoloq Andrey Piontkovski yazıb ki, yeni ABŞ sanksiyaları Rusiyada bomba effekti yaradacaq: "ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları göstərir ki, Vaşinqton Rusiya məsələsi ilə artıq ciddi məşğul olacaq. Bu sanksiyalar sayəsində ABŞ-ın maliyyə kəşfiyyatı yarım il ərzində Putinin ətrafının Qərbdəki bütün aktivlərinə giriş əldə edəcək. Bu isə geridönməz nəticələrə səbəb olacaq”. Ekspertlərin fikrincə, onsuz da gərgin olan münasibətlər sanksiyaların tətbiq edilməsindən sonra daha da kəskinləşəcək. Proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran politoloq Tofiq Abbasov Rusiyanın sanksiyalardan əziyyət çəkəcəyini, ancaq təzyiqlərə boyun əyməyəcəyini deyib.

- Donald Tramp sanksiyalar barədə qanunu təsdiq edəcəkmi?

- Məncə, edəcək. Çünki Konqres Trampı faktlar qarşısında qoyub. Prezidentin impiçmentdən xilas olmaq şərtlərindən biri odur ki, Tramp anti-Rusiya meyillərini tərk etməsin. Belə məqamda Ağ Ev rəhbərinin çıxış yolu qalmır. Ona görə də kompromisə getməyə məcburdur. Rusiya Trampın qərarı təsdiq edəcəyindən əmin olduğu üçün artıq indidən adekvat cavablar vermək barədə düşünür. Yaxın günlərdə Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının sayı xeyli azalacaq. Eləcə də ölkə ərazisində istifadə olunan bəzi obyektlərin fəaliyyəti dayandırılacaq. Moskva çox dözdü, amma gördü ki, Amerikada anti-Rusiya meyilləri azalmaq əvəzinə daha da artmaqdadır. Kreml hesab edir ki, bunun qarşısını ancaq cavab tədbirləri ilə almaq mümkündür.

- Putin ümidlərinin özünü doğrultmadığını söylədi. Rusiya rəhbəri yeni Prezident Trampa ümid edirdi, yoxsa ABŞ-ın nisbətən "yumşalan” mövqeyinə?

- Trampın hakimiyyətə gəlməsi ilə bağlı müəyyən ümidlər var idi. Amma onlar tez zamanda puç oldu. Daha sonra münasibətlərdə uzun müddət qeyri-müəyyən vəziyyət yarandı. Növbəti gözləntilər ondan ibarət idi ki, əgər Trampla Putinin görüşü baş tutarsa, münasibətlər nisbətən normallaşar. Hamburqda liderlər arasında təkbətək görüş olsa da, təmaslardan nəticə hasil olmadı. Əksinə, Trampın ətrafı yeni prezidenti daha da sıxışdırmağa başladı. Tramp özünün və komandasının mövqelərini qorumaq üçün geri çəkilməyə və Konqresin tələblərinə "hə” deməyə məcbur qaldı.

- Rusiyalı politoloq Andrey Piontkovski deyib ki, "sanksiyalar Rusiyanı çökdürəcək”. Ekspert bunu ən ağır sanksiya hesab edir. Sizcə də belədirmi?

- Piontkovskinin Rusiya adından danışmağa səlahiyyəti çatmır. O, xaricdə yaşayır və müxalif mövqedə olduğu üçün Putini sərt şəkildə tənqid edir. Çox halda isə onun fikirləri emosional olur. Ancaq sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir göstərdiyi Moskva rəsmiləri tərəfindən də etiraf olunur. Reallıq isə odur ki, Rusiyanın ehtiyatları kifayət qədər çoxdur. Doğrudur, iqtisadiyyatda böhran yaranırsa, maliyyə sistemində, bank sektorunda və ümumi istehsalatda ciddi çatışmazlıqlar meydana gəlir. Nazirlər Kabineti və hökumət bu orqanlar arasında koordinasiya yaratmalıdır. Lakin Dmitri Medvedyevin hökuməti zəiflik nümayiş etdirir və prosesləri nəzarətdə saxlaya bilmir. Amma bir daha vurğulayıram ki, Rusiyanın potensial imkanları genişdir. 

Rusiyada Prezidentin Ehtiyat Fondu və digər rezervlər mövcuddur. Ölkədə bir neçə çox qüdrətli maliyyə sənaye qrupları fəaliyyət göstərir. Ən əsası isə odur ki, Rusiyada gələcək üçün çox mühüm amil sayılan içməli şirin su ehtiyatları mövcuddur. Məlumdur ki, qloballaşan dünyanın ən ciddi problemi məhz içməli suyun tükənməsidir. Bunlar göstərir ki, Rusiyanın manevr imkanları hələ tükənməyib. Ona görə də ABŞ sanksiyaları artırmaqla Rusiya üçün əlverişsiz şərait yaratmağa çalışır, ölkənin istehsal gücünü sındırmağa səy göstərir. Bu da düşmən mövqeyidir və Rusiya bunu çox gözəl başa düşür. Ona görə də ölkədəki "5-ci kalon”u məhv etmək və qərəzli münasibət sərgiləyən amerikalı diplomatları ölkədən çıxarmaq niyyətindədir. Yəni belə demək mümkündürsə, "düşmən dəyirmanına su tökən”ləri zərərsizləşdirməyi planlaşdırır. Lakin Rusiya anti-böhran proqramını düzgün həyata keçirə bilməsə, vəziyyət heç də qənaətbəxş olmayacaq.

- Bəzi ekspertlərə görə, sanksiyaların əsas səbəbi Krımla bağlıdır. Rusiya Krımla bağlı geri addım atacaqmı?

- ABŞ və Rusiyanın maraqları bir çox məsələlərdə toqquşur. Bu təkcə, Krımla bağlı deyil. Hətta deyərdim ki, Krım problemi artıq gündəmdən çıxmaq üzrədir. Müzakirələr əsasən Ukraynanın cənub-şərqində gedən proseslərlə bağlıdır. Digər məqam isə Suriya böhranıdır. Üçüncü məsələ isə qaz enerjisinin nəqlidir. ABŞ çalışır ki, Avropanın Rusiyadan qaz asılılığını azaltsın. Ümumiyyətlə, Vaşinqton Moskvanı bütün beynəlxalq enerji layihələrindən, siyasi proseslərdən kənarlaşdırmaq istəyir. SSRİ-nin bölünməsini reallaşdıran ABŞ bununla kifayətlənməyərək, Rusiyanı da parçalamağı düşünür.

İsmayıl