Türk nazir Rusiyanın iddialarını rədd etdi

“Ermənistana biz zəng edib dedik ki, Azərbaycana hücum edin?”
Mövlud Çavuşoğlu: “Atəşkəsi kimin pozduğuna baxdığınızda, onun arxasında kimin durduğunu çox gözəl görə bilərsiniz”


"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Minsk Qrupu həmsədrlərinin üzərinə vacib vəzifələr düşür”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda BMT Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən iclasda deyib. XİN rəhbərinin sözlərinə görə, Minsk Qrupu istəsə, bu problem qısa müddətdə həll oluna bilər:

"Ermənistan siyasi həll istəmədiyi üçün atəşkəsi pozub. Azərbaycan birtərəfli qaydada atəşkəs elan edərək münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bütün dünyaya göstərdi. Ermənistanın bu mənfi yanaşması heç kim tərəfindən mükafatlandırılmamalıdır”.

"Qarabağla bağlı mövqeyimiz qətidir”

Nazir əlavə edib ki, rəsmi Ankaranın Qarabağla bağlı mövqeyi son dərəcə qətidir: "Biz münaqişənin sülh yolu ilə həllini istəyirik. Amma hər zaman qardaş Azərbaycanın yanındayıq və bütün şərtlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Qarabağ problemi, Azərbaycanın işğal olunmuş torpaq problemi BMT və digər təşkilatların qərarlarında olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində diplomatik və sülh yolu ilə həll olunmalıdır”.

"Atəşkəsi Ermənistan pozub”

M.Çavuşoğlu Qarabağda münaqişənin alovlanmasında Türkiyənin rolu olmasına dair Rusiya rəsmilərinin iddialarına cavab verib: "Rusiya rəsmilərinə cavab verəsi deyiləm. Bu kimi iddiaları yersiz hesab edirəm. Türkiyənin bu məsələdəki mövqeyi bəllidir. Atəşkəsi Ermənistan pozub. Biz Ermənistan rəhbərliyinə zəng edib və ya görüşüb "qardaş Azərbaycana hücum edin dedik?”. İddianın da bir ciddiliyi olmalıdır. Atəşkəsi kimin pozduğuna baxdığınızda, onun arxasında kimin durduğunu çox gözəl görə bilərsiniz. Qarabağ münaqişəsinin yaranmasında məsuliyyət daşıyan şəxslərdən müsbət yanaşma və ya siyasi həll gözləmək çox böyük nikbinlik olardı”.

"İnanırıq ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa ediləcək”

M.Çavuşoğlu deyib ki, hər zaman Bakıda, küləklər şəhərində olmaq onu şad edir: "Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin beşiyi olub. Baxmayaraq ki, torpaqlarının 20 faizi işğal edilib, Azərbaycan xalqı heç vaxt sülh şəraitində yaşamaq mədəniyyətini itirməyib. İnanırıq ki, Azəraycanın ərazi bütövlüyü, suverenliyi bərpa ediləcək”. Nazir bildirib ki, ayrı-seçkilik, islamofobiya, ksenofobiya dünyanı ağuşuna alıb: "Bunlar ümumbəşəri dəyərlərimizi təhlükə altında qoyur. İŞİD, PKK, "Əl-Qaidə” kimi terror təşkilatları həssas qruplardan öz maraqları üçün istifadə etməyə çalışır. O terror təşkilatlarının heç bir fərqi yoxdur. ABŞ-da bəzi prezidentliyə namizədlər narazılıq doğuran çıxışlar edirlər. Biz ümumi parlaq gələcək üçün tədbirlər görməliyik. Sivilizasiyalar Alyansı bu istiqamətdə mühüm platformadır. Vətəndaş cəmiyyəti də bu sahədə mühüm institutlardır. Avropa Şurası Parlament Assambleyası da mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər”. Nazir vurğulayıb ki, Türkiyə Alyansın həmtəsisçisi olaraq qarşıya qoyulan hədəflərə çatılacağına inanır.

İsmayıl