Türk taekvondoçu "Şərq"ə danışdı

"Mən də yarışlarla bağlı bü gün oruc tuta bilməsəm də növbəti günlərdə tutacam”
67 kq-dan aşağı çəkidə mübarizə aparan taekvondoçumuz Fəridə Məmmədovanın 1/4 finaldakı rəqibi qardaş Türkiyə komandasının üzvü Tatar Nur ilk Avropa Oyunlarının təşkilindən çox razıdır. Türkiyəli atlet yarışlar müddətində yaşadıqları Atletlər kəndini də çox bəyənib: "Atletlər kəndində istər yemək, istər nəqliyyat olsun, hər şey çox gözəl hazırlanıb. Hər bir şəxs bizimlə çox gülərüz və xoş rəftar edir. Bizlərə qalib olmağımız üçün dua edən və etməyən hər kəsə təşəkkür edirəm. Hər şey üçün çox sağolun”.
Tatar Nur  "sherg.az”-ın əməkdaşı ilə söhbətində yarışlarla və rəqibləri ilə bağlı da danışıb: "Burada hər bir çəkidə ən yaxşı 16 idmançı var və bunların hamısı da dünya reytinq cədvəlində ön yerləri tuturlar. Həm də Olimpiya oyunlarına az vaxt qaldıqca hər bir atlet yaxşı məşq edib, hazırlaşaraq lisenziya qazanmaq arzusundadırlar”.
Ay ulduzlu bayrağın təmsilçisi mübarizə aparacaq idmançımızı da güclü rəqib sayır: " Hər ikimiz də olimpiya oyunlarının iştirakçısı olmuşuq. O da təcrübəli idmançıdır. Nəticədə ikimizdə qardaş ölkələrik. Düzdür, hər bir idmançı qızıl medal qazanmaq istəyir. Allah icazə versə, finala qədər irəliləmək istəyərəm. Rəbbim onun (Fəridə-red) və mənim haqqında xeyrlisini nəsib etsin. Ən yaxşı və layiq olan qazansın”.
Müsahibimiz Ramazan Bayramı münasibəti ilə bütün dünya müsəlmanları ilə bərabər Azərbaycan və Türkiyə xalqını da təbrik etməyi unutmayıb: " Mübarək aydır, Allah hər kəsin ürəyinə görə versin. Tutulan bütün oruclar haqq dərgahında qəbul olsun. Mən də yarışlarla bağlı bü gün oruc tuta bilməsəm də növbəti günlərdə tutacağam”.
Vüqar Şahinoğlu