Türkiyə “Akkuyu” nüvə stansiyasında silah istehsal edə bilərmi ? - Şərh





"Türkiyə "Akkuyu” nüvə stansiyası layihəsinin arxasında özünün nüvə niyyətlərinin reallaşmasını görür”.

Bunu "Sherg.az”a Türkiyədə yaradılacaq ilk nüvə stansiyasının mahiyyətindən danışarkən politoloq Tofiq Abbasov deyib. 

O vurğulayıb ki, hələlik Türkiyədə nüvə silahının istehsal edilməsi müzakirə olunmur:

"Bu stansiya Türkiyənin artmaqda olan elektrik enerji tələbatını ödəyəcək obyektdir. Belə formatlı layihələr həm böyük vəsait tələb edir, həm də yeni texnologiyaların istifadəsini önə çəkir. Rusiya isə həmin bazarda aparıcı oyunçulardan birinə çevrilib. Lakin qeyd etdiyim kimi, hələlik nüvə istehsalından söhbət getmir.

Bu cür obyektlərin istifadəyə verilməsi Rusiyanın xarici ölkələr üçün əhəmiyyətini artırdığına görə, Qərbi də qıcıqlandırır. Buna baxmayaraq, Rusiya özü üçün əlverişli, vacib olan layihələr üzərində çalışır, müttəfiqlər siyahısını genişləndirir”.

Qeyd edək ki, Türkiyə baş naziri Binəli Yıldırımın sözlərinə görə, gələn həftə Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək. O deyib ki, Rusiya lideri türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla birgə Türkiyədə " Akkuyu" nüvə stansiyasının təməl daşını qoyacaqlar.

Məlumat üçün bildirək ki, "Akkuyu" Türkiyədə yaradılacaq ilk nüvə stansiyası olacaq və 2023-cü ilə qədər istifadəyə veriləcək. Stansiyanın inşasına 20 milyard dollar (16 milyard avro) xərclənəcək. R.T. Ərdoğan bu layihəni müasir Türkiyə üçün ən yaxşı layihələrdən biri kimi dəyərləndirir.

Aysel Aslan