Türk tankları Suriyada...
“Yaxın Şərq siyasətində Türkiyə ilə bundan sonra daha güclü əməkdaşlığın zəruriliyi Vaşinqtona indi daha yaxşı məlumdur”
Türkiyənin topçu birlikləri İraqda hərbi əməliyyata başlayıb. Xəbəri ölkənin Baş naziri Binəli Yıldırım da təsdiqləyib. Məlumata görə, Başika yaxınlığında olan türk artilleriyası peşmərgə silahlılarının xahişi ilə İŞİD-i atəşə tutub.
"Reuters” agentliyi peşmərgə qüvvələrinin Başikada nəzarəti ələ keçirdiyini yaysa da, şəhərin hələ mühasirədə olduğu deyilir. Türkiyənin İraqda artilleriya atəşinə başlaması isə rəsmən quru əməliyyatına start verilməsi deməkdir.
Türkiyə qırıcıları Mosulda...
Xarici işlər naziri Mövlud Çavuşoğlu Mosulun terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatında 4 "F-16” tipli qırıcı təyyarənin iştirak etdiyini deyib: "F-16” tipli qırıcılarımız koalisiyaya aid qüvvələrlə birgə anti-terror əməliyyatında iştirak edir. Biz Mosul əməliyyatını birgə aparırıq. İraqın şimalında təlim keçdiyimiz kürd silahlılar və yerli güclər Başika əməliyyatına fəal şəkildə qatılıblar. Başikadakı qüvvələrimiz son günlər ərzində 700 nəfər terrorçunu məhv ediblər”. İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi çərçivəsində Nineviya şəhərinin 9 yaşayış məntəqəsi azad olunub. İraq ordusundan bildiriblər ki, əməliyyat zamanı 300 İŞİD-çi öldürülüb. İraq ordusunun itkiləri barədə məlumat verilmir.
İraqın hərbi komandanlığından təkzib gəldi
İraqın hərbi komandanlığı isə Mosul şəhərinin İŞİD-dən azad edilməsi üzrə əməliyyatlarda Türkiyənin iştirak etməsini təkzib edib. Ordu nümayəndəsinin bəyanatına əsasən, İraqın hökumət qoşunlarına dəstək verənlər arasında türk hərbiçiləri yoxdur: "Komandanlığın nümayəndəsi olaraq bildirirəm ki, birgə əməliyyatlarda Türkiyə iştirak etmir”.
"Türkiyə İraq əməliyyatında mütləq iştirak etməlidir”
Türkiyəyə səfər edən ABŞ-ın müdafiə naziri Eşton Karter Böyük Millət Məclisini ziyarəti zamanı İraqın Mosul əyalətinin terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatında Ankaranın iştirakının vacibliyini söyləyib. ABŞ rəsmisi Yaxın Şərq bölgəsində aparılan əməliyyatlarda müttəfiqi Türkiyəyə dəstək verəcəklərini deyib. Ərdoğanla Eşton Karterin görüşü 30 dəqiqə davam edib. Karter Baş nazir Binəli Yıldırım və müdafiə naziri Fikri İşıkla da görüşüb. Görüşlər bağlı qapılar arxasında keçirilib.
Ərdoğandan Qərbə ittiham: "Mosul Türkiyənin olub”
Ərdoğan bəyan edib ki, hazırda İŞİD tərəfindən tutulan Mosul şəhəri vaxtilə Türkiyəyə aid olub. Ərdoğan bu barədə Bursada tərəfdarları qarşısında çıxış edərkən bildirib: "Anlamaq lazımdır ki, İraqda çox qədim şəhərlər var. Tarixdə Kərkük bizim şəhər olub, Mosul bizim idi”. Ərdoğan növbəti dəfə Qərb ölkələrini tənqid edərək deyib ki, onlar indiyədək İraq və Suriya üçün müsbət mənada heç nə etməyiblər.
Türkiyə Prezidentinin açıqlaması "Hizbullah”ı narahat edib
Terrorçu təşkilat olan "Hizbullah”ın lideri Həsən Nəsrullah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Mosul , Kərkük keçmişdə Türkiyənin idi” açıqlamasına etiraz edib. Nəsrullah Ərdoğanın çıxışını təhrif edərək Ankaraya ittiham irəli sürüb: "İraqlılar Mosul üçün döyüşür, qarşılığında Türkiyə gəlib "Mosul türkündür və Türkiyəyə geri verilməlidir” deyir. Hələbdə də eynisini edirlər. "Hələb bizimdir, Suriyanın deyil” deyirlər”.
İŞİD Mosul sakinlərindən "canlı qalxan” kimi istifadə edir
BMT-nin humanitar məsələlərinin koordinasiyası idarəsinin mətbuat katibi Yens Lerke bildirib ki, Mosulda döyüşlər seyrək məskunlaşmış rayonlarda keçirilir və əhalinin kütləvi şəkildə köçməsinə səbəb olmur: "Mülki əhalinin qorunması məsələsində ciddi narahatlıqlar qalmaqdadır, çünki sıx məskunlaşmış məntəqələr və şəhər rayonları yaxınlığında döyüşlər güclənməkdədir”. Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis isə bildirib ki, İŞİD terror qruplaşmasının yaraqlıları Mosulda sakinlərdən "canlı qalxan” kimi istifadə edir və onların şəhəri tərk etmələrinə imkan vermir. Onun sözlərinə görə, yaraqlılar dinc sakinləri onların iradəsinə qarşı şəhərdə saxlayır: "Son gündə də hər hansı bir dəyişiklik görməmişik. Camaat şəhəri tərk etmir, oradan qaçmır. Amma təbii ki, onların "canlı qalxan” kimi istifadə olunduğunu bilirik”. İŞİD silahlıları 2014-cü ilin iyunundan bugünə kimi 10 mindən çox Mosul sakinini qətlə yetirib. Terrorçular əhalisi 1,3 milyon nəfər olan şəhəri dağıdıb, yerli ərəblərə, xristianlara, yezidlərə, türkmənlərə və s. xalqlara divan tutublar.
"Türkiyənin bölgədəki nüfuzu artacaq”
Politoloq Qabil Hüseynli bildirib ki, Rusiyanın son zamanlar kürdlərin siyasi və silahlı qanadını müdafiə etməsi, ABŞ-ın gözünü açıb. Politoloq ABŞ müdafiə naziri Eşton Karterin Türkiyə səfərindən sonra türk tanklarının Suriyaya girməsini Vaşinqton və Ankara arasında Mosul əməliyyatı ilə bağlı razılıq əlaməti kimi dəyərləndirib: "Amerika PYD və onun silahlı qanadı YPG-ni müdafiə edir, onların İŞİD-ə qarşı mübarizədə müəyyən rolunun olduğunu düşünürdü. Bu kontekstdə ABŞ müdafiə nazirinin Türkiyəyə səfəri diqqət çəkir. Bundan öncə Türkiyə nümayəndə heyəti Vaşinqtonda oldu. Görünür, Türkiyə Amerikanı kürd terrorçu məsələsinə inandıra bilib. Fikrimcə, Amerikanın mövqe dəyişikliyində Rusiyanın da rolu var. O mənada ki, Rusiya Türkiyənin Suriya kürdlərinə qarşı savaşını pisləmişdi. Suriya rəhbərliyi bildirdi ki, əgər türk təyyarələri bölgədə kürdlər olan ərazilərə daxil olsa, dərhal məhv ediləcək. Əslində, Suriyanın özünün hava hücumundan müdafiə sistemi yoxdur və orada olan sistemlərin hamısı Rusiyanındır. Görünür, Rusiya kürdlərin siyasi və silahlı qanadını müdafiə etməyə başlayıb. Bu, Türkiyə ilə olan danışıqların ruhuna zidd olmaqla yanaşı, Amerikanın gözünü açan amildir. Amerika NATO-nun ən güclü cənub qanadı sayılan Türkiyəni itirmək istəmir. Eyni zamanda, Türkiyənin bu regionu yaxşı tanıdığını və güclü nüfuza malik olduğunu qəbul edir”. Politoloqun sözlərinə görə, Yaxın Şərq siyasətində Türkiyə ilə bundan sonra daha güclü əməkdaşlığın zəruriliyi Vaşinqtona indi daha yaxşı məlumdur: "Açığı, Amerika bir növ Türkiyənin Rusiyaya doğru meyillənməsini əngəlləmək istəyir. Ona görə də bu yolda Ankaranın tələblərini yerinə yetirməkdən başqa əlacı yoxdur. Bir sözlə, Yaxın Şərqdə baş verən çox ciddi dəyişikliklər qısa müddətdə Türkiyənin bölgədəki nüfuzunun artmasına ciddi təsir göstərəcək”.
İsmayıl