"Turizmin Azərbaycan büdcəsindəki xüsusi payından, bu sahənin böyük gəlirlərindən danışmaq hələlik tezdir”.
Bunu Sherg.az-a turizm sahəsindən gələn gəlirlər haqqında danışarkən iqtisadçı, ekspert Fuad İbrahimov deyib. İqtisadçı bildirib ki, buna baxmayaraq turizm dolayı yolla da olsa, xeyir gətirəcək:
"Hər bir turistin hansısa ölkəyə getməsi tək hava nəqliyyatı, otel sahəsinə deyil, başqa sahələrə də gəlir gətirir. Ölkəyə gələn turist suvenir alır, restoranlara, muzeylərə gedir, konsertlərdə iştirak edir. Ən çox iaşə obyektlərində, kafelərdə, restoranlarda ölkənin milli təamlarından dadmaqla öz pulunu xərcləyir. Otellər, suvenir biznesi, iaşə obyektləri də ola bilər hansısa məmura aiddir. O demək deyil ki, məmur özü şəxsən həmin yerləri işlədir. Yəni orda işləyən insanlar var, xidmət sahəsində vətəndaşlarımız çalışır. Bu mənada turistlərin sayı artsa, xidmət sayı da artacaq. Milli təamlarla zəngin iaşə obyektləri də turistlərin qarşısına tez-tez çıxacaq. Bu cəhətdən turizmin inkişafının müsbət amilləri çoxdur. Azərbaycanda keçirilən böyük regional layihələrin sayəsində turistlərin artması yaxşı haldır".
Rusiyadan gələn turistlərin çoxalmasına xüsusi diqqət edən F. İbrahimov deyib ki, bu, sevindirici haldır:"Nəzərə almalıyıq ki, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin turizm sahəsinin inkişafında rus turistlərin birbaşa əməyi olub. Manatın devalvasiyası şəraitində yaşadığımızdan turizmin inkişafı stimullaşdırıcı amil hesab olunur. Ərəb ölkələrindən və bayram vaxtlarında İrandan, digər dövlətlərdən gələn turistlərin sayı da gözəçarpan səviyyədə artıb. Bu məqamlar artıq turizmə müsbət şərait yaradır. Mövcud vəziyyət dinamik sürətlə inkişaf edərsə, iqtisadi cəhətdən əlçatan, çox baha olmayan otellərimizin sayı da çoxalacaq. Sahibkar görsə ki, otellərə tələbat artıb, onda otel tikintisi üçün banklara müraciət edib sərmayə götürə bilər. Bu da öz növbəsində bank sektoruna müsbət təsir edəcək. Ona görə, bu proseslərin hamısı bir-birindən asılı, zəncirvari hallardır. Bütün bunları nəzərə aldıqda tuirizmin inkişafını müsbət qiymətləndirirəm”.
İqtisadçı onu da əlavə edib ki, turisti cəlb etmək, bu sahənin büdcədə xüsusi çəkisini artırmaq üçün əmin-amanlıq və sakitlik böyük əhəmiyyət kəsb edir:
"Məsələn, bu gün bölgədə narahatlıq olarsa, cinayətkarlığın səviyyəsi çoxalsa, ictimai sabitlik olmasa şübhəsiz ki, heç bir turist gəlməz. Vaxtilə İraq, Suriya kimi dövlətlər də turizm baxımından əlverişli ölkələrdən idi. Azərbaycandan birbaşa həmin ölkələrə hava relsləri var idi. Amma indiki vəziyyətdə tamamilə bu ölkələr iflic vəziyyətinə düşdü. Ümumi olaraq tək iqtisadi deyil, digər məsələlər də turizmin inkişafında əhəmiyyətlidir”.
Aysel Aslan