İlham Şaban: “Nə Putinin İrəvana səfəri, nə də Ərdoğanın buna cavab olaraq, 9 May paradında iştirakdan imtinası “Türk axını” qaz kəmərinin fəaliyyətinə təsir edəcək”
"Böyük biznesdə siyasət o qədər də ciddi əhəmiyyət daşımır”
Rusiyadan Türkiyənin qərbinə çəkiləcək "Türk axını” qaz kəmərinin ilk mərhələsinin 2016-cı ilin sonunda işə salınacağı barədə razılıq əldə olunub. Rusiyanın qaz istehsalçısı "Qazprom”un rəhbərliyi Türkiyənin energetika naziri Taner Yıldızla danışıqlardan sonra bəyan edib ki, kifayət qədər konstruktiv və mühüm danışıqlar baş tutub:
"Qazprom” "Türk axını” layihəsi üzrə iş qrafikində əldə olunmuş razılaşmalardan çıxış edəcək”. Qeyd edək ki, "Türk axını”nın ilk mərhələsi Türkiyənin qərbini təchiz edəcək. Növbəti üç mərhələ Ukrayna tranzitini əvəzləyərək, Mərkəzi və Cənubi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. "Qazprom” tikintiyə başlamaq üçün yüksək hazırlıq vəziyyətindədir. Lakin Türkiyə indiyədək layihə üzrə öz dəniz sularında araşdırma aparılmasına, həmçinin tikintinin başlamasına icazə verməyib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban isə deyib ki, Rusiyadan Türkiyənin qərbinə çəkiləcək "Türk axını” qaz kəmərinin ilk mərhələsi 2016-cı ilin sonunda işə salınacaq və bununla da, Türkiyə Ukraynadan yan keçməklə, yəni Trans-Balkan qaz kəməri üçün tranzit ölkə olmadan Rusiyadan birbaşa qaz idxal etmək imkanı əldə edəcək. Tranzit ölkələr aradan qaldırıldıqda isə Türkiyə Rusiya qazını nisbətən ucuz qiymətlərlə almaq imkanı əldə edəcək.
İ.Şabanın sözlərinə görə, nə saxta erməni soyqırımını anmaq üçün Putinin İrəvana səfəri, nə də Ərdoğanın buna cavab olaraq, 9 May paradında iştirakdan imtinası "Türk axını” qaz kəmərinin fəaliyyətinə təsir edəcək: "Biznes biznesdir, siyasət siyasətdir. Böyük biznesdə siyasət o qədər də ciddi əhəmiyyət daşımır. Ərdoğanın Putinin qələbənin 70 illiyi münasibəti ilə keçirilən hərbi parad dəvətindən imtinası isə daxili auditoriyaya hesablanıb. Türkiyə 7 iyun seçimlərinə hazırlaşır. Türkiyə böyük bir ölkə olduğu üçün seçkilərdə hər bölgənin maraqları nəzərə alınır. Faktiki olaraq, Türkiyədə hər seçici uğurunda mübarizə gedir. Qars, İğdır və digər ətraf bölgələrə partiyalar çox böyük önəm verir. Türkiyənin hakim partiyası da bunu nəzərə aldığı üçün Ərdoğan hərbi parada iştirak üçün rəsmi Moskvanın dəvətindən imtina edib. Rusiya ilə Avropa arasında münasibətlər sərtləşdiyi üçün rus biznesmenlər öz yatırımlarını türk iqtisadiyyatına edirlər. İndi ruslar Avropadakı pullarını çıxarıb, Türkiyə köçürürlər. Bir sözlə, Türkiyə ilə Rusiya əlaqələrinin pozulması sadəcə bir mifdir”.
Şəymən