Türk professor medalını Afrin şəhidlərinə bağışlayıb





Türkiyəli professor Akkan Suvər aldığı medalı Afrin şəhidlərinə bağışlayıb.

"Sherg.az”ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mərmərə Qrupu Fondunun baş direktoru, professor A.Suver Rumıniya kralı Marqareta tərəfindən mükafatlandırılıb. Professor Balkan ölkələrində Sülh və Tərəfdaşlıq naminə göstərdiyi uğurlu fəaliyyətinə görə "Krallığın Ləyaqət Medalı”na layiq görülüb.

Vətəndaş cəmiyyətinə rəhbərlik etməklə bərabər, on ildir, Türkiyənin Mətbuat Kartının sahibi, tək Fəxri Baş Konsul adını daşıyan A.Suvər mükafatlandırmadan sonra fikirlərini səsləndirib. Professor "Bu medalı Türk xalqının adından almaq qürurvericidir. Ona görə, mükafatı Afrində şəhid olan qəhrəman əsgərlərimizə ərməğan edirəm” - deyə bildirib.

A.Suver rumın millətinə və kral ailəsinə minnətdarlığını da ifadə edib:

"Rumın milləti mənə səxavətli davranaraq, illər ərzində müxtəlif mükafatlarla təltif edib. Konstansa Dövlət Dənizçilik Universitetinin Fəxri Doktoru, qərargahı Buxarestdə yerləşən Qara dəniz və Xəzər dənizi Fondunda prezidentlik, Ankarada olan Rumıniya səfirliyinin "Şərəf Mükafatı”, keçmiş baş nazir Viktor Ponta tərəfindən Sülh Mükafatlarına layiq görüldüm. Bir daha rumın millətinə təşəkkür edirəm”.

Qeyd edək ki, Akkan Suvər Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti, Mərmərə Qrupu Fondunun prezidentidir. O, 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif olunub.

Aysel Aslan