“Turistlərin gəlişi başlayıb, onların arasında tanışlarım var”

Eduard Məmmədov: “Qonaqlarla ünsiyyət yaradıb, təəssüratlarını alıram”



"İnanın, turistlər bəlkə də Azərbaycanı belə təsəvvür etmirdilər. Bakının bu qədər gözəl bir şəhər olduğunu ağıllarına gətirmirdilər”

Bakıda keçiriləcək Avropa Oyunları tarixdə bir ilk olacaq. Azərbaycan ilk Avropa Oyunlarının ev sahibi kimi dünyada təbliğ edilir, öyrənilir. Ölkəmizə çoxlu turistlər gəlir. Nəticə etibarilə Azərbaycan bu tədbirlə daha da məşhurlaşacaq. Azərbaycanı yaxından tanımaq avropalıların bu ölkəyə marağını bir qədər də artıracaq.

Oyunların başlamasına az zaman qaldığından həyəcan da artır. Hər bir vətəndaş hiss etməyə başlayır ki, belə tarixi əhəmiyyətli yarışa ev sahibidir.
Bəs görən, idmançılarımız ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini necə dəyərləndirir?
"Şərq”in suallarını 21 qat dünya çempionu, Əməkdar idman ustası, Əməkdar məşqçi Eduard Məmmədov cavablandırdı.

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini tarixi əhəmiyyətli hadisə kimi dəyərləndirən məşhur idmançı "Azərbyacan bu ilk Avropa Oyunlarına ev sahibliyi etməklə tarixə yeni iz qoydu. İyulun 12-dən 28-nə qədər Avropanın diqqəti Azərbaycanda olacaq. Bu, həqiqətən böyük bir hadisədir. İlk Olimpiya Oyunları Yunanıstanda keçirilib. Bu tarixə düşüb. İlk Avropa Oyunları da Azərbaycanda keçiriləcək. Bu da tarixə düşəcək bir hadisə kimi qiymətləndiriləcək. Avropaya ev sahibliyi etmək böyük məsuliyyət tələb edir. Hər ölkə bu məsuliyyəti üzərinə götürə bilməyib. Azərbaycan belə böyük, mötəbər yarışa ev sahibliyi etməyə razılıq verməklə əslində bir daha bu dövlətin gücünü sübut etmiş olur. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini təmin etməkdə ölkə başçısı İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın müstəsna rolu olub. Onların idmana böyük dəstəyini hər bir idmançı hiss edir. Mənim bu mötəbər yarışda iştirak edən idmançı dostlarım çoxdu. Onların oyünlarını izləməyi nəzərdə tutmuşam. Biletlərim var. 300-dən çox azərbaycanlı idmançı bu yarışlarda Azərbaycanı təmsil edəcəklər. Mənim idmançı dostlarımdan Şahin Atamov, Rafael Ağayevin oyunlarını mütləq izləyəcəm. İlk Avropa Oyunlarının açılışında da, bağlanışında da iştirak edəcəm. Bu yarışlarda Azərbaycan himninin dəfələrlə səslənəcəyinə, Azərbaycan bayrağının qalxacağına əminəm. Çünki bizim idmançılar həqiqətən çox böyük potensiala malikdilər. Bu yarışlarda Azərbaycan idmançılarının qalib olaraq saylarının çox olacağına əminəm”.

"Ev sahibi olaraq bizim üzərimizə nə düşür” sualına isə Eduard Məmmədov "Ev sahibi olaraq hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bu yarışlarda fəal olmaq vacibdir. İdmançılarımıza dəstək olmaq lazımdı. Çünki doğma arenada çıxış etmək həm asandı, həm də çətin. Asandı ona görə ki, sənə dəstək olanların sayı çoxdu, öz evindəsən. Çətindi ona görə ki, sənin üzərində böyük məsuliyyət var, çiyninə böyük yük düşür. O yükü sona qədər aparmalısan. İdmançılarımız son saniyəyə qədər mübarizə aparmalı, qələbəyə əminlik hissini itirməməlidir” bildirdi.

"Dəfələrlə dünyanın müxtəlif ölkələrində böyük yarışlarda iştirak edən idmançı olaraq, səncə, bura gələn qonaqların, idmançıların diqqətini daha nələr çəkə bilər” soruşduqda isə Eduard
Məmmədov "Çox maraqlı məqama toxunmuş oldunuz. Bizim milli mətbəximiz qonaqların böyük marağına səbəb olacaq. Çünki bura gələn bəzi idmançı dostlarımız var ki, onlarla əlaqəmiz olur, yarışlarda görüşürük. Milli yeməklərimizdən yarpaq dolmasının, aşın dadı hələ də damaqlarındadır. Əminəm ki, bura gələnlər milli yeməklərimizi daddıqdan sonra bir daha o yeməklərdən dadmaq istəyəcəklər. Bir də milli musiqimizin beşiyi sayılan muğamlarımız qonaqların marağına səbəb olacaq. Buna heç şübhəm yoxdu. Çünki muğamı ilk dəfə dinləyən hər bir insan bu musiqiyə vurulur. Əcnəbi idmançılar var ki, bir dəfə muğamı dinlədikdən sonra mənə deyiblər ki, sizin necə güclü musiqiniz var. Bu dili başa düşmədən muğamı sevənlər var. Bundan əlavə, istirahət məkanı olaraq da Azərbaycan gələn qonaqların marağını özünə çəkə biləcək. Mən əvvəllər İspaniyaya, misal üçün, Marokkoya və ya dünyanın digər bir maraqlı ölkəsinə gedəndə necə maraqlı gəlirdisə, bu gün Azərbaycan, xüsusilə Bakı qonaqlar üçün o qədər maraqlı olacaq. Bakı o qədər modern, eyni zamanda tarixi bir şəhərdi ki, bura gələnlərin uzun müddət yaddaşından silinməyəcək.

Biz əsasən bu böyük yarışlarda ev sahibi kimi məsuliyyətimizi hiss etməliyik. Küçədə bizə yaxınlaşan hər bir əcnəbiyə gülərüzlə cavab verməliyik. Taksi sürücüsü də, piyada olan insan da, şəhərdə dolaşan adi bir vətəndaş da ev sahibi olduğunu unutmayıb qonaqlarla xoş ünsiyyət yaratmağa çalışmalıdır. Bu gün artıq Azərbaycana turistlərin gəlişi başlayıb. Onların arasında tanışlarım da var. Mən qonaqlarla ünsiyyət yaratmağa çalışıram. Maraqlanıram ki, Azərbaycanla bağlı təəssüratları necədir? Bakı onların xoşuna gəldimi? İnanın, turistlər bəlkə də Azərbaycanı belə təsəvvür etmirdilər. Bakının bu qədər gözəl bir şəhər olduğunu ağıllarına gətirmirdilər. Ona görə də çalışmalıyıq ki, bura gələn hər bir əcnəbi turist, idmançı və başqaları Azərbaycandan yalnız xoş xatirə ilə ayrılsın. Buna görə də dövlətin vətəndaşı olaraq bu məsliyyəti hiss etməliyik” söylədi.

Tahirə Məmmədqızı