Türkiyə addım atır, biz oturub gözləməməliyik

Azərbaycanda da cinsi təcavüzə görə kimyəvi axtalanma üsulu seçilməlidirFazil Mustafa: “Cinsi təcavüz cəmiyyət əleyhinə yönəlmiş, cəmiyyəti təhdid edən ciddi bir təhlükədir. Məhz bu ağırlıq, bu təhdid nəzərə alınaraq cəzalar da sərt olmalıdır”
Lalə Mehralı: "Ən dəhşətli cinayəti edən - körpə uşağa təcavüz edən bu adamlar cəmiyyətdə rahatlıqla gəzə bilir, içimizdə yaşaya bilir və biz bir çox hallarda bundan xəbərsiz oluruq”
Adana və Antalyada azyaşlıların cinsi təcavüzə məruz qalması Türkiyə ictmaiyyətini ayağa qaldırıb. Uşaqlara qarşı seksual zorakılıq edənlərin kimyəvi xədim edilməsi tələbləri səslənir. Yaxın günlərdə müzakirəsi aparılacaq tələbin hökumət tərəfindən böyük ehtimalla qəbul ediləcəyi bildirilir. Uşaqlara qarşı cinsi zorakılığa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da kəskin mövqe bildirib və "uşağın bədənində və ruhunda açılmış yaralar bir insanı qəsdlə qətl etməyə bərabərdir” deyib. Türkiyənin ədalət naziri də cinayətkarlara kimyəvi xədim tətbiqinin yenidən bərpa edilə biləcəyini söyləyib. Xatırladaq ki, seksual manyaklara qarşı bu üsulun tətbiqi Türkiyə ədliyyə sistemində olub. Lakin ötən il Psixiatrlar Dərnəyi qərara yenidən baxılması təklifi ilə hökumətə müraciət edib. Lakin son zamanlar azyaşlılıra qarşı seksual xarakterli davranışların artması bu qərarın təkrar icraya yönəldilməsini vacib edir.
Cinsi istismarçılara sərt cəza!
Təəssüflə qeyd etməliyik ki, ölkəmizdə də azyaşlılara, yetkinlik yaşına çatmamış şəxslərə qarşı oxşar hallar, az da olsa baş verir. Nadir hallarda biz də hardasa hansısa əclafın uşaqlara qarşı seksual hərəkətlər etdiyi barədə məlumatlar alırıq. Təəssüf ki, insanlıq adına ləkə olan belə hadisələr bəzən məktəblərdə də baş verir. Paytaxtdakı məktəblərdən birində baş vermiş hadisə açıqca cinsi təcavüz idi. Demək ki, heç bir cəmiyyət bu cür cinayət əməllərindən sığortalanmayıb. Məhz azyaşlıların, uşaqların qurbana çevrilməsi nəzərə alınaraq bu cür cinayət əməlləri törədənlərə qarşı ən sərt cəzalar tətbiq olunması təklif edilir. Cəmiyyət belə əclafların ağır cəzalanmasını, hətta qətl edilməsini, ölüm hökmünün tətbiq edilməsini istəyir. Məsələn, bir neçə gün öncə Hindistanda həbsxanadan bir məhkum qaçırılaraq amansızlıqla qətlə yetirildi. Qətlə yetirilmiş şəxsin məhz pedofil olması, azyaşlıya qarşı cinsi istismar suçundan həbsdə yatdığı bildirildi. Məhbuslar pedofillə bir yerdə cəza çəkmək istəməyiblər. Qətlinə fərman veriblər, həbsxanadan qaçırıb qətlə yetiriblər. Təbii ki, bu cür hadisələrə "feodal dövrünün qanunlarıdır” deyə etiraz edənlər də ola bilər. Amma tarix göstərir ki, bəzən cəmiyyət özü cinayətkarı cəzalandırır. Bu halda cəmiyyətin hiddəti, qəzəbi önündə duruş gətirmək çətin olur.
Pedofillərə qarşı kimyəvi xədim cəzasının tətbiqi bu cinayətlərin azalmasına səbəb ola bilərmi?
Əvvəlcə, qısaca bunu bildirək ki, kimyəvi xədim üsulu cinsi həvəsin öldürülməsi məqsədilə tətbiq edilir. Şəxsə xüsusi dərmanlar verilir, yaxud vaxtaşırı iynə vurulur və bu vasitələrin təsiri ilə insanda cinsi həvəs ölür, aradan qalxır.
Bu da məlumdur ki, bəzi insan haqları təşkilatları cinayətkarın razılığı olmadan bu üsulun tətbiqinə qarşı çıxır və bunu işgəncə və insanlıqdan kənar hesab edirlər. Bəs o əclafların etdikləri insanlıqdan kənar deyilmi?! Onlar bir azyaşlı uşağın, bir yeniyetmənin həyatını məhv edəcək, sonra da bir neçə il həbs cəzası alıb həbsxanada dövlətin çörəyini yeyib, yenə quduracaqlar?! Fərqli düşünənlər də var. Bəzi tibb mütəxəssisləri bu fikirdədir ki, seksual manyaklar ruhi-psixi xəstə insanlardır. Cinsi təcavüzün cinsi həvəslə bağlılığı yoxdur və bu, həmin şəxsin üzləşdiyi şiddət və zorakılıqla bağlıdır. Bəzi mütəxəssislər iddia edir ki, kimyəvi xədim üsulunda tətbiq edilən dərmanlardan istifadə dayandırıldıqda əvvəlki təsiri itir.
Kimyəvi xədimliyin "tarixi”
"Tarix” 20-ci əsrin 50-ci illərinə dayanır. Bu üsul ilk dəfə 1952-ci ildə İngiltərədə o zaman üçün kompüter elminin yaradıcısı kimi qəbul edilən riyaziyyatçı Alan Turinqə qarşı, homoseksuallıqda ittiham olunduğuna görə istifadə edilib. Maraqlıdır ki, 2009-cu ildə İngiltərənin baş naziri Qordon Braun buna görə üzr istədi. Amma bu gün də kimyəvi xədim pedofillərə - uşaqlara qarşı cinsi istismar edənlərə qarşı bir çox ölkədə istifadə olunur. Məsələn, ABŞ-ın 7 ştatında bu cəza növü var. Kaliforniya ştatı kimyəvi xədim qərarını 1996-cı ildə qəbul edib və icrasına icazə verilib. Qərara görə, 13 yaşdan kiçik uşaqlara qarşı seksual istismar edildikdə bu cəza növü tətbiq olunur. Polşada bu üsul cinsi istismar cinayətlərində məcburi tətbiq edilir. Polşada məhkum cəzasını çəkib qurtardıqdan sonra ona qarşı bu üsulun tətbiqinə başlanılır. Bir də qələt edib, hərəkəti təkrarlamasın deyə. Rusiyada da kimyəvi xədim növü icra edilir. Bu ölkədə 14 yaşdan kiçik uşaqlara cinsi təcavüz edənlərə məcburi kimyəvi xədim tətbiq edilir. Eyni əməl təkrarlandıqda isə artıq ömürlük həbs cəzasına məhkum edilir. Cənubi Koreya, İndoneziyada da eyni cəza növü bəzi fərqliliklərlə tətbiq edilir.
Kimyəvi axtalanma vacibdir
Millət vəkili Fazil Mustafa "Şərq”ə açıqlamasında qatı cinayətlərdə cəzaların sərtləşdirilməsi tərəfdarı olduğunu və bu məsələnin Milli Məclisdə dəfələrlə qaldırıldığını bildirdi:
- Əsasən 3 kateqoriyada - azyaşlıların cinsi təcavüzə məruz qalması, hamilə qadınların və uşaqların qətlə yetirilməsində ən ağır cəza növünün tətbiqini vacib sayıram. Cinsi təcavüzə görə isə kimyəvi axtalanma üsulu vacibdir. Hesab edirəm ki, Azərbaycanda da bu istiqamətdə konkret addımlar atılmalıdır. Oturub gözləməməliyik ki, problem ağır forma alsın, sonra hansısa sərt qərarlar qəbul edək. Cinsi təcavüz cəmiyyət əleyhinə yönəlmiş, cəmiyyəti təhdid edən ciddi bir təhlükədir. Məhz bu ağırlıq, bu təhdid nəzərə alınaraq cəzalar da sərt olmalıdır.
Bəs uşaqlara cinsi təcavüz edənlərə, pedofillərə qarşı ölüm hökmü bərpa edilə bilərmi? F.Mustafa bunun indiki məqamda mümkün olmadığını vurğuladı:
- Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri var. Öhdəliklərdən biri də ölüm hökmünün ləğvidir. Şəxsən mən qatı cinayətkarlara, bir neçə şəxsi, körpələri, azyaşlıları, hamilə qadını qətlə yetirənlərə ölüm hökmünün tətbiqinin tərəfdarıyam. Lakin reallığı da qəbul edirəm ki, indiki vəziyyətdə bu, sadəcə, bir ideyadır.
F.Mustafa uşaqlara qarşı cinsi təcavüzün önlənməsində maarifçiliyin böyük əhəmiyyət daşıdığını dedi:
- Məsələn, Türkiyədə biz tez-tez müxtəlif məzmunlu sosial çarxların efirdə yayımlanmasının şahidi oluruq. Bizdə niyə bunlar yoxdur? Evdə valideynlər, məktəbdə müəllimlər uşaqlarla bu mövzuda müəyyən söhbətlər aparmalıdırlar. İnsanları doğru tərbiyələndirməyə çalışmalıyıq. Maarifləndirmə işlərinin aparılması üzərində düşünməliyik.
Məşhurlar sosial çarxlarda: əlbəttə, xaricdə
Qeyd edək ki, məlum olaylardan sonra Türkiyə telekanallarında məşhurların iştirakı ilə sosial çarxlar efirə verilir. Tanınmış aktrisa Bərgüzar Korel "Uşaqlara susmağı yox, danışmağı öyrədin” şüarı ilə valideynlərə müraciət edir və "uşaqlarınıza başa salın ki, heç kimin onların bədəninə toxunmaq izni yoxdur” deyir.
Azərbaycan efirində də şouların ardı-arası kəsilmir. Biz bu növ sosial reklamları yalnız xarici telekanallarda izləyirik.
"Kimyəvi xədimlik çox yüngül cəzadır”
Sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında maarifləndirici və təbliğat xarakterli sosial çarxların azlığından gileyləndi və kimyəvi xədimliyin uşaqlara qarşı işlənən bu iyrənc cinayət qarşılığında çox yüngül cəza olduğunu dedi:
- Kimyəvi xədimlik məsələsini insanlığa zidd əməl kimi qiymətləndirənlər çoxdur, amma onları bir anlıq təcavüzə məruz qalmış uşağın və onun valideynlərinin yerində olmağa çağırıram. Mən bu kimi cinayətə görə xədimliyi çox humanist addım hesab edirəm, belə insanları edama məhkum etmək lazımdır. Ən dəhşətli cinayəti edən - körpə uşağa təcavüz edən bu adamlar cəmiyyətdə rahatlıqla gəzə bilir, içimizdə yaşaya bilir və biz bir çox hallarda bundan xəbərsiz oluruq. Bu cinayətkarlar hüquqi cəzalandırılsa, biri digərinə görk olar. Türkiyədə bu cinayətlər dəhşətli dərəcədə çoxdur, sanki orda insanlar daha da korlanıb, mətbuata çıxmayan nə qədər hal var. Uşaq qorxur, ailəsinə demir, gizlədir və beləcə bilmədən o cinayətkarı qorumuş olur. Ona o pisliyi etmiş məxluq isə rahatca həyatını yaşayır. Türkiyənin vəziyyətində edam cəzasını bərpa etmək mümkün deyil, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ciddi təzyiqlərə məruz qalacaq, amma xədim etmək məsələsini gündəmdə saxlamaq lazımdır. Təbii ki, layiqli və ağırlaşdırılmış həbs cəzası ilə paralel olaraq. Qaldı ki, uşaqların məlumatlandırılması məsələsinə, hansımız uşağımıza başına belə bir şey gələcəyi barədə xəbərdarlıq edə bilirik? Bu bizim düşünəcəyimiz ən son şeydir, övladımızla bunu danışmaq ölüm qədər ağırdır. Onlara öz bədənini qorumağı, yadlara qarşı diqqətli olmağı öyrədirik, amma bütün çılpaqlığı ilə danışa bilmirik. Axı 4-5 yaşlı uşaq üçün bunu anlamaq imkansız bir şeydir. Uşaqlar üçün təhlükəsiz cəmiyyət qurmaq lazımdır, onları cəmiyyətdən təcrid etmək yox.
Məlahət Rzayeva